"Cəbhə xətti" layihəsində
"Cəbhə xətti" layihəsində keçmiş döyüşçü, zabit Arif
Baxşəli oğlu Qafarovla savaş yoldaşı olduq. "Azərbaycan"
nəşriyyatında baş-başa, ürək-ürəyə verdik, keçmiş döyüşçünün
xatirələrini oyatdıq. Kefini, əhvalını soruşduq və kəşfiyyata
başladıq.
Ön cəbhə dəyişilməz olaraq qalır
- "Azərbaycan" nəşriyyatının 7-ci qatında oturmusan.
Buradan döyüş meydanları, keçdiyin cəbhə xətti necə
görünür?
- Birinci Qarabağ savaşından artıq 20 il keçib. Ancaq mənə elə
gəlir ki, döyüşlər dünən olub. Ön cəbhə dəyişilməz olaraq qalır.
Dəyişən yalnız biz insanlarıq. Aradan bu qədər vaxt keçməsinə
baxmayaraq, döyüş bölgəsi, səngər mənim üçün daha da şirin, daha da
dogma olur. Çünki orda boş qala bilmirsən, daim irəliyə can
atırsan, daim mübarizə aparırsan. Həyat özü də başdan-başa
mübarizədir. Bircə fərqi ondadır ki, orada düşmənin bəllidir, kimlə
döyüşdüyünü bilirsən.
Döyüş anları hələ də mənim yadımdan
çıxmayıb
- Bilirəm, ağırdır. Hələ ki məğlub durumdayıq. Amma necə
də olsa, xatirələrində yenə də döyüşürsən. O illərin uzaqlığında
"xəyal savaşı" necə gedir?
- Düz deyirsən. Bu gün torpaqlarımızın böyük bir hissəsi hələ də
işğal altındadır. Yeri gələndə danışmağa, hətta başımızı dik tutub
gəzməyə də mənəvi haqqımız çatmır. Ancaq digər tərəfdən mən nə
özümü, nə də mənimlə çiyin-çiyinə döyüşən əsgərlərimi məğlub olmuş
saymıram. Mənimlə döyüşən əsgər və zabitlərin içərisində qəhrəman
oğullarımızın sayı yetərincədir. Yadımdadır, 1992-ci ildə elə
əsgərlərimiz var idi ki, müdafiədə dayanmağı özünə sığışdırmırdı.
Hücuma keçməyi, kəndbəkənd itirilmiş torpaqları mənfur düşmənlərdən
azad etmək üçün hər an hazır olduqlarını açıq-aşkar büruzə
verirdilər. Döyüşlərdə çoxsaylı əsgər və zabit yoldaşlarımızı
itirmişik. İtkin düşənlərimiz, yaralananlarımız da kifayət qədər
olub. O dövrdə bizim əsgərlərin döyüş ruhu olduqca yüksək səviyyədə
idi. Dəqiq yadımdadır, əslən Ucardan olan Knyaz Vahidov (o dövrdə
Daxili Qoşunların komandanı olan Fəhmin Hacıyevin yaxın qohumu idi)
adlı bir əsgərimiz Milli Ordunun başqa bir səmtdən hücuma keçən
əsgərlərinə özbaşına qoşulub döyüşə getmişdi. Bunu çoxları təsdiq
edə bilər. Belə döyüşçülərimiz minlərlə idi. Belə əsgərlərə necə
məğlub olmuş deyə bilərəm? Sonradan həmin əsgər mənimlə eyni vaxtda
yaralandı. Digər əsgərlərimlə maraqlandığım kimi onunla da
maraqlanırdım. Təxminə 5 il sonra avtomobil qəzasında dünyasını
dəyişmişdi. Maraqlı odur ki, döyüş səhnələri, ağır döyüş anları
hələ də mənim yadımdan çıxmayıb, heç çıxmayacaq da.
Bizimkilər yoxdur, kimə rast gəlsəniz, atəş
açın
- Arif bəy, mümkünsə ilk döyüş anlarından bəhs elə,
hardaydın və döyüşə necə yola düşdün?
- Bakı şəhərində keçmiş SSRİ-nin tərkibində DİN Daxili
Qoşunlarının N saylı hərbi hissəsində xidmət edirdim. 1992-ci ilin
mart ayının 3-də bizim hərbi hissəyə ilk dəfə olaraq xidmətə gənc
azərbaycanlı əsgərlər gəldi. Məni də Gənc Əsgərlər kursuna tağım
komandiri kimi təyin etdilər. Təxminən ay yarım onlara lazımı hərbi
dərslər, təlimlər keçib, hərbi hissəyə təhvil verdik. Aprelin 17-də
ikinci partiyanı qəbul etdik. Bu kurslardan sonra, iyun ayının
17-də bizi Ağdam rayonuna ezam etdilər. Təzəcə çatmışdıq ki, bizi
axşam saat 23 radələrində həyəcan siqnalı ilə Ağdamın Əlimədədli
kəndinə apardılar. Leysan yağış yağırdı. Hələ tanımadığım bir-iki
zabit maşınların qabağını kəsib bizi kənddə yerləşən texniki peşə
məktəbinə apardı. Səhər saat 5-də kənddən üzü yuxarı, dağlara doğru
irəlilədik. Orada rəhmətlik Şirin Mirzəyevi gördüm. O, ilk könüllü
batalyonu yaradanlardan biri olub. Əvvəllər Daxili Qoşunlarda
yüksək vəzifədə çalışırdı. Sovetlər dönəmində mənə kommunist
partiyasının biletini o kişi təqdim etmişdi.
Salamlaşdıqdan sonra özümü təqdim etdim və soruşdum:
- Yoldaş Mirzəyev, üzü belə gedirik, düşmən hansı tərəfdədir,
bizimkilər hansı tərəfdə?
- Yoldaş Qafarov, üzü bu yana bizimkilər yoxdur, kimə rast
gəlsəniz, bilin ki, düşməndir. Harada döyüş çətinləşsə, düşmənin
güclü olduğunu hiss etsən, özünüzə mövqe tutun, - deyə rəhmətlik
mənə cavab verdi və uğurlar dilədi, əsgərlərdən muğayat olmağı,
onları qorumağı tapşırdı.
Beləliklə xeyli getmişdik ki, atışma səsləri gəldi. Onu da deyim
ki, bizdən bir-neçə gün qabaq Şirin Mirzəyevin komandirliyi altında
ermənilərin yaşadığı Qazançı kəndi darmadağın edilmişdi.
Qazançı kəndinin ətraf yüksəkliklərinə çatanda ermənilərin
müqaviməti gücləndi. Özümüzə mövqe tutub, müdafiə üçün tədbir
gördük. İyun ayı ərzində Ağdam rayonunun Əliağalı kəndi uğrunda bir
neçə dəfə erməni işğalçıların hücumlarının qarşısını aldıq.
İtkilərimiz də oldu. Ancaq əks tərəf bizdən də çox itki verdi. Ağır
döyüşlər 1992-ci ilin noyabr ayına qədər davam etdi. Bir neçə
nəfərimiz şəhid oldu, iki nəfər əsgərim isə minadan ayaqlarını
itirdi.
Əsgər sevinən zaman erməni tankının mərmisinə tuş
gəldi
- Ən çox yadda qalan döyüş epizodlarını xatırlayırsan
yəqin...
- Döyüş epizodlarının, demək olar ki, hamısı yadımdadır.
Əliağalı kəndi ilə Qazançı kəndini birləşdirən yüksəkliklərdə
erməni mövqeləri çox möhkəm idi. Yüksəkliklərdə ağır texnikalar
yerləşdirmişdilər. Dəfələrlə hücum etsək də, həmin yüksəklikləri
ala bilmirdik. Nəhayət, hücumların biri uğurlu alındı, çox lazımlı
bir yüksəkliyi ələ keçirə bildik. Əsgərlərimizdən biri sevincindən
atılıb düşdüyü zaman erməni tankının mərmisinə tuş gəldi. Texnika
sarıdan korluq çəkdiyimizə görə mövqeni saxlamaq bizə nəsib
olmadı.
Həmin ilin payızında bizim batalyonu başqa kəndə, Qalayçılar
kəndinə köçürdülər. Oradan Ağdərə rayonunun Manikli, Orat Güneytəpə
istiqamətindən Ağdərə - Xankəndi magistral yolunu bağlamaq artıq
bizimkilərə nəsib olmuşdu. Lakin yaxınlıqdakı yüksəkliklərə hələ də
düşmən nəzarət edirdi. Çətinliyimiz yaranırdı. Genişmiqyaslı hücum
əməliyyatlarımız bir neçə dəfə uğursuz alınsa da, geri çəkilmədik.
Həmin döyüşlər zamanı mənim bölüyümün əsas tapşırığı ermənilərin
nəzarət etdiyi 1215 və 977 yüksəklikləri arasında yerləşən 1203
yüksəkliyini ələ keçirmək və düşmənin həmin yüksəklikdən bir-birinə
dayaq olaraq, kömək göstərməsinin qarşısını almaq idi. Biz bu
tapşırığın öhdəsindən layiqincə gəldik. Bir neçə saat davam edən
döyüşdə ancaq Mingəçevirdən olan Nail adlı döyüşçümüz qolundan
yaralandı. Komandiri olduğum bölük düşmənin 20-dən çox əsgərini
məhv etdi. Özüm isə snayper tüfəngi ilə 2 erməni zabitini öldürdüm.
Qəhrəman döyüşçülərimdən Cəfər Ədəş oğlu Aslanovun, Xanoğlan
Mirzəyevin, Sabir Kərəm oğlu Qəmbərovun, Nazim Yasibəy oğlu
İsayrvin, Hafiz, Əsgər oğlu Həsənovun adını çəkməsəm olmaz.
Minalanmış yolda rəqs etdim
- Mövqe döyüşləri çox olub. Bəs düşmənlə üz-üzə
gəldinmi?
- Düşmənlə bir-neçə dəfə üz-üzə gəlmişəm. Yuxarıda qeyd etdiyim
mövqeyimizdə meşənin içindən Sırxavənd-Qazançı kəndlərini
birləşdirən yol keçirdi. Həmin yolun 1203 saylı yüksəkliyinin
ətəyini düşmənlər bəlkə də qəsdən açıq qoyurdular. Çünki həmin yerə
gedəndə düşmən hər iki tərəfdən bizi sayırdı. Bir komandir kimi
buna əmin idim. Mən olmayan bir vaxtda kimsə əsgərlərimdə bu yol
haqda xof yaratmışdı. Əsgərlərimin döyüş ruhunu qaldırmaq üçün bir
dəfə həmin yolda rəqs etdim. Bir neçə dəfə də həmin yolda düşmən
texnikasının əleyhinə həmin yolda əsgərlərimlə mina da
basdırmışdım. Bir dəfə erməniyə məxsus "Kamaz" maşını gəlib keçdi
və mina partlamadı. Gedib, yoxladım və əmin oldum ki, mina yerində
deyil. Deməli, ermənilər bizi güdürdülər. Onda biz də yolu müşahidə
etməyə başladıq. Bölük mənim göstərişimə əsasən qatarı bir cığırda
oturmuşdu. Yan-yörəmiz piyada əleyhinə minalarla dolu idi. Bu zaman
Fazil adlı gizir təxminən 300 metrlikdə olan bir erməni döyüşçüsünü
mənə göstərdi. Erməni başını yandırılmış ağac kötüyündən çıxarıb
bizə baxırdı. Onu snayperlə nişan alıb vura bilərdim. Lakin bir az
gözlədim ki, bəlkə yerini dəyişər, mən də rahat vuraram. Elə də
oldu. O qaçıb yerini dəyişəndə vurdum. Bundan sonra güclü atışma
başladı. Sən demə, düşmənin xeyli sayda canlı qüvvəsi yaxında imiş.
Döyüş zamanı bir erməni yolun alt qatına keçdi. 30 metr məsafəmiz
olardı. Alnından vurdum. Xanoğlan Mirzəliyev yolun sağ tərəfdən
köməyə qaçan ermənilərin içərisinə minaatanla qəlpəli mərmi atdı.
Düşmən özünü itirdi. Qaçıb qurtarmaq istəyəndə öz basdırdıqları
minaya düşdülər. Həmin döyüşdən sonra əsgərlərimin sevincini
təsəvvür etmək belə çətindir.
Məğlubiyyətimizin əsas səbəbi
- Arif bəy, həmişə deyirlər ki, təxribatlar olurdu.
Yoxsa uduzmazdıq-filan, qarşılaşdınızmı elə hallarla?
- Təxribatlar haqqında mən də eşitmişəm. Bu barədə danışmaq
istəməzdim. Təkcə onu deyim ki, məğlubiyyətimizin başqa səbəbi var.
Əsas səbəblərdən biri və ən başlıcası qoşunlarımızın ümumi
komandanlığı yox idi. Çəkici bir yerə vurmurduq. İkinci bir
tərəfdən, özümüzdən əfsanəvi qəhrəman obrazı yaratmayaq. Demək
istəyirəm ki, məğlubiyyətimizin əsas səbəblərindən biri də
bizimkilərin tamahı oldu. Tamaha güc gəlib, onu cilovlamağı
bacarmalıdır insan. Elə hallar oldu ki, işğaldan azad etdiyimiz
kəndlərdə soyğunçuluq etdilər. Əlinə keçənləri maşınlara yükləyib
evlərinə aparırdılar. Fikirləşmirdilər ki, o döyüş bölgəsini tərk
etdikdə ön xətt boş qalır, düşmən də bu boşluqdan istifadə
edir.
Digər tərəfdən də məğlubiyyətimizin düşməni özümüzdən çox zəif
hesab etməyimiz oldu. Bilirdik ki, düşmənin arxasında güclü Rusiya
dayanıb. Bir məqamı da qeyd edim, istər texnika, istər rabitə,
istərsə də peşəkarlıq baxımından düşmən bizdən güclü idi.
Peşman deyildilər
- Arif bəy, bir komandir kimi yaralı, son nəfəsini çəkən
əsgərimizin başı üstündə oldunmu?
- Ətrafımda çox yaralılar olub. Yeni Qaralar kəndinin müdafiəsi
zamanı bir əsgərim yaralandı. Dərhal qərargaha çatdırdım. Qərargah
rəisi kapitan Abdullayevin göstərişi ilə yaralını Şahbulaqda
yerləşən tibb məntəqəsinə aparmalı oldum. Ordan da məsləhət
gördülər ki, hərbi hospitala aparım. Maşında benzin az idi. Yola
çıxıb benzin axtardım. Tibb məntəqəsinin yaxınlığında qaraj vardı.
Sevincək ora qaçdım. İçəridə böyük bir benzindaşıyan maşın vardı.
Bir vedrə benzin vermələrini xahiş etdim. Yoxumuzdur, dedilər.
Vermək istəmədilər. Tabel silahımı çıxarıb hədələdim ki, əgər
benzin verməsəniz, maşının çənini deşəcəm. Bundan sonra bir vedrə
benzin ala bildim. Yaralını sağ–salamat hospitala çatdıra bildim.
Həmin oğlan Saatlı rayonunun Qaranuru kəndindən olan İntiqam İdman
oğlu Qafarov idi. İndi Bakıda yaşayır.
Yaralılarımızla söhbət, onların son anda dedikləri... Yadıma
salıram, heç peşmançılıq yox idi. Döyüşmək istəyirdilər.
Əsgər minaya düşdü
- Nə deyirdilər, arzuları nə idi?
- Can şirin şeydir, əlbəttə heç kəs yaralanmağını istəməzdi.
Onlar sağalıb yenidən döyüşə qayıdacaqlarını deyirdilər. Qərbi
Azərbaycandan olan İxtiyar adlı bir əsgərimin yaralandıqdan sonra
ayağının birini amputasiya etmişdilər. Sonradan onun müalicəsini
davam etdirmək üçün İrana göndərdilər. İranda demişdilər ki, sizin
əsgərlərin çoxunun ayağını müalicə etmək, sağaltmaq olarmış, amma
amputasiya ediblər.
1993-cü ilin yanvar ayının 13-də şam yeməyindən sonra komandiri
olduğum bölüyün 53 əsgəri ilə birlikdə döyüşə yollandıq. Batalyonun
başqa bölüyü də bizimlə idi. Dizdən yuxarı qar yağmışdı. Sırxavənd
yolunu keçib Xankəndi-Kəlbəcər yoluna çıxmalı idik. Ağdərə
rayonunun Orta Güneypəyə kəndindən yoxuşu çıxan zaman 10-15 metr
geri sürüşürdük. Yol çox çətin idi. Mənzil başına saat 2-də çatdıq.
İlk olaraq mən və ən yaxşı döyüşçüm Hafiz Əsgər oğlu Həsənov.
Sonuncu əsgərimiz səhər saat 6-da çatdı. Bir az dincəldik.
İsmayıllının Aşağı Gülyan kəndindən olan Çingiz Bağırov bizə döyüş
tapşırığın verdikdən sonra məni kənara çəkdi:
- Qafarov, əsgərlər sənin necə döyüşməyini mənə danışıblar.
Yadında saxla ki, sən zabitsən, uşaqları qorumalısan, dəlilik edib
çox qabağa girmə. 53 nəfər şəxsi heyətin var, çalış, geri dönəndə
sayınız çox olsun.
O, erməniləri əsir götürməyimizi istəyirdi. Ona dedim ki, bir
güllə də atmadan yüksəkliyə çıxacam. Amma minaya cavabdeh deyiləm.
Coğrafi mövqe elə idi ki, bir-birimizin ardınca irəliləyirdik. İki
nəfər istehkamçı minaaxtaran vermişdilər mənə. Onlar irəlidə, mən
ardlarınca, əsgərlərim isə mənim arxamca qalxırdı. Minalı sahəyə
yaxınlaşmışdıq. Sanki hiss etmişdim ki, kimsə minaya düşə bilər.
Uşaqlara dedim ki, ayaqlarınızı kənara qoymayın, mənim ayaqlarımın
yerinə qoyun. Bu zaman gizir Əbil Pirişov və bir əsgər məndən irəli
keçdi. Mən sırada 5-ci oldum. 4-5 addım atdıqdan sonra sırada 13-cü
olan Hafiz Həsənov minaya düşdü. Özü və 3 başqa əsgərimiz şəhid
oldu. 7 nəfərimiz yaralandı. Əsgərlərə tapşırdım ki, yaralıları və
şəhidləri aşağı düşürsünlər. Batalyon komandiri mənim özümün aşağı
düşməyimi istədi. Şəhidin birini tanıya bilməmişdilər. Onun Şirvan
şəhərindən olan Bayraməliyev Rafiq olduğunu dedim.
Kasıbın namusu
- Heç döyüşdən yayınanlar oldumu, onlara münasibət,
döyüş ruhunu qaldırmaq və sair?
- Hər şeyi açıq etiraf etməliyik. Bəli, döyüşdən yayınanlar,
fərari adını üstünə götürənlər də olurdu. Belələrinə "sənə papaq
yox, yaylıq yaraşır" deyirdim. Həm də o dövrdə belə söz-söhbət
gəzirdi, niyə kasıbların balası vuruşur, bəs məmur uşaqları
haradadır?
Elə deyənlərə indi müdafiə nazirinin müavini olan Nəcməddin
Sadıqovdan eşitdiyim bir cümlə ilə cavab verirdim:
- Torpağı əkib-becərənlər də kasıblardır, qoruyan da kasıblar
olmalıdır. Onların var-dövləti namuslarıdır...