Aparıcı Kamran Həsənli ilə müğənni Samir Piriyev
arasında yaranmış qalmaqal səngimək bilmir.
Ötən gün müğənni açıqlama verərək aparıcı Kamran Həsənli ilə
bağlı olan məhkəmə işində yeni məqamların ortaya çıxdığını, qarşı
tərəfin dələduzluğunu sübut edən faktlar toplanıldığını
bildirib:
"Artıq xeyli vaxtdır davam edən cinayət işinin araşdırmasında
sonra istintaqa məlum oldu ki, Kamran Həsənli Türkiyədə heç bir işə
pul qoymayıb. Bəlli oldu ki, qardaş ölkədə heç bir hesaba pul
köçürülməyib. Kamran məndən dələduzluq yolu ilə aldığı pulu heç
ölkədən kənara çıxarmayıb. Türkiyədən gələn bütün sənədlər artıq
Kamran Həsənlinin dələduzluğunu sübut edib". Müğənni onu da qeyd
edib ki, məsələ ilə bağlı gələn həftə mətbuat konfransı keçirib,
himayədarların kimliyini, onlarla bağlı sübutları, istintaqa mane
olan vəzifəli şəxslərin adlarını çəkib, ölkə başçısına müraciət
ünvanlayacaq.
Haqqında səslənən ittihamlarla bağlı aparıcı Kamran Həsənli ilə
Musavat.com əlaqə
saxlayıb. Aparıcı ittihamların əsassız və bundan öncə də səslənən
yalanların təkrarı olduğunu qeyd etdi:
"Bu artıq neçənci dəfədir ki, açıq-aşkar mətbuata yalan məlumat
verilir. Bundan öncə də demişdilər ki, guya bacım Gülər Həsənlinin
ölkədən çıxışına qadağa qoyulub. Halbuki, heç bir qadağa olmayıb.
Bacım yayda müəyyən işləri və istirahəti ilə bağlı xaricə getdi,
gəldi.
Niyə yalan danışırlar, bu, sual altındadır".
Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət
edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində
dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan
yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon
Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli
miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi
başlanıb.