Xalq şairi, Əməkdar incəsənət xadimi Fikrət Qocayla
müsahibəmiz şairin iş otağında baş tutdu. Hər gün sevə-sevə AYB-ə
gəldiyini deyən şair bu gün də şux görünürdü.
Heç vaxt heç kimə boş ümid verməmişəm
- Fikrət bəy, artıq neçə ildir ki, eyni qurumda, eyni
vəzifəni icra edirsiniz. Bu sizə yorucu gəlmir ki?
- Əsla, buraya hər gələn adam özü ilə yeni hava gətirir.
Birlikdə müzakirələr edirik. Ədəbiyyatdan danışırıq, gənc yazarlara
münasibət bildiririk. Bu mənim həyatımın bir hissəsinə çevrilib.
İnsan insan görəndə sanki nəfəs alır, yenilənir. Ona görə də heç
vaxt işimdən darıxmamışam. Bu, işdir. Heç vaxt əbədi ola bilməz.
Ola bilsin gün gələr, işimdən gedərəm. Mənim həm az, həm də çox
işlədiyim yerlər olub. Bunların sırasına "Qobustan" jurnalı, radio
və s. aiddir. "Azərbaycan gəncləri" adlı məşhur qəzetdə də
işləmişəm. Və heç bir vaxt hər hansı bir tapşırığı həyata
keçirməmişəm. Yerinə yetirdiyim hər zaman ürəyimin tapşırığı
olub.
Bacarmadığım işlər üçün kiməsə ümid verib, onu məyusluğa
uğratmamışam. Boşuna verilən ümid birini boşuna gözlətmək kimidir.
Mən əlimdə olan imkanlar ilə yaxşılıqlar etmişəm. Amma heç kimə
boşuna ümid verməmişəm. Çünki mən bunu bacarmıram. Mən pislik edən
heç kimi qınamıram. Bu onların bacardıqları yeganə bir şeydir. Mən
isə bunu bacarmıram.
Yaza bilməyənlər acığını Anardan çıxır
- Ədəbiyyatın inkişafında qurumların rolu
varmı?
- Ədəbiyyatı qurum inkişaf etdirmir. Ədəbiyyat özü inkişaf
etməlidir. O, sadəcə bir qurumda toplanır. Əvvəllər qurumun adı
İttifaq idi, biz onu dəyişib Birlik etdik. Bu o anlama gəlir ki, bu
birlikdə heç bir vəzifə fərqi yoxdur. Hər kəs eyni adamdır.
- Son zamanlar ədəbiyyatda qalmaqallar yaşanmaqdadır.
Sizin baş verənlərə münasibətiniz necədir? Ədəbiyyatda bunlara
ehtiyac varmı?
- Əlbəttə, olmasa yaxşıdır. Amma onsuz da olmur. Əgər biri əsər
yazmaq istəyir, amma alınmırsa, onun acığını Anardan çıxır. Niyə o
yazıb, mən yazmamışam? Əlbəttə, Anar ona qarşı səslənən ittihamlara
cavab verməlidir. Çünki bizim tariximiz var. Anar düşünür ki, əgər
mən bunun böhtanına cavab verməsəm, gələcək nəsillərə qaranlıq
məsələ qala bilər ki, həmin nəsillər də Anarın susmasına görə qarşı
tərəfi haqlı qəbul edərlər. Bu qalmaqallar müəyyən hay-küy yaradır
ki, hay-küy də bəzilərinə sərf edir. Səbəb isə ortada bəzilərinin
adlarının çəkilməsidir.
- Hay küy ən çox kimlərə sərf edə bilər?
- Təbii ki, boş adamlara.
- Sizcə, söz sərraflarının mübahisəsinin bəsit
cümlələrlə ifadə olunması düzgündürmü?
- Baş verən bütün hadisələr qarşılıqlıdır. Gedən olmasa, gələn
də olmaz. Bu cür qalmaqallı yazıların hansı qəzet, media
orqanlarında getdiyinə nəzər salsanız görərsiniz ki, hər biri
qeyri-ciddi media orqanlarıdır.
İndi isə Əkrəm onu söyür
- Fikrət bəy, sizcə yaşlı nəslin yazar nümayəndələri
mübahisələri ilə gənc yazarlara necə örnək ola
bilərlər?
- Ədəbiyyat elə bir sahədir ki, burada heç nə nə kömək, nə də
ki, mənfi təsir edə bilər. Hər kəs ədəbiyyatı düşünərək yaradır.
Baş verənlər heç bir təsir göstərə bilməz. O ki qaldı Anar bəylə
Əkrəmin mübahisəsinə, Anar yazan, işləyən yazıçıdır. Təkcə bu il
onun iki irihəcmli kitabı çıxıb. Neçə roman, ssenari müəllifidir.
Amma bəzi insanlar yaradıcılıqdan başqa hər iş görür. İşsiz
olduqları üçün hər gün bir nəfərə atmaca atıb, başlarını qatırlar.
Onların yaradıcı insanlara toxunması ədəbiyyatda fasilələrə səbəb
olur ki, bu da bizə zərərdi. Bizim Birlikdə hər kəs ali təhsilli
insandı. Bu da o anlama gəlir ki, hər kəs hər şeyi bilir. Amma
bilə-bilə yenə də danışırlar.
Mən Əkrəmlə Anarın münasibətlərinə qarışmaq istəmirdim. Çünki
Əkrəmlə eyni universitetdə oxumuşuq. Onunla guya dost idik. Adam
gərək bu yaşda dost itirməsin. Əkrəmə Anarın atası Rəsul Rza
olduqca çox kömək edib. Rəsul müəllim həmişə onu müdafiə edirdi.
İndi isə Əkrəm onu söyür. Təhqiramiz sözlər deyir. Hələ övladı,
həyat yoldaşına dediyi sözləri demirəm. O cür nəslin nümayəndəsi
haqqında belə cümlələr işlədən insan əlbəttə ki, yaxşı adam ola
bilməz.
Heydər Əliyev hər birimizin sevdiyi şəxsiyyətdir. Əkrəmin
yazdığı "Daş yuxular" isə Heydər Əliyevə hesablanmış bir əsərdir.
Hansı ki, Heydər Əliyevdən onun qədər istifadə edən adam olmayıb.
Əkrəm Əylisli çox ərköyünlük edib. Heydər Əliyev İstiqlal ordeni
verdi ona. Şöhrət ordeni verəndə isə Əkrəm ərköyünlük etdi ki, yox,
istəmirəm. Heydər Əliyev vəfat edəndən sonra da "Daş yuxular"ı
ərsəyə gətirdi. Bu, doğru hərəkətdirmi?
O onu bədii əsər adlandırır. Amma heç də bədii əsər deyil. Bədii
əsər söyüş deyil ki... Yazıçılar gərək birinci növbədə özlərini,
özlərinin adlarını qorusunlar. Onlar göz qabağındadır. Onlara
millət baxır. Əsərlərinin oxucuları var. Yazar dediyin sözlərinə
diqqət etməyi bacarmalıdır. Əkrəmdə olan xüsusiyyət isə heç də
yaxşı xüsusiyyət deyil.
Mən elə söz işlətməmişəm
- Fikrət bəy, yazarların sözlərinə toxunmuşkən, siz
müsahibələrinizin birində belə söz işlətmisiniz "Əkrəm getsin,
kimin ayağını yalayırsa, yalasın". Bəs bu sözü necə oldu ki,
işlətdiniz?
- Mən elə söz işlətməmişəm. Bu mənim leksikonuma uyğun deyil.
Amma o roman haqqında ola bilər. Çünki mən o romanı oxuyanda
təəssüf hissi keçirdim. Gözləmədiyim, mənim üçün ağır olan bir şey
ilə qarşılaşdım. Romanda olduqca yalana yol verilib. Yalan olan
yerdə isə ədəbiyyat yoxdur. Bu yalanlar yazıçı qələminə
yaraşmır.
Ətrafımda toplaşan o qədər insan var ki...
- Fikrət bəy, ətrafınızda olan insanlardan hansısa
məqsədlərinə görə yanınızda olanları heç hiss
etmisinizmi?
- Cəmiyyətdə, ətrafımda bu cür insanlar çoxdu. Ətrafımda hansısa
məqsədlərinə görə toplaşan o qədər insan var ki. Mən o cür
insanların nə istədiyini anlayıram.Onlara da izah edirəm ki, sənin
istədiyin bizdə yoxdu. Ya da ki, sən buna layiqsən, ya da ki yox.
Amma onların nə istədiyini və ya adlarını çəksəm, mən də oluram
onların tayı. Mən yalançı təriflərə uyan biri deyiləm. Mən hansısa
bir tərifə görə yaxşılıq etmirəm. Gücüm çatan və layiqli insanlar
bacardığımı əsirgəmirəm.
- Daha çox ətrafınızda dostlarınız var, yoxsa
məqsədgüdənlər?
- Mənim ətrafımda onsuz da elə çox adam yoxdu. Mən özümü dənizdə
adi balıq hiss edirəm. Bilirəm ki, gəlmişəm, gedəcəm. Mən bunu hələ
dünyaya gələn gündən bilirəm. Əvvəl-axır dünyanı hər kəs tərk
edir.
- Dediniz ki, ətrafınızda insanlar azdır. Özünüz yaxın
buraxmırsınız, yoxsa onlar yaxın gəlmək istəmir?
- Sadəcə, mən zərurət yaratmıram. Əgər onları qapı arxasında
saxlasam, orda uzun növbə yaranar. Mən hər kəsə sözünü deyib, getmə
şansını verirəm.
Şairlik içdən gələn qızdırma kimidir
- Dəfələrlə bəzi yazarlarla söhbətimdə mənə belə sözlər
deyilmişdi. Onlar layiq olduqları halda AYB-ə üzv olmamaqda,
onların qol-qanadlarının sındırılmasından şikayətlənirdilər. Hətta
bütün günahın Anar bəydə olduğunu deyənlər də var idi. Sizcə, layiq
ola-ola bu yerə sahib olmayanlar çoxluq təşkil edirmi?
- Ola bilər. Buna səbəb isə öz səhvləridir. Yəqin onlar zəif
yazılarını təqdim ediblər. Ona görə də birliyə üzv ola bilməyiblər.
Amma bundan sonra onların qol-qanadı qırılıbsa, demək, onlar şair
deyilmiş. Şairlik içdən gələn qızdırma kimidir. Mən bunu qızılca
xəstəliyinə bənzədərdim. Şairlik də belə bir şeydir. Bu 10
kilometrlik yarış deyil. Döyüşdür. Ömürlük bu yoldasan. Əsl şair
uşaqları çörək tapmayıb ac olanda, o başqa işlə məşğul olmur,
oturub şeir yazmağına davam edir.
- Adam necə şair olur?
- Şairlik elə bir sahədir ki, hər kəs ömrünün gənclik çağında
bunu yaşayır. Əksəriyyət şair kimi olur. Şeirlər yazır. Məhəbbət
gəlir, ardınca onun hərarəti və sən yazırsan. Artıq evləndikdən
sonra bu hisslər yekunlaşır. Övladın olandan sonra isə şairliyin
yekunlaşdığını görürsən. Şairlik yalnız məhəbbətdən yarana bilər,
nifrətdən yox. Elə buna görə də hamı şair ola bilmir. Əgər hamı
şair olsaydı, şeirin qiyməti qalmazdı.
- Heç özünüzdən "mən niyə şair oldum"
soruşmamısınız?
- Vallah, mən bu ağılla, bu başla ancaq şair ola bilərəm.
(Gülür) Əvvəllər fikirləşirdim ki, bu nədi axı? Çünki şeirə görə
insanın yaşayışı heç vaxt yaxşı ola bilməz. Xüsusən də gənclik
illərində. Amma görürəm ki, bu mənim xasiyyətimə uyğun peşədir.
Müsavatın üzvü olsaydım, yaxşı şair olacaqdım?
- Fikrət bəy, sizcə, partiyalı şairi o birilərindən
fərqləndirən nədir?
- Sarayda o qədər güclü şairlər olur ki... Bu cür söhbətlər
boşdur. Dahi Nizami şeirlərini sifarişlə yazıb, nə olsun? Mən,
əvvəla, heç bir partiyanın üzvü deyiləm. Guya "Müsavat"
partiyasının üzvü olsaydım, yaxşı şair olacaqdım? Ədəbiyyat
oxumayan adam adını siyasətçi qoyur. Mən şeirimi başa düşən adam
üçün yazıram. Onları yazanda demirəm ki, bunu "Müsavat" oxumasın.
Mənim şeirlərim YAP-da çox oxunursa, mən nə edim?
Prezident 50 nəfər yaşlı, 20 nəfər gənc yazıçıya təqaüd ayırıb.
Yaşlı şairlər 300, gənclər isə 200 manat təqaüd alır. Bu, pis
şeydirmi bəyəm? Dünyanın heç bir yerində yazıçılara təqaüd
vermirlər. Amma biz sağ ol demək əvəzinə, pulun azlığından
gileylənirik. Əgər bir adam pula görə yazırsa, o heç yazmasa
yaxşıdır. Ondan yazıçı olmayacaq.
- "Bu vəfasız dünya elə gözəldi, Deyirəm bəlkə bir gün
düzəldi..." Bu misraları yazarkən ən çox nələrin düzəlməsini
istəmişdiniz?
- Ancaq insanların. Bizə düşmən heç nə edə bilməz, əgər hamımız
bir insan olsaq. Bizdə müəyyən insani problemlər olmasa, cənnətdə
yaşayarıq. Onsuz da cənnətdə yaşayırıq, amma bunu cəhənnəmə
çevirmək istəyənlər var.
- "Müxalifət deyir:
Bunların hamısında
Günahkar iqtidardı.
Deyəsən dünyada
Hamının yeri dardı.
Yer üzü böyük bir bazardı.
İqtidar da deyir:
Müxalifət günahkardı..." - sizin bu misraları oxuyandan
sonra sual yaranır: bəs günahkar kimlərdi?
- Günahkar bizim içimizdə gizlənən paxıllıqdır. Bütün
müharibələr də bundan başlayır. Mövlənanın gözəl bir deyimi var. O,
bir-biri ilə dalaşan insanları bir süfrə arxasına yığaraq, hər kəsə
bir metr uzunluğunda qaşıq verir. Hər kəs o qaşıqla yemək yeməyə
çalışır. Amma yeyə bilmir. O, adamlara deyir ki, gərək mütləq
özün-özünü yedizdirəsən? Sən qarşındakını yedirt, o da səni
yedirtsin. Bəli, ancaq belə mehriban olmaq olar. Əgər müxalifət
dövləti yaxşı idarə edə biləcəyini iddia edirsə, Qarabağı azad
etməyin yolunu bilirsə, niyə iqtidarla bölüşmür ki? Axı nə fərqi
var? Dövlətimiz deyilmi? Hər şey paxıllığın əlamətidir. Nə etmək
olar, insanlardır...
- İnsanlardır demişkən, sizin "Azərbaycan bayrağına"
şeirinizdə belə misra var: Bazarda ən ucuz olan insandır.
Doğrudanmı belədir?
- Bəli. Çünki insan dediyin bütün əşyalarını, top-tüfəngini
qoruyur, amma insanı, insanlığı qorumur. Deməli, bazarda ən ucuz
şey insandır.
Mən ölümə fərqli yanaşıram
- Şairlik sizdən nələri qopartdı?
- Daha nə verəcəklərdi ki, guya mənə? Bu yaşdan sonra nə qazana
bilərəm ki, ölüb gedəcəm. Mən ölümə fərqli yanaşıram. Hər kəsin
içində enerji olur ki, biz buna ruh deyirik. Sanki bir ipəkqurdu.
İpəkqurdu da öz kəfənini toxuyur, amma o kəfəndən kəpənək kimi
yenidən həyata qayıdır. Kəpənək isə uçub toxumlarını qoyur ki,
yenidən ipəkqurdu yaranır. Ölüm yoxdur, sadəcə, insanlar rəngini
dəyişir. Buna görə də mən ölümə fərqli yanaşıram.
- Keçmişdə buraxdığınız və heç vaxt xatırlamaq
istəmədiyiniz səhvlər olubmu?
- Biz dünyaya hazır gəlmirik. Hər birimiz yaşadığımız dövrdə
buraxdığımız səhvlərlə öyrənirik. Gərək geri baxmayaq, ancaq irəli
gedək. Bu yolda isə bizi yeganə həqiqət gözləyir. Onun da adı
ölümdür. Biz dünyaya gələn gündən, ta ölənədək ölüm üçün məşq
edirik. Hər yatdığımızda yarı ölürük. Əgər sabaha bizi gözləyən heç
nə qalmayıbsa, bu yuxudan oyanmamaq olar, yox əgər varsa, mütləq
oyanmalısan. Mənim isə sabaha hələ çox işim var:
Qorxmuram mən ölümdən,
Qorxuram ki, mən ölmək lazım gələndə,
ölə bilmərəm...