Bu dəfə Yağmurun qonağı xalq artisti Rasim Balayevdir.
Onunla söhbətləşdik və bəlli oldu ki, Rasim Balayev həyatda heç
vaxt rol oynamayıb, baxmayaraq ki, bu dünyanı da səhnə hesab
edir...
Zaman mənim zamanım deyil
- Feysbuk profilinizdə belə bir statusa rast gəldim:
"İndi mənim zamanım deyil, ya gərək 100 əvvəl doğulaydım, ya da 100
il sonra. Nəyə görə belə düşünürsüz?
- Mən elə düşünmürəm ki. Reallıq budur. Mən bir neçə il bundan
öncə insanlarda olan səmimiyyəti indikilərdə görə bilmirəm. Ona
görə də belə düşünürəm. Elə bir insanam ki, kimsəni peşəsinə görə
qınamıram. Peşə Allah vergisidir, kimsə yaxşı şair olur, kimi
zəif... Kimi güclü aktyor, kimi isə güclü idmançı olur. İnsanlarda
öyrənmək, qavrama qabiliyyəti müxtəlifdir. İnsan hansı sahədə
olursa-olsun, insan olmalıdır. Hazırda isə insan qıtlığıdır. Elə
buna görə ətrafıma baxıram, görürəm ki, zaman mənim zamanım deyil.
Ya mən 50-60 il bundan qabaq olardım, ya da sonra... Çünki sonra
olsaydım, mən də indiki mühitə öyrəşəcəkdim. Mən öyrəşə
bilmirəm.
- Sizcə, keçmiş bundan gözəl idi, yoxsa gələcək gözəl
olacaq?
- Açığı, mən gələcəyə inanmıram. Çünki texnika inkişaf etdikcə,
insan urvatdan düşür. Keçmişdə insanlar o qədər də varlı
deyildilər. Böyük əksəriyyətin maşını yox idi, amma insanlar o
qədər səmimi idilər ki... Daim bir-birinin hayına, dadına
çatardılar. Amma indi bahalı evlərdə yaşayan, bahalı maşınlar sürən
qonşular bir-birini tanımır.
Teymurləngin dediyi reallıqdır, Nəsiminin arzusu
gözəl
- "Nəsimi" filmində Nəsimi Teymurlənglə üzbəüz dayanır,
bu ikisinin arasında kamillik və qorxu söhbəti gedir. Sizcə,
Teymurləngin təlimi üstün gəldi, yoxsa Nəsiminin?
- İnsan kamil ola bilmir. İnsanın müəyyən hissəsi kamil olsa da,
əksər hissəsi ola bilmir. Düzdür, Nəsiminin fikri, ideyası, arzusu
daha gözəldir. Amma Teymurləngin dediyi reallıqdır. İnsanlardan
danışdıqda təbii ki, bu siyahıya hər kəs aid deyil. Gözəl insanlar
da yetəri qədər var. Amma ümumi mənzərəyə baxanda görürsən ki,
cəmiyyəti iki şey saxlayır. Ya şüur, ya da qorxu hissi... İndi isə
nə şüur, nə də qorxu yoxdur. Bu da olur xaos yaradır.
- Sizcə, indi biz qorxusuzuq?
- Xeyr, müəyyən qaydalar var. Amma insanlarda vicdan qorxusu
yoxdur. Mənə elə gəlir ki, ən böyük qınaq yeri insanın özü, öz
vicdanı olmalıdır. Normal insan hər axşam yatağına girib özü ilə
bir iclas keçirməli, bu gün etdiyi bütün işlərə görə özünə hesabat
verməlidir. Əgər nəsə naxələf iş görübsə, gözünə yuxu getməməlidir.
Əgər hər şey normaldırsa, onda rahat yatmalıdır. Təəssüf ki, indi
bunu edən insanlar azdır.
- Zəif güclüdən qorxur. Hər zaman belə olub, indi də
belədir. Bəlkə insanın xarakteri bərabər yaşamağa imkan
vermir?
- Razıyam, kimsə mütləq fərqlənmək istəyir.
- Dünyadan narazısınızmı?
- Narazıyam...
- Yaxşı, onda belə dünyada ədəlatə inamınızı qoruyub
saxlaya bilmisinizmi?
- Yox, şübhələrim var. Amma hər halda hər kəs özünə aiddir. Mən
özüm ədalət prinsipini saxlaya bilmişəm. Bəlkə də polis, hakim
olsaydım, bu sözləri deyə bilməzdim. Bu gün vicdanımı ağrıdan səbəb
yoxdur. Amma elə sahələr var ki, orada buraxılan səhvlər insan
həyatını məhv edir. Məsələn, bir həkimin səhvi insan ölümünə,
hakimin səhvi bir ailənin faciəsinə səbəb ola bilir.
Bəzən biri yıxılıb, onu tərk edib getmişəm
- Deyirsiniz ki, ədalətlə bağlı şübhələriniz var. Hər
kəsdən ədalətli olmağı tələb etmək olmur, onda yol qalır insanın
özünün ədalətli olmasına... Siz özünüz necə, ədalətli
insansınız?
- İmkan daxilində. O qədər şeylər olub ki... Bəzən mən elə bir
yerdə olmuşam ki, biri yıxılıb, amma orda dayana bilmədiyim üçün
onu tərk edib getmişəm. Hansı ki, ona kömək edə bilərdim. Qısası,
məndən asılı olmayan vəziyyətlər olub.
- Bir az əvvəl söhbət edəndə dediniz ki, bir şeyi
sevdinizsə, ondan vaz keçə bilmirsiniz. Elələri varmi ki, onları
həyatınızdan çıxartmaq istəmisiniz, amma
bacarmamısınız?
- Olub, xüsusən də dostlarım... Bəzi dostlarla əlaqələrimi
kəsməyim məndən asılı olmayan səbəblərdən olub. Yadıma düşəndə buna
görə təəssüf edirəm. Amma çalışmışam ki, münasibətlərimiz davam
etməyəndə də onların pis yox, yaxşı anlarını xatırlayam.
- Şekspir deyir ki, həyat bir səhnədir. Rasim Balayev
səhnədən çıxıb, real həyata qayıdanda düşünürmü ki, həyat doğurdan
da bir səhnədir?
- Bəli, o çox ağıllı adam olub. Tam doğrudur. Hətta Hüseyn Cavid
də deyib ki, bu qocaman dünya bir səhnə demək, hər kəs aktyorluq
edər, bilməyərək...
Hərənin boynuna bir yük, bir iş düşüb. Hər kəs də onu daşıyır.
Kimi uğurlu, kimi uğursuz. Düşünürəm ki, aktyorluq ekran, səhnədə
olmalıdır. Həyatda aktyorluq edənləri sevmirəm.
- Həyat bir səhnədirsə, Rasim Balayev özünü bu səhnədə
hansı rolda görüb?
- Bütün insanlar kimi, mənim də pis vaxtım olub, dilxor vaxtım
olub... Yanlışlarım da öz yerində. Amma çox şükür ki, elə bir
yanlışım olmayıb ki, ona görə ömürlük vicdan əzabı çəkim.
Məsələn, təyyarəyə minəndə fikir vermişiniz? Bir az yuxarı
qalxdıqca hər şeyin necə balaca olduğu aydınlıqla görülür. Kosmosa
çıxsan, görəcəksən ki, yer kürəsi balaca bir səhnədir. İnsanlar da
onun üzərində dayanıb. Molla Nəsrəddinə sual verirlər ki, niyə bu
dünyada hərə bir yana gedir? Molla cavab verir ki, hamı bir tərəfə
getsə, dünya aşar. Ona görə də hərə bir yerə dağılır.
Vallah, mən necə olduğumu heç bilmirəm
- Həyat səhnədirsə, biz də onun oyunçuları, demək
rejissorlar da var. Sizin həyatınızın rejissoru kim
olub?
- O qədərdir ki... Bir deyil, beş deyil. Ətrafımda olan hər kəs
mənim rejissorumdur. Oxuduğum kitablar, böyüdüyüm mühit, mənim
genlərim, valideynlərim, çevrəm...
Mən Rasiməm, onlar obrazlardır
- İnsanlara görə siz təkcə Rasim Balayev deyil, həm də
Babək, Nəsimi, Beyrəksiniz... Bu obrazlardan hansını özünüzə daha
yaxın bilirsiniz?
- Heç birini... Mən Rasiməm. Onlar obrazlardır. Vallah, mən necə
olduğumu heç bilmirəm. Kənardan özümü qiymətləndirə bilmirəm. Hər
zaman vicdanlı, ədalətli olmağa çalışmışam. Kimlərəsə əl tutum,
kömək edim... imkan daxilində təbii...
- Sizcə, nəyə görə insanlar sizə ümid yeri kimi baxır?
Rasim Balayevə görə, yoxsa rollarınıza?
- Xeyr, yəqin eşidiblər ki, mən hər kəsi qəbul edən biriyəm.
Yekəxana deyil, kömək əli uzadan adamam. Məni tanıyan insanların
yanında xeyirxah obrazım var.
- Özünüzü xeyirxah sayırsınız?
- Xeyirxah olmaq üçün gərək böyük imkanların olsun. Mən öz
məhdud imkanlarım içində bunun öhdəsindən gəlmişəm. Məsələn, nazir
bir adama demişəm ki, Allah sizə savab qazanmaq üçün daha çox imkan
verib. İndi görün nə edirsiniz...
- Həyatınızda zorən yaşadığınız anlar çoxmu olub? Biz
bəzən içimizdə bədbəxt olub, üzdə gülmək zorunda qalırıq. Siz necə,
həyatda çoxmu rol oynamaq məcbiriyyətində qalmısınız?
- Mən həmişə Rasim olmuşam. Qəmli olmalıyamsa, qəmli oluram,
gülmək lazımdırsa, gülürəm. Heç vaxt özümü zorlamamışam. Kiməsə xoş
gəlmək üçün elə davranmamışam. Həyatdır, hər şey olur...
- "Həyatdır" sözünü yaman küskün dediniz... Sizcə,
həyata çox məna yükləməyə dəyərmi?
- Dəyməz, heç dəyməz... Amma bilirsiniz, məni nə üzür,
insanların savadlanmaq istəməməsi... Mənə elə gəlir ki, savad ən
çətin anda insanın əlindən tutur. Savadlı insanlar digərlərinə
nisbətən daha qürurlu, dözümlü olur. İnsan çox biləndə hər şeyi
düzgün dəyərləndirir, həm də vətənpərvər olur.
- Siz necə, özünüzü vətənpərvər hesab
edirsiniz?
- Əlbəttə, bir neçə festivalda vətənimi layiqincə təmsil
etmişəm.
- O festivallarda bir rolun məsuliyyəti daha ağır olub,
yoxsa azərbaycanlı olmağın?
- Əlbəttə, azərbaycanlı olmağın. Mən orada gərək özümü elə
aparam ki, Azərbaycan haqqında yaxşı fikirdə olsunlar.
"Neftçi" "Qalatasaray"ı 7-0 udmuşdu
- İndi necə, beynəlxalq aləmdə bizi təmsil edənlər bunu
layiqincə edə bilir?
- Bəli, edə bilirlər. Muğam ustalarımız, idmançılarımız var.
Pantomim teartı bizi yaxşı təmsil edə bilər. Çox təəssüf ki, başqa
teatrlarımız zəifdir, elə kinomuz da...
- Bizdə 60-80-çi illərdə gözəl filmlərimiz vardı. Amma
məsələn, Türkiyədə Yaşılcam filmləri zəifdir, onlar indi daha da
irəli gedir, bizim kino sənətisə demək olar ki iflic
vəziyyətdədir.
- Mən Yaşılcamda çox olmuşam. Onların filmləri bizim o zamankı
filmlərdən zəifdi. Onlarda çox şey bizdən sonra olub. Yadımdadır, o
vaxt "Neftçi" "Qalatasaray"ı 7-0 uddu. Yeddi sıfır eee! İndi isə
onlar bizi hər şeydə udur.
Kino çox gənc bir sənətdir. Hazırda bizdə tənəzzül dövrüdür və
belə gedərsə, hələ uzun müddət də heç nə dəyişməyəcək.
Bu sənətə Məcnun məhəbbəti lazımdır
- Gənc rejissor, aktyorlar sizi qane edir?
- Yox, mən heç onları tanımıram. Mən insanları daima işinə görə
tanıyıram. Son dövr elə film görmədim, soruşum ki, bu filmin
rejissoru kimdir... Kinonun geri qalmasının səbəbi budur ki,
seçimlər düz deyil. Sənət universitetlərinin imtahanı tam başqa cür
olmalıdır. Burada test üsulu ikinci plana keçməlidir. Biri tarixi,
riyaziyyatı zəif bilər, amma onda fitri istedad olar. Bizim
dövrümüzdə sənət insanlarını axtarıb tapırdılar. O vaxt bacaranları
bir neçə dəfə ələyib, sonra seçirdilər və heç vaxt burada
tapşırılmaqdan söhbət gedə bilməzdi. Bu gün lazimi bal toplaya
bilməyənləri gətirib qoyurlar aktyorluq fakultəsinə... Uğur
qazanmaq üçün üç şey lazımdır. Fitri istedad, zəhmət və şans...
Biri geridə qalsa, mümkün deyil. Bu sənətə Məcnun məhəbbəti
lazımdır. Mən bu gün onu görmürəm. Mən görürəm ki, gənclər gələn
kimi pulla maraqlanır. Bu sənətə gələn kimi istəyir ki, maşını,
yaxşı evi olsun, bu mümkün deyil. Mən "Nəsimi"də çəkiləndə işə
avtobusda sallana-sallana gəlirdim. 8-ci kilometrdə kirayədə
qalırdım. Filmdən sonra hökumət ev verdi.
Müəllim bizə tapşırıq verirdi, biz də məşq etmək üçün "Malakan"
bağının yanında bir dükan vardı, pul yığıb onun nəzarətçisinə araq
və kolbasa, çörək alıb verirdik ki, bizi içəri buraxsın. Vaxtın
necə keçdiyini bilmirdik, gecə saat 12-də qurtarıb çıxanda da
pulumuz olmurdu, düz "Sevil" kinoteatrının yanınadək piyada
gəlirdik.
İndi iki mahnı oxuyub olurlar sənətkar, maşın alıb villalarda
yaşamaqla beyinlər çaşır. Amma onlar anlamır ki, iki mahnı oxumaqla
deyil, əxlaqsız yolla qazanılır bunlar...
Həmin müğənnilərdən soruşanda deyir ki, mən "biznes"lə məşğul
oluram. İndi bunun adını "biznes" qoyublar. Nə "biznes"idir o?
Yalan söhbətdir hamısı... Bu da cəmiyyəti korlayır. Daş-qalaq
olunmalı adamlar indi hörmət sahibi olub. Əvvəllər belələrini heç
efirə buraxmazdılar.
- Amma indi dediyiniz adamlar cəmiyyətin elitası
sayılır...
- Elədir... Mən, mənim kimilər sənətə gələndə heç vaxt maşın
barədə düşünməmişdik. Bəzən heç filmə çəkiləndə pul da
almamışam.
- Məsələn, hansı filmdə?
- "Qatır Məmməd" filmini bir dəfə çəkmişdilər, yaxşı
alınmamışdı, filmi verdilər Rasim Ocaqova, o da məni Əziz roluna
təsdiq etdi. Hamımız qışın soyuğunda yarı ac-yarı tox, Qobustanın
sərt havasında o filmi ərsəyə gətirdik.
- Belə olmanıza peşman deyilsiniz ki?
- Xeyr, əsla peşman olmamışam.