Martın 4-də Bakıda Azərbaycanın xarici işlər nazirinin
müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin İtaliyanın
"Sandro Teti" nəşriyyat evində italyan dilində çapdan çıxmış "Bir
səfirin manifesti" kitabının təqdimatı olub.
Azərtac xəbər
verir ki, mərasimdə rəsmi şəxslər, ictimai-siyasi xadimlər, elm
adamları iştirak ediblər.
İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo kitab
haqqında danışıb, səfir Hafiz Paşayevin Azərbaycanın müstəqilliyini
bərpa etdikdən sonra xaricdə ölkəmizin təmsil olunması, düzgün
tanıdılması istiqamətində mühüm işlər gördüyünü vurğulayıb.
İki ölkə arasında sürətlə inkişaf edən əməkdaşlıqdan danışan
Ciampaolo Kutillo Azərbaycan Prezidenti İlham Əliyevin və
İtaliyanın Baş naziri Matteo Renzinin səmimi münasibətləri
sayəsində bu əlaqələrin daha da genişləndiyini qeyd edib.
Heydər Əliyev Fondunun İtaliyada mənəvi dəyərlərin qorunmasına
böyük dəstək verdiyini bildirən səfir Fondun prezidenti Mehriban
Əliyevaya minnətdarlığını bildirib.
Hafiz Paşayev çıxış edərək "Bir səfirin manifesti"nin ərsəyə
gəlməsinin tarixçəsindən söhbət açıb, nəşrdə real faktlarla yanaşı,
öz daxili hisslərini və düşüncələrini qələmə aldığını bildirib.
Müstəqilliyinin bərpasından sonra Azərbaycanın ABŞ-da ilk səfiri
olduğunu xatırladan Hafiz Paşayev diqqətə çatdırıb ki, kitabda bu
iki ölkə arasında münasibətlərin yaranması və inkişafına dair
mülahizələr toplanılıb. O vurğulayıb ki, yaxşı diplomat ilk növbədə
ölkəsinin güclü təbliğatçısı olmalıdır. Səfirlər öz memuarlarını
qələmə almaqla gələcək diplomatlar üçün dəyərli vəsait hazırlamış
olurlar.
Hafiz Paşayev kitabın bu yaxınlarda İtaliyada keçirilən
təqdimatından da danışıb. O, kitabın əslində italyanların da ABŞ
haqqında məlumat alması üçün əhəmiyyətli olduğunu bildirərək səfir
üçün iki ölkənin mədəniyyətlərini bir-birinə yaxınlaşdırmağın
vacibliyini vurğulayıb. Hafiz Paşayev ADA Universiteti ilə səfirlik
arasında əməkdaşlığın bundan sonra da davam edəcəyini deyib. Qeyd
edib ki, ADA Universiteti İtaliyanın bir sıra təhsil ocaqları ilə
fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində tələbələrin
qarşılıqlı səfərlərinin təşkili, təcrübə mübadiləsinin həyata
keçirilməsi önəmli addımdır.
Tədbirdə, həmçinin Beynəlxalq Neft Şərq Akademiyasının
vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, professor
Çapay Sultanovun "Qara qızılın qələbəsi" kitabının da təqdimatı
olub.
Ç.Sultanov çıxış edərək italiyalı oxucuların Azərbaycan
diplomatiyası haqqında məlumatlandırılması baxımından "Bir səfirin
manifesti" kitabının önəmini vurğulayıb. O, bu cür təşəbbüslərin
ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin inkişafına xidmət
etdiyini söyləyib. Bildirib ki, nəşrdə diplomatların yararlana
biləcəyi çox dəyərli məlumatlar yer alıb. Kitab diplomatiya
sahəsində uğurlu karyera qurmaq istəyən gənc nəsil üçün önəmli
vəsaitdir. Eyni zamanda, bu təşəbbüslər multikultural dəyərlərin
təbliğində də əhəmiyyətli təsirə malikdir.
"Sandro Teti" nəşriyyat evinin rəhbəri Sandro Teti Azərbaycan
diplomatiyasının bütün xüsusiyyətlərini əks etdirən kitabın
müəllifinə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanla
bağlı nəşrlərin oxuculara təqdim olunması bu ölkəni daha yaxından
tanımaq imkanı yaradır. Nəşr haqqında fikirlərini bölüşən Sandro
Teti kitabın təkcə peşəkar diplomatlarda deyil, həm də geniş oxucu
kütləsində ciddi maraq doğuracağına əminliyini bildirib.
Tədbirdə Azərbaycan-İtaliya əlaqələrinin inkişafı, ölkəmizin
multikultural mühitə malik bir məkan olması, Azərbaycan
diplomatiyasının uğurları, İtaliyanın ölkəmizin Avropada önəmli
strateji tərəfdaşı olması xüsusi vurğulanıb.