Vergilər Nazirliyi ilə şou-biznes nümayəndələri arasında
borc qalmaqalı pik həddə çatıb. Adları nazirliyin "qara
siyahı"sında yer alan sənət adamlarının bəziləri vergi borclarını
versə də, tanınmışların çoxu "qara qəpik də verməyəcəyik" deyə
israr edir.
Azvision.az
xəbər verir ki, xalq artisti Gülyanaq Məmmədova hələ də vergi
borcunu ödəmədiyini deyib. Bildirib ki, bununla əlaqədar
nazirlikdən ona bir neçə dəfə zəng gəlib.
"Mənə zəng edib bildirdilər ki, nə vaxt vergi borcunuzu
ödəyəcəksiniz? Dedim ki, heç vaxt. Mən hər rüb üzrə qazandığım
gəlirə əsasən vergi ödəyirəm. Xəbərdarlıq edilmədən yazılmış borcu
ödəməyə imkanım yoxdur. Mən həmişə ödəniş etmiş adamam, niyə o
boyda borcum olmalıdır ki? Onlar mənə telefonda heç nə demədilər.
Mədəni şəkildə sağollaşdılar.
Mən hamilə qadınam, toylara çətinliklə, ağırı içində gedirəm.
Əlimdə pul olmalıdır ki, uşaq olandan sonra ona baxım. Axı 2-3 ay
işləyə bilməyəcəm".
Ölkədən çıxışına qadağa qoyulan müğənni Abbas Bağırov borc
məsələsinin həll edilmədiyini söyləyib.
Adının Vergilər Nazirliyinin "qara siyahı"sına salınması müğənni
Sevinc Musayevanı qəzəbləndib. Sənətçi bu xəbəri eşidəndə
əsəbləşdiyini deyib.
"Adım siyahıya salınan zaman Gəncədə idim. Xəbəri eşidib
əsəbiləşmişdim. Hər dəfə vergi borcunu ödəmişəm. İndiyə kimi bir
dəfə də olsun gecikməm olmayıb. Öz mətbuat xidmətimə dedim ki,
Vergilər Nazirliyinə getsəm, aləm bir-birinə dəyəcək. Elə edin ki,
ora gəlməyim. Yaxşı olar ki, özünüz həll edəsiniz. Ondan sonra bu
məsələ ilə maraqlanmıram. Qazancım olmayanda da 100, 200 manat
rüsum ödəmişəm".