Yuxarı

Oleariusu valeh edən, Fətəli şahın dağıtdığı şəhər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az “Güney Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində Zəncan əyalətinin Sultaniyyə mahalı haqda məlumatı təqdim edir:

Coğrafi mövqeyi və inzibati bölgüsü

Zəncan əyalətinin tarixi yerlərindən olan Sultaniyyə mahalı 2013-cü ildə şəhər statusu alıb. Bölgə 940 kv.km ərazi ilə dəniz səviyyəsindən 1880 metrə yüksəklikdə, əyalət mərkəzi Zəncan şəhərinin 47 kilometr şərqində yerləşir. Yan Bulaq və Ağdağ dağları Sultaniyyə şəhərinin şimal və cənubunda qərar tutub.

Əhalisi, adının etimologiyası, inancı

2016-cı ilin statistikasına görə, bölgə əhalisinin sayı təxminən 30 min nəfərdir. Əhalinin əksəriyyətini Azərbaycan türkləri təşkil edir və Azərbaycan türkcəsində danışırlar.

Tarixi qaynaqlara və Assur padşahlarından qalan kitabələrə əsasən, eradan əvvəl 8-ci yüzillikdə burada döyüşkən sakarti tayfası yaşayıb. Sultaniyyə Midiya dövründə “Ardiba” adlanıb, parfiyalılar isə ona özlərinin ilk hakimlərinin adı ilə “Arsas” deyiblər.

Sonralar dağılaraq yoxa çıxan şəhər ikinci dəfə Elxanilər dövründə yenidən inşa edilib. Tarixi qaynaqlara görə, Elxanilər Təbrizi paytaxt seçdikdən sonra geniş, yaşıl Sultaniyyə düzənliyini özlərinin yaylağı və ov yeri ediblər. Buna görə də Sultaniyyə “Qunqur Olang” (Qırğı ovlağı) adı ilə tanınıb. Sultaniyyənin tikilişində və yeni məhəllələrin salınmasında Xoca Fəzlullah və Çələbi Oğlunun böyük xidmətləri olub. Hazırda Çələbi Oğlunun məqbərəsi də burada yerləşir və bölgənin tarixi abidələrindən hesab edilir.

Teymur sarayında olan Kastiliya səfiri Klavixyo 1404-cü ildə Sultaniyyəni ziyarəti zamanı şəhər haqqında yazır:

“İyun ayının 26-da günortadan sonra böyük Sultaniyyə şəhərinə çatdıq. Burada Miranşah bizi gözləyirdi. Sultaniyyə şəhəri geniş bir düzənlikdə yerləşir. Şəhərin ortasında daşdan tikilmiş və çoxsaylı bürcləri olan möhtəşəm saray mövcuddur. Bu bürclərin hər birində bir top yerləşdirilib. Sultaniyyə böyük şəhər olsa da, Təbriz boyda deyil”.

Səfəvilər dövründə şəhərin əvvəlki əhəmiyyəti azalsa da, Təbrizlə Səfəvi şahlarının yaylaqları arasında yerləşməsinə və mühüm dayanacaq yerlərindən biri olmasına görə əhəmiyyət daşıyıb.

17-ci əsrin birinci yarısında Sultaniyyəyə səfər edən avropalı səyyah Adam Olearius öz xatirələrində şəhərin möhtəşəm binaları, bürcləri və hündür saraylarına görə uzaqdan daha valehedici göründüyünü yazır.

1837-ci ildə baş verən zəlzələ zamanı Sultaniyyə şəhəri və onun bir çox tarixi abidələri, böyük sarayları demək olar ki, tamamilə dağılıb. Bundan başqa, Qacarlarla Rusiya arasındakı savaş dönəmində Fətəli şah Sultaniyyəni özünün hərbi qərargahı seçir. Bu da şəhərin daha çox dağıntıya məruz qalmasına səbəb olur.Həmin dövrdə Fətəli şah Sultaniyyənin yaxınlığında özünə yeni iqamətgah tikdirmək üçün Olcaytu Xudabəndə türbəsini sökdürərək, onun materiallarından istifadə edilməsinə göstəriş verib ki, bu da abidənin ciddi zərər görməsi ilə nəticələnib.

İqtisadiyyatı, məşğulluğu

33 kəndi olan və sənaye baxımından inkişaf etməyən Sultaniyyədə əhalinin əsas məşğulluğu əkinçilik, heyvandarlıq və əl işləri sənayesidir. Şəhər mühüm tarixi abidələrinə görə də Zəncan turizminin mərkəzində yerləşir. Bundan əlavə, Sultaniyyə ölkənin şimal-qərbində (Tehran-Zəncan-Bazarqan yolundan dörd kilometr məsafədə) beynəlxalq tranzit yolunun marşrutu üzərində olduğuna görə xüsusi strateji mövqeyə malikdir.
Burada xüsusilə əhəmiyyətli tarixi abidələrin, o cümlədən, UNESKO-nun beynəlxalq mədəni irs siyahısına salınan, dünyanın kərpicdən tikilən ən böyük günbəzi - Sultaniyyə günbəzinin yerləşməsi daxili və xarici turistlərin diqqətini cəlb edir. Bu isə bölgə əhalisinin turizm sektorundan, restoran, hotel və digər sahələrdən gəlir əldə etmələrinə səbəb olub.

Təbiəti, gəzməli-görməli yerləri və tarixi abidələri

- Olcaytu Xudabəndə türbəsi (Sultaniyyə günbəzi)

Bölgənin ən məşhur tarixi abidəsi Olcaytu Xudabəndə türbəsi maraqlı quruluşuna görə Azərbaycanın orta əsr memarlığında çox mühüm əhəmiyyətə malikdir. Türbə XIV əsrə aid nadir Azərbaycan memarlıq abidəsi hesab edilir.

Tədqiqatçılar türbənin əsas günbəzinin ətrafında yerləşən, bir növ kontrfors vəzifəsini daşıyan minarəşəkilli qurğuları, eləcə də mərkəzi günbəzin ikiqat quruluşunu diqqətlə öyrəniblər. Sonralar İtaliyada intibah dövründə təsadüf etdiyimiz bu quruluş bəzi tədqiqatçıların, xüsusən, O.Şirazinin dediyinə görə, məhz Olcaytu Xudabəndə məqbərəsi ilə əlaqədardır. Olcaytu Xudabəndə məqbərəsi ilə Mərvdəki Sultan Səncər türbəsinin kompozisiya quruluşu və ümumi dekorativ həlli tamamilə fərqli olsa da, mənşə etibarilə onlar arasında müəyyən əlaqə var. Olcaytu Xudabəndə türbəsinin daxili bəzəklərində gəcdən oyma və kaşı ilə örtülmüş son dərəcə zəngin təsvirləri olan ornament quruluşu diqqəti cəlb edir.

Türbənin səkkizvəchli korpusu səmərəli işıq-kölgə oyunu yaradan çoxmərtəbəli stalaktit karnizlə tamamlanıb, təməli isə açıq oxvari sıra tağlarla əhatələnib. Onun küncləri günbəzin həcmini çalarlandıran, öncə firuzəyi kaşı ilə zəngin şəkildə bəzədilmiş bitkin minarələrlə qabardılıb. Olcaytu türbəsi Yaxın Şərq ölkələrinin günbəzli türbələri arasında önəmli yer tutur.

Tağbənd qurmanın ən mühüm nailiyyətlərindən biri Olcaytu Xudabəndə günbəzidir. Onun konstruksiya həllində qotika üslubunu xatırladan Günbəd-i-Surx və Mömünə Xatun türbələri konstruksiyalarında qeydə alınan xüsusiyyətlər nəzərə çarpır.

Sultaniyyə günbəzi 6 yanvar 1932-ci ildə 166 qeydiyyat nömrəsi ilə İranın milli əsərlər siyahısına salınıb və 15 iyul 2005-ci ildə isə UNESKO-nun Dünya İrs Siyahısında qeydə alınıb.

- Daşkəsən məbədi

Yaxud Əjdaha məbədi də adlandırılan, Sultaniyyə şəhərindən təqribən 15 kilometr cənub-şərqdə, Vir kəndinin kənarında yerləşən qaya-tikilidir. Daşkəsən daş məbədi Elxanilər dövrünə aiddir.

- Çələbi Oğlu türbəsi

Türbə Sultaniyyədən beş yüz metr cənub-qərbdə, Sultaniyyə-Xudabəndə yolunun üstündə yerləşir. Bəzi arxeoloqlar və tədqiqatçılar bu kompleksin Mövlanə Ruminin müridlərindən olan Sultan Çələbiyə aid olduğunu deyirlər.

- Şah bulağı

Qaynar bulaq olan “Şah bulağı” Sultaniyyənin 9 kilometrliyində yerləşir və bölgənin ən görməli yerlərindən biri sayılır.

- Vir kəndi

Bölgənin qədim və tarixi kəndlərindən biridir. Geridə qalan tarixi abidələr bu kəndin keçmişdə mühüm və diqqətəlayiq mövqeyə malik olduğunu göstərir. Kənd cənub-şərqdən Konq Dareh dağı, cənub-qərbdən isə Sarı Daş dağı ilə həmsərhəddir. Sultaniyyənin məşhur yerlərindən biri olan bu kənd dəniz səviyyəsindən 1925 metr yüksəklikdə yerləşir. Daşkəsən məbədi də kəndin yaxınlığındadır.

- Nur təpəsi

Parfiya dövrünə aid olduğu bildirilən təpədə tikililər, qala qalıqları və kurqanlar aşkar edilib. Son arxeoloji fəaliyyətlərdə 1.8 hektar ərazini əhatə edən Nur təpəsində eramızdan əvvəl 4-cü minilliyin əvvəllərinə aid edilən qədim yaşayış məskənlərinin əlamətləri aşkarlanıb.

Təpədən əldə edilən saxsı qablar burada eradan əvvəl yaşayış məskənlərinin mövcudluğunu göstərir.

Bununla yanaşı, burada nəhəng on iki bucaqlı binanın bünövrəsi tapılıb ki, bu da Olcaytunun məzarı kimi qübbəli qüllədir. Burada dəhlizlər, pilləkənlər, bəzək əşyaları və günbəz qalıqları aşkarlanıb. Dağılmış memarlıq əsərinin Olcaytonun böyük qardaşı Qazan xanın türbəsi olduğu ehtimal olunur.

- Qarabulaq karvansarayı

Hazırda demək olar ki, tamamilə dağılmış karvansarayın Parfiya dövründə inşa edildiyi bildirilir.

- Molla Həsən Kaşi türbəsi

Türbə 14-cü əsr Azərbaycan ariflərindən olan Molla Həsən Kaşinin məqbərəsidir. Şah Təhmasib tərəfindən tikdirilən abidə Qacarlar dönəmində yenidən qurulub.

- Salar hamamı

Qacarlar dövründə inşa edilən hamam Olcaytu türbəsinin yanında yerləşir. Hamam onu inşa etdirən Seyfəli xan Kələntərin (Salar xan) adını daşıyır.

- Sultaniyyə əl işləri sənayesi bazarı

Öz növündə İranda ən böyük bazarlardan sayılan əl işləri sənayesi bazarı Sultaniyyə günbəzinin yanında yerləşir. Burada bölgənin əl işləri sənayesi nümunələri sərgilənir.

Həmçinin, Sultaniyyədə Hasar, Xan sarayı, Məktəbxana, Həkimxana, Qonaqxana, Bəylər evi, Xangah, Kitabxana, Yasa evi, Divanxana, Cümə məscidi kimi tarixi abidələr mövcuddur.

Bunlardan bəziləri günümüzə gəlib çıxsa da, bir çoxu dağıdılıb və ya tamamilə yox olmaq üzrədir.

Tarix
2023.06.13 / 08:00
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi

Onlar Prezidentə başsağlığı verdi

ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto

Təyyarəmiz bu sistemlə vurulub - Təcili

Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir

Nalçik yaxındır, təyyarəni niyə Aktauya göndərdilər?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla