"Cəbhə xətti" layihəsinin budəfəki qonağı Namiq Məmmədov
Neftçalada anadan olub. Bu gün bir çoxları onu Neftçalalı Namiq
olaraq tanıyır. O, Qarabağ müharibəsi zamanı göstərdiyi şücaəti ilə
yaddaşlarda qalıb. Onda düşmənə qarşı nifrət daha erkən yaşdan
başlayıb. Uşaq ikən nənəsi 1918-ci ildə ermənilərin
azərbaycanlılara qarşı etdikləri soyqırımlardan danışır. Qarabağ
müharibəsinin başlaması onda düşmənə qarşı olan qisas hissini daha
da gücləndirir. Namiq nəzir verir ki, onu müharibəyə çağırsınlar.
10-cu sinfi bitirdikdən sonra hərbi komissarlıqdan ona çağırış
gəlir.
O, yeni yaradılan Azərbaycan ordusunun ilk əsgərlərindən biri
olur. Hərbi xidməti Xızının Giləzi qəsəbəsində keçir və sonra
Gəncəyə göndərilir. O, burada bir müddət qaldıqdan sonra döyüşmək
üçün Ağdərəyə aparılır. Namiq 703 saylı briqadanın 1-ci
batalyonunda yerləşdirilir. Onun briqada komandiri isə Nəcməddin
Sadıqov olur.
İlk döyüşü Ağdərənin Qlobus yüksəkliyində baş tutur. Uğur elə
onu ilk döyüşdən izləyir və döyüşçülərimiz düşməni məğlub edirlər.
Namiq qısa vaxtda əsgərlər arasında cəsarətinə görə fərqlənir. O,
bir neçə dəfə əsgər yoldaşlarını düşməndən xilas edir.
Günlərin birində Qlobus yüksəkliyində mövqe tutan əsgərlərimizin
yatması düşmənə intiqam almaq şansı verir. Düşmən tankı qəfildən
batalyonumuza hücum edir və içərilərə doğru irəliləyir. Bu zaman
Namiq əsgər yoldaşının əlindən qumbaraatanı alıb düşmən tankını
partladır. Namiqin bu qəhrəmanlığından sonra komandiri dərhal gəlib
onu qucaqlayır.
Düşmənin bu hücumunun qarşılığını vermək üçün ordumuz plan
hazırlayır. Döyüşçülərimiz bir həftə sonra Qlobus yüksəkliyində
hücuma keçir. Namiq burda da qəhrəmanlığından qalmır. O,
atışa-atışa hücuma keçir və düşmən geri çəkilmək məcburiyyətində
qalır. Qaçıb gedən düşmən silah-sursatını atır. Namiq düşmənin yük
maşınını ələ keçirib batalyona gətirir. Yük maşınının arxası
silah-sursatla dolu olur. Namiqin bu uğuru səs-küyə səbəb olur.
Artıq batalyonda zabitlər onunla döyüşə getmək üstündə bir-biriləri
ilə mübahisə edirlər. Bundan sonra hamı onu Neftçalalı Namiq olar
tanımağa başlayır.
Heydər Əliyev televiziyada çıxışı zamanı onun "Hərbi xidmətdə
fərqlənməyə görə" medalı ilə təltif edildiyini açıqlayır.
Namiq hərbiyə çağırıldığı bir il ərzində evlərinə baş çəkmir.
Bunu görən komandirləri onu güclə evlərinə göndərməli olurlar. Uzun
müddət sonra evlərinə gələn Namiq televizorda əsgər yoldaşlarının
öldürüldüyü xəbərini öyrənir. Düşmən Ağdərədə Çıldıran
yüksəkliyində Lənkəran Əliyevin rəhbərlik etdiyi tank batalyonuna
hücum edir və 17 əsgərimizi öldürür. Bundan sonra Namiq bir
həftəlik məzuniyyətindən imtina edir və geriyə silahının başına
dönür.
Namiqin sözlərinə görə ermənilər onunla üzbəüz gələndə
qaçırdılar. O bir dəfə Ağdərədə Drombon yüksəkliyində erməni əsgəri
ilə üzbəüz gəlir. Silahı ilə düşməni yaralayan döyüşmümüz sonra
onun qulağını kəsir.
Onun döyüşdüyü batalyon igidliyinə görə Nəcməddin Sadıqov
tərəfindən "Babək 44" adına layiq görülür.
"Babək 44" batalyonu Ağdərəni azad edib, Əsgərana çatır.
Göstərdikləri uğur isə qarşılığını almır. Onlara geriyə çəkilmək
əmri verilir. Vahid komandanlığın olmaması onları məğlubiyyətə
gətirir.
Onun son döyüşü isə Sərsəng su anbarı istiqamətində olur.
1993-cü ilin dekabrında o ağır yaralanır. Döyüşə girməli olan
batalyon bundan imtina edir və onların bir yanı boş qalır. Düşmən
bundan istifadə edir. Çaylı kəndi istiqamətində gedən döyüşdə ağır
yaralanır. Başı bədənindən ayrılır. Onu vertolyotla Tərtərə
xəstəxanaya gətirirlər. Hər kəs onun öləcəyini gözləsə də, Namiq
sağ qalır. O, burada bir müddət müalicə olunduqdan sonra Bakıya
göndərilir.
Müharibənin davam etdiyi bir vaxtda onun heç bir yardım edə
bilməməsi Namiqə pis təsir edir. O, əlil olduğu halda cəbhəyə
briqadaya geri dönür və döyüşmək istədiyini bildirir. Döyüş
yoldaşları ona qucaq açırlar və aralarına qəbul edirlər. Uzun
məşqlərdən sonra onun işləməyən sol əli açılır.
Artıq atəşkəs imzalandığı üçün döyüş əməliyyatları bitir. Bundan
sonra hər kəs evə döndüyü üçün Namiq də geri qayıtmaq
məcburiyyətində qalır.
O bizimlə söhbətində Vətən üçün hələ az şeylər etməsindən
gileylənir. Bu gün imkan olarsa, gəncliyində etdiyindən artığını
etməyi planlaşdırır. O, övladlarını da özü kimi vətənpərvər ruhda
böyüdür.