"Həbsxana xatirələri"
layihəsində
Fəxrəddin kişi əlindəki çubuqla havanı qamçıladı.
Qəzəbli deyildi. 1 ilə yaxın idi ki, həbs olunmuşdu, çöhrəsində
sevinc, məmnunluq ifadəsi vardı. Çox adamla da münasibət qurmazdı.
Tibb məntəqəsinin həyətində var-gəl edirdik. Üzüm talvarının
altındakı oturacaqda oturdu, yanında mənə də yer göstərib,
söhbətinə davam etdi:
Dünən dövran sürən...
- Sən istərdinmi gələsən, düşəsən bura? Yox, əlbəttə,
istəməzdin. Amma heç kəs burdan sığortalanmayıb. Gördün də, neçə
naziri qol-qıç edib atdılar içəri, heç ağıllarına gələrdi? Səməd
Vurğun necə deyib: "Dünən dövran sürən, bu gün can verir".
Sonra ayağını ayağının üstünə aşırıb - "Buna da şükür", - deyib
çənəsini sol ovcuna yerləşdirdi. Gövdəsini aşağı – dizlərinə tərəf
əymişdi, beli donqar görünürdü. Əslində isə onun şax qaməti
vardı.
- Yaşım 60-a yaxınlaşır. Ömrümün o qədər gözəl çağları olub
ki... Heç indi də burda pis deyiləm, özün görürsən ki... Dur gəzək,
indi gələcəklər ki: "Paxan, nə var, nə yox, filankəs dolaşıb, kömək
elə, hamısı da narkoman..."
Ayağa durduq. Fəxrəddinə tay-tuşları "Fedya" deyir. O özü də
müraciətdən incik deyil. Amma aralıq uşaqları bəzən onu "Paxan"
deyə hörmətini saxlayır, bilirik ki, məqsədləri var.
Fəxrəddin kişi ilə tanışlığım onun mütaliə həvəskarı olmasından
yaranmışdı. Bir dəfə Cəza Müəssisəsinin kitabxanasında söhbətimiz
alındı və o zamandan da ara-sıra təsadüf etdikdə salamlaşdıq,
söhbət etdik, nərd, şahmat oynadıq...
- Şair, mən kimya müəllimi işləmişəm. Sonra maşın təmiri
emalatxanası, çörək sexi açdım. Dolanışıq heç də pis deyildi...
Amma pul elə köpəyoğlu şeydir ki, çoxaldıqca, istəyirsən
çoxalsın...
Fəxrəddin əlini belində çarpazlayıb, ağır-ağır addımlayır. Ona
verilən salamları başını tərpətməklə alır. Salamları kepkasının
dimdiyi ilə alınanlar onun bu laqeyd hərəkətindən incimir. Salam
verənlər onun xasiyyətini bilir...
- Fəxrəddin kişi, sən özünü burda balıq suda olan kimi
aparırsan. Rahatsan, amma gileyin də var, "kim istəyər ki, bura
düşsün?", - deyirsən. Sənin davranışından adama elə gəlir ki,
könüllü gəlibsən. Darıxmağını, gözlərinin yol çəkməsini görmək
olmur.
Yalquzaq
Fəxrəddin kişi papağının arxasını barmağı ilə bir qədər də
yuxarı qaldırır. Kepkanın günlüyü, az qala, burnuna dirənə.
Əllərini yenə də kürəyində çarpazlayır. Kənardan fikir verən olsa,
elə zənn edər ki, onun köməkçisiyəm, arxasınca gedirəm.
Gülümsəyirəm. Ayaq saxlayıb mənə tərəf çevrilir:
- Şair, niyə güldün?
- Fedya, sənin arxanda da gözün var?
- Hissiyyatım çox güclüdür, - sualım onun xoşuna gəlir. Daha bir
keyfiyyətini sərgiləyir axı...
- Hiss edirəm. Səndən söz soruşum, niyə hər kəsdən,
xüsusilə də öz əhlinizdən uzaq gəzirsən? Tək canavar kimi
dolaşırsan.
- Hə bunun da səbəbi var. Mən elə-belə kişi deyiləm. Tanıyırlar,
hörmət edirlər. Övlad-uşaqdan başqa heç kəs bilmir ki, mən
burdayam, hay salıblar ki, Rusiyaya getmişəm, nə qalıb ki, 4-5 aya
çıxacam.
Pul gözümü tutdu
- Bir dəfə də soruşmuşdum, sən nədənsə həbs olunmanın
səbəbini heç danışmaq istəmirsən...
- Hər kəs bir adla tutulur, şair... Mənim də öz seçimim oldu bu.
Hə, o gün soruşdun axı, cavab vermədim, mənim başqa çıxış yolum yox
idi. Pul gözümü tutdu, başqa cür edə bilməzdim. Ona görə də özümü
bağlatdırdım.
- Danışarsan?
- Danışaram, amma, yoruldum, gedək bir çay qoyum, içək...
Cəza Müəssisəsinin tibb məntəqəsinə gəlirik. Bir neçə dəqiqəyə
çay hazır olur, süfrənin üstünə şirniyyat düzür, çarpayının
altındakı saxlanc yerindən meyvə götürüb yuyur, nimçəyə düzür.
Üz-üzə otururuq.
- Çaya mixək atmışam. Bilirsən də, bizim tərəflər bunsuz
keçinmir...
Fəxrəddini tərifləyirəm:
- Sən özünə qulluq etməyin çəmini bilirsən. Müəllim
işləmisən, iş adamı olmusan, görüb götürmüsən, əhlikefsən,
nəzarətçilər hörmətini saxlayır. Amma niyə axı sənə üzdə "Paxan"
deyənlər ardınca "Bariqa" deyirlər? Çəkmirsən, iynələnmirsən, hələ
namaz da qılırsan..
- Mən elə bariqayam da, şair, onlar düz deyir. Amma onların
düşündüyü kimi yox, qoy danışsınlar. Deyəcəm sənə. Bilirsən, bu bir
filmin ssenarisidir.
Fəxrəddin kişi çayını bir nəfəsə içdi, yenisini süzdü:
- Çayın biri qaydadır, faydalısını da süzüm, danışacam,
darqursaq olma.
İsti çayın buxarı yuxarı qalxır, eynən yaz dumanı kimi
burula-burula... Fəxrəddin tələsmir, özünün ağırtaxta kişi olmasını
isbatlayır sanki.
- Vaxtımız çoxdur, danışaram, - mənim səbirsiz olduğuma işarədir
bu. - Bilirsən, şair, dedim axı, pul qazanmağı bacarmışam. Əvvəlcə
iki təndir aldım, uşaqlar çörək bişirdi, aparıb bazarda satdırdım,
sonra təndirin sayını çoxaltdım. Bir müddətdən sonra kürəxana
tikdirdim həyətdə, daha sonra çörək sexinə qədər genişləndirdim.
"Profilaktoriya" açdım, işimi yaxşı qurdum, yaxşı da qazanırdım.
Elə indi də qazanc gətirir. Oğlum nəzarət edir. Məktəbdən isə
uzaqlaşdım, ayıb idi, şagirdlər bəzən məktəbə çörək gətirirdi,
"müəllimin bişirdiyi çörəkdir", - deyirdilər. Pis olurdum.
Fəxrəddin meyvə doğrayır, nimçəni qabağına çəkir, bıçağı mənə
uzadır, "götür, soy özün üçün", - deyir. Bıçağı alıram. O isə
danışır:
- Soruşursan necə oldu tutuldum? Deyim. Özüm özümü
tutdurdum.
- Niyə axı, pulun, hörmətin, müəllim adın, daha nə
istəyirdin? - səbirsizlik edirəm.
Fəxrəddin tələsmir, meyvənin dilimlərini tamam yedikdən sonra
qəzet parçası ilə ağzını silir:
- Çox pul qazanmaq istədim. Ona görə...
Təəccübüm ona ləzzət edir, intizarda saxlayır məni. Bu dəfə də
hər ikimizə çay süzür:
- Demək, İrana gedib-gəlməyə başladım. Oradan saqqız gətirirdim,
aparırdım Rusiyaya. Rusiyadan isə İrana "Maqna" siqareti vururdum.
Pulu ovucla götürüb yığırdım çantalara. Bir dəfə isə bir İranlı
uzaq qohumumuz tapıldı. Alış-veriş adamı idi. Bu taya tez-tez
keçirdi. Gəlişinin birində mənə tiryək gətirdiyini dedi və
satılması üçün yardım etməyimi istədi. Razılaşdım. Adam vardı, ona
dedim, gəlib götürdülər. Sonra bir neçə dəfə də təkrar olundu.
Həmişə də mənim zəhmətimə dəyər verirdi. Artıq mən özüm də buna
həvəs göstərirdim. Gürcüstanda bir dostum vardı. Gürcü idi, onunla
görüşdüm. Dedi, nə qədər olsa, gətir, götürərəm. İki həftə sonra
çox böyük çəkidə mal göndərdi. Özü də sonra gəldi. Məni Bakıya
çağırdı, orada görüşdüm. Nə isə, bunun yanında gürcü ilə telefon
əlaqəsi yaratdım. Bir həftə sonra gürcü gəldi rayona, malın pulunu
verib apardı. İranlı qohumla zarafat etmək istədim, zəng vurdum.
"Dolaşmışam, malı tutublar, mənə pul lazımdır, göndər işimi
düzüm-qoşum", - dedim. Telefonu qapatdı. Səhəri gün bir də zəng
vurdum, nömrəsi işləmirdi. Bakıda qaldığı evə zəng vurdum. Dedilər,
dünən təcili İrana getdi. İrandakı evinə zəng etdim, mənə dedi ki,
baba, mən səni tanımıram, mənim sən adda qohumum yoxdu. Dedim, a
kişi, bir mənə qulaq as. Asmadı. Qaldım belə. Bildim ki,
dəqiqləşdirəcək, tutulmuşam yoxsa yox. Cibimə 1 qramdan da az
tiryək qoydum. Bir nəfər "işverən" narkoman vardı, dedim ki, malım
var, satıram. Axşamüstü həmin malı ona verdiyim yerdə həbs olundum.
Dedim, elə budur, tapmışam, satıram. Danışıq etdilər, adın-zadın
var, filan qədər ver, işini bağlayaq. Dedim yox, qanun nə deyir,
onu da edin. Beləliklə, il yarım iş aldım. İranlı da əmin oldu ki,
həbs olunmuşam. Qohum – övlada dedim ki, xəbər alsa, deyin bütün
pulları verib canımı qurtarmışam, il yarım iş veriblər. Bax, şair,
bu da mənim, həbs olunmamın səbəbi.
Danışdı və ürəkdən güldü.
- Fedya, heç inanmağım gəlmir...
- Bu, sənin hüququndur, inanmaya bilərsən, - xeyli üzümə baxdı,
dərindən ah çəkdi, - heç mən də nə vaxtsa inanmazdım buna... Kim
istəyər ki, evindən, ailəsindən uzaq düşsün? Balalarımız üçün
əziyyət çəkmirikmi? Mən nə etdimsə, onlar üçün etdim...