Yuxarı

Xocalı əlili 4 uşağı ilə görün harda yaşayır... – Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sayadovlar ailəsi 4 uşaqla birlikdə 3 aydır küçədə yaşayır. Onlarla tanışlığımız, söhbətimiz də elə “evlərində” - yəni parkda baş tutdu.

Leyla Sayadova Xocalı qaçqınıdır. 1992-ci il hadisələri zamanı başından güllə yarası alıb, anası, dayıları və əmiləri şəhid olub. Xocalıdan Bərdəyə gəliblər. Gülbala Sayadovla ailə qurduqdan sonra Bakıda yaşayıb. Həyat yoldaşı yerli olduğundan Leyla xanıma qaçqınlıq statusu verilməsə də, I qrup əlil kimi dövlət tərəfindən qaçqın və yerlilərin yaşadığı binada onlara da yer verilib, uzun müddət orada yaşayıblar. Normal dolanışıqları olub. Ta ki yanvar ayında həmin bina sökülənə kimi...

Xocəsəndən ev vədi...

Sayadovanın sözlərinə görə, 8 ilə yaxın Heydər Əliyev məscidinin yanında, Həmzə Babaşov küçəsindəki binada yaşayıblar. Yanvar ayında bina söküləndə onlara da yeni ev sözü verilib:

“Siyahıda 650 ailə vardı, əlil olduğuma görə dövlət bizi də ora yığmışdı. Yanvar ayında bina söküldü, köçürmə başlayanda 100 ailəni yığdılar, qanuni şəkildə köçürtdülər. Bizə isə dedilər ki, narahat olmayın, sizə də 1 otaqlı ev veriləcək. Binəqədi polisinin rəisi polis polkovniki Namiq İsmayılov köçürmə zamanı gecə saat 1-də məni çağırdı. Növbə mənə çatanda rəis dedi ki, Leyla, güllə yarası almısan, I qrup əlilsən, gözlərin görmür; 4 uşaq anası olduğunu da nəzərə alıb, sənə Xocəsəndən 2 sot torpaq, 2 otaqlı da ev tikib 2 ay ərzində verəcəyik. Səni kənd Binəqədiyə kirayə yollayırıq.

Rəisin bu sözündən sonra bizi ora apardılar. Dedilər rahat qal, dövlət hamısını ödəyəcək”.

Ev sahibi evdən çıxartdı

Onlar 3 ay müddətində Binəqədi kəndində kirayənişin kimi yaşayırlar. Lakin sonra vəziyyət dəyişir:

“3 ay martın sonlarında tamamlandı, bayramdan sonra evin sahibi gəldi ki, mənim pulumu verin. Dedi, mən Namiq müəllim tanımıram, sizə bir həftə vaxt verirəm, mənim pulumu gətirin. Əşyalarımız da qaldı həmin evdə, dedilər, kirayə pulunu gətirəndə götürərsən”.

Mən elə söz deməmişəm

O, yenidən Binəqədi Rayon Polis İdarəsinə getsə də heç kimi tapa bilmir, sonra isə gözlənilməz vəziyyətlə qarşılaşır:

“Namiq müəllimin yanına getdim, tapa bilmədim. Hamı bir-birinin üstünə atdı. 2 gün getdim, görə bilmədim. 3-cü gün yolun kənarında oturdum ki, yoldan keçəndə məni görsün. Nəhayət, məni qəbul elədi. Uşaqları da apardım. Dedi, niyə gəlmisən? Mən sənə elə söz deməmişəm, çıx get”.

Sosial yardım da dayandı...

Onlar həmin ərazidə yaşadıqları vaxtlar müəyyən müddətdə sosial yardım alıblar. Hazırda isə ev və hansısa ünvana qeydiyyat olmadığından sosial yardımdan da məhrumdurlar:

“Əvvəllər 170 manat dövlətdən yardım alırdıq. Onun vaxtı bitdi. Yaşayış yerimiz olmadığına görə dedilər ki, daha sənə düşmür. Kommunal qəbzləri tələb edirlər. Deyirəm, mən küçədə yaşayıram, haranın qəbzini gətirim?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getmişəm. Deyirlər, uşaqları ver uşaq evinə. Gözlərim görmür, 10 ildir uşaq saxlayıram ki aparım kiməsə verim?”

Gülbala Sayadov deyir ki, özünün səhhətində problem olduğundan işləyə bilmir. Yoldaşının gözü yaxşı görmədiyindən ev işlərində və uşaqların baxımında hər zaman ona kömək edib:

“Yoldaşım I qrup əlil olduğundan 140 manat təqaüd alır. Başqa gəlirimiz yoxdur. Mədəmdə yara var, işləyə bilmirəm”.

Parklarda, daşın üstündə yatırıq

Onlar 4 uşaqla birlikdə parklarda gecələyirlər. Əvvəlcə, hamının küçədən evinə getməsini gözləyir, daha sonra bir yer tapıb yatırlar:

“Camaat görməsin deyə utanırıq, hər yerdə yata bilmirik. Gözləyirik hamı çıxıb getsin, sonra bir yer tapıb yataq. Gecə kağızları yerə döşəyib yatırıq. Balalarım nə qədər daşın üstündə yatacaq? Qonşu var, deyir, o uşaqlar necə yatır küçədə?

Böyük qızım məktəbə gedir, aprel ayından bu vəziyyətdə düzgün məktəbə gedə bilmir. İki ay qalıb məktəbin açılmasına.

Oğlum Miryusif Hepatit C xəstəliyindən əziyyət çəkir, sənədləri də burdadır. Buna müalicə lazımdır. 3 aydan bir analiz verməlidir, imkanımız yoxdur, apara bilmirəm”.

Uşaqlar dünəndən acdır

Sayadov deyir ki, pul bitdiyindən uşaqların ehtiyacını da qarşılaya bilmir:

“Sağ olsun, sakinlərdən biri çörək gətirir, biri su. Dünən axşam balalarım 4 peraşki yeyəndi. Mən Qarabağ müharibəsində iştirak etmişəm, şəhid Alxanov Alxan Əşrəf oğlunun dayısıyam.

Gözünü itirmək təhlükəsi...

Leyla Sayadova nə qədər uşaqları üçün narahat olsa, onların gələcəyi üçün çırpınsa da, əslində öz səhhəti daha risklidir. Belə ki, o, sonuncu dəfə 2000-ci ildə əməliyyat olub. Hazırda isə gözünü itirmək təhlükəsi var:

“Sonuncu əməliyyatım 2000-ci ildə olub. Bir gözüm görmür, biri isə dumanlı görür. Həkim 2 il qaranti qoyub, onun da 7 ayı gedib. Əgər əməliyyat olmasam bu gözümü də itirəcəm”.

Tarix
2018.07.27 / 12:48
Müəllif
Sevinc Xan Qızı
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla