Yuxarı

Milli Qəhrəmanın müəmmalı ölümü: xəstəxanaya aparılır və...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Qəhrəmanın müəmmalı ölümü: xəstəxanaya aparılır və...

Ağdam, Qarabağın oyunlarının keçirildiyi İmarət. Bütün oyunçuların və stadiona oyuna baxmağa gələnlərin gözlərindən yaş dayanmır. Bu zaman Ağdama ermənilər iki ədəd “Qrad” raketi atırlar. Heç kim yerindən tərpənmir, kimsə başını qaldırıb sakitliyi pozmaq istəmir.

Çünki həmin anda İmarətdə Qarabağ FK-unun oyunçusu olmuş, minlərlə insanın xilaskarı və Ağdamı müharibənin ilk günlərindən qoruyan Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsi anılırdı.

Onun ölümü bu günə qədər də müəmmalı olaraq qaldı. 1992-ci il iyun ayının 12-də Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edildi. Allahverdi inanırdı ki, öz batalyonu ilə Xankəndiyə qədər irəliləyəcəkdir. Amma vətənimizin bu cəsur övladı arzusuna çata bilmir, gözətçi məntəqəsini yoxlayıb geri qayıdanda şəhid olur.

Şahidlərin dediyinə görə, o, çox gümrah və sevincli olub, çünki əməliyyat uğurla keçmişdi. Allahverdi Bağırov Naxçıvanik kəndində erməni batalyon komandirinin kabinetinə daxil olur. Orada erməni zabitinin yarımçıq qalmış çayını və radiostansiyasını görüb zarafatla, “Biz gəldik, onlar isə qaçdı” demişdi.

Maşına əyləşməzdən əvvəl uşaqlara ehtiyatlı olmağı, mövqeləri möhkəmləndirməyi tapşırıb. Geri dönən Allahverdi dayı minaya düşür.

Şahidlərin sözlərinə görə, Allahverdi dayı hələ sağ idi, maşının təkəri üstünə düşmüşdü, lakin nəfəs alırdı və danışırdı. Xəstəxanaya aparılır... və bir müddətdən sonra elan edilir: “Allahverdi Bağırov şəhid oldu”. Minlərlə ağdamlı göz yaşları içində xəstəxananın həyətinə axışmışdı ki, son dəfə öz qəhrəmanlarını yola salsın.

“Necə? Niyə?”sualları qalmaqda davam edir. Mina ora hardan gəlib çıxıb? Getdiyi yoldan qayıdanda “ermənilər” ora necə mina qoya bilərdi? Axı o zaman ora ermənilərdən təmizlənmişdi və onlar hardan bilirdilər ki, Allahverdi Bağırov məhz həmin yolu geri qayıdacaq?

Allahverdi Bağırov, XX əsrin ən dəhşətli faciəsi – Xocalı soyqırımı zamanı misilsiz xidmətlər göstərib. O, çox böyük qətiyyət və mərdlik nümayiş etdirərək komandirlik etdiyi batalyona göstəriş verib və qaçıb canını qurtarmaq istəyən yüzlərlə Xocalı sakininin köməyinə çataraq onları ölümün pəncəsindən alıb.

O, vəhşiliklə qətlə yetirilib çöllərdə qalmış cəsədləri ərazidən yığdırıb, dəfn etdirmiş, yaralıları, donmuş adamları xəstəxanaya çatdırmışdı. Qeyd edək ki, bu işlərin çoxunu Allahverdi Bağırov öz şəxsi vəsaiti hesabına edib.

Allahverdi Bağırov yeganə komandir idi ki, qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Düşmənləri işğal etdikləri kəndlərdən çıxaranda bir ƏMR verirdi:

“Birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpağı azad etməyə gedirik”.

Xocalıdan olan əsir qadınların ayaqları donmaması üçün əsgərləri ilə birgə ayaqqabılarını çıxarıb onlara geyindirən, özləri qarın içində ayaqyalın Ağdama gələn məhz Allahverdinin özü və dəstəsi idi.

Ruhun şad olsun, Allahverdi dayı. Min illər keçəcək və sən yenə də ağdamlıların DAYI-sı və KOMANDİRİ olaraq qalacaqsan!

Tarix
2026.06.12 / 20:59
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Fuad Oktay İlham Əliyevi təbrik etdi

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla