4 gün öncə Bakının mərkəzində, “28 Moll” önündə əllərində plakat tutan 4 gəncin görüntüləri yayıldı. “Mehdinin zühur etdiyini” təbliğ edən “Əhmədi – sülh və nur dini” daşıyıcıları idi plakatı qaldıranlar.
Agentliklərin yaydığı məlumata görə, hadisə ilə bağlı 2 nəfər saxlanılıb: Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Teymur Əliyev və Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Həsən Cavadov.
“Yeni din” adı ilə insanların beyninin yuyulması prosesinin qarşısında QMİ də daxil olmaqla, ilahiyyatçı və ictimai sektorda çalışanların hansı təbliğat apardıqlarına toxunmayaq – bu, tamamilə fərqli məsələdir. Qoy, bu ölkəyə müxtəlif təriqətlərin necə soxulduğu və ölkənin hansı aqressiv dini zorakılıq mühitinə sürüklənmə cəhdlərinə qarşı necə ideoloji proqram ortaya qoymalarından və yaxud niyə heç bir iş görmədiklərindən aidiyyəti şəxslər danışsın.
Bizim üçün qəribə olan bu aksiyanın özüdür!
1. Plakat-bannerləri 2 deyil, 4 nəfər tutub – niyə həbs edilən 2 nəfərdir? Digər ikisi kimdir və onlar haqda niyə məlumat yoxdur?
2. Bu təxribat haqda 4 gündür niyə rəsmi açıqlama yayılmır?
3. Onların əllərindəki plakatlara baxaq: ciddi dizayn işidir və bu plakat-vinilin dərcinə külli miqdarda vəsait xərclənib. Bu vinil harda hazırlanıb, hansı müəssisə bu eybəcərliyi nəşr etmək məsuliyyətsizliyini üzərinə götürüb? Yəni bu ölkədə istənilən şüarı nəfis şəkildə dərc etmək heç bir məsuliyyət yaratmır? Pulunu verib, istənilən təxribatçı şüarı dərc etdirmək və təbliğat aparmaq olar? Niyə bu vinili yüksək keyfiyyətlə hazırlayanlar məsuliyyətə cəlb edilməyib?
Kimdir bu “Əhmədi – sülh və nur dini”nin (həm də “din”miş) arxasında duranlar? Ən azı 1000 manata vinil çap etmək imkanı olanların demək, ciddi maliyyəsi var. Bu maliyyələşməni kim aparır və onun məqsədi nədir? Azərbaycanı Suriyaya çevirmək?
Bu, adi, “insan haqları”, “demokratiya” çağırışı ilə keçirilən qanunsuz aksiya deyil ki, sıradan baxılsın və təbii sayılsın! Bu, insanların dini inamından sui-istifadə, fanatikliyə yönəltmə cəhdidir!
“İki nəfərin həbs edilməsi” ilə bu prosesin bitdiyi təəssüratı yaradılacaqsa, taleyimizə biganəyik demək!
Bu, milli təhlükəsizlik məsələsidir - əgər bu gün Bakının mərkəzində 4 nəfər əllərində 1000 manatlıq plakat qaldırmağa cəsarət edib, “Mehdini dirildirlərsə”, sabah 40 və ya 400 nəfərin – həm də gəncin – beyninin yuyulmayacağına kimsə zəmanət verə bilərmi?
İllah ki, ortada açıq külli miqdarda maliyyə dəstəyi varsa...