Estradamızın gənc müğənnisi Ramal Əsədzadə ilə
"Axar.az"ın redaksiyasında görüşdük. Həmsöhbətimizlə estradamızın
bu günü, eləcə də şou-biznesdəki durum haqqında fikir mübadisləsi
apardıq.
Vəziyyət yaxşı deyil
- Ramal bəy, siz az bir müddətdə kifayət qədər
populyarlaşmısınız. Şou-biznesdə adınız hallanır. Sizcə, bu gün
Azərbaycan şou-biznesinin vəziyyəti necədir?
- Konkret olaraq deyə bilərəm ki, Azərbaycan estradasının
vəziyyəti yaxşı deyil, eləcə də şou-biznesin...
- Səbəbini nədə görürsüz?
- Səbəb əlbəttə ki, kommersiya. Azərbaycanda prodakşnlar
fəaliyyət göstərə bilmir. Türkiyə və Rusiya ilə müqayisədə, bizdə
peşəkarlığı və işgüzarlığı ilə seçilən prodakşnlar yoxdur.
- Fikrinizcə, prodakşnlar necə fəaliyyət
göstərməlidir?
- Sizə Türkiyə və Rusiyada prodakşnlarından nümunə göstərə
bilərəm. Bu ölkələrdə gənclərə çox dəstək olurlar. İlkin mərhələdə
gənc müğənniləri vokal müəllimi ilə təmin edirlər. Danışıq
qabiliyyəti öyrədirlər və sair. Sonrakı mərhələdə isə müğənninin
piar-meneceri kimi çalışırlar. Bütün bunlardan sonra həmin insanı
ulduz edirlər. Amma bizdə belə bir şey yoxdur.
Əvvəlcədən pul almasalar, yaxın durmurlar
- Azərbaycanda prodüserlik institutu varmı?
- Düzdür, prodüserliklə məğul olmaq istəyən dostlarım çoxdur,
ancaq məndən inciməsinlər, Azərbaycanda prodüser yoxdur. Misal üçün
Təranə xanım, Mədinə xanım, Tolik və sair. Təranənin xətrini çox
istəyirəm, amma ona prodüser demək olmaz. Təranə piar-meneceridir.
Türkiyədə, Rusiyada, Amerikada prodüser müğənnini sıfırdan götürür,
ona maya qoyur və nəticəsini görəndə pulunu alır. Bizdə belə deyil,
əvvəlcədən pul almasalar, yaxın durmurlar.
- Sizə elə gəlmir ki, Azərbaycan estradasının ən böyük
problemi istedadsızlıqdır?
- Düzdür, ona qalsa, gərək müğənnilərin 90 %-nin efirə çıxmasına
qadağa qoyula.
Arzum "Qurtlar vadisi"ndə çəkilməkdir
- Siz necə, özünüzü istedadlı müğənni
sayırsınız?
- Mən özüm böyük bir məktəb keçmişəm. Musiqi təhsilim, danışıq
qabiliyyətim, dünya görüşüm var. Azərbaycan Dövlət İncəsənət
universitetinə ən yüksək balla qəbul olunan tələbələrdən
biriyəm.
- Bir müddət bundan öncə serialda rol almışdınız. İndi
necə, seriala dəvət alsaydınız razılıq verərdiniz?
- Bəli, "Sindrom" serialında rol almışdım. Lakin rolumun
öhdəsindən gələ bilmədiyim üçün çəkilmədim. Baxmayaraq ki, müğənni
olduğumuza görə aktyorluğu da bacarmalıyıq. Arzum dünyaca məşhur
olan "Qurtlar vadisi" serialında çəkilməkdir.
Hər hissə üçün 500 alırdım
- "Rolun öhdəsindən gələ bilmədim", - dediniz, bəlkə
aldığınız qonorar sizi qane etmədi?
- Qonorar normal idi. Hər hissə üçün 500 AZN alırdım. Dünyaca
məşhur olan "Möhtəşəm yüz il" serialındakı Süleyman rolunu
canlandıran Xalid Kvanç çəkildiyi hər bir seria üçün bizim pulla 32
min manat alır.
Toyda oxumağı sənət hesab etmirəm
- Toylara gedirsiniz? Gizli deyilsə,
neçəyə?
- Mən başqa müğənnilər kimi özümə konkret qiymət qoymuram.
Danışıqdan asılıdır, bəlkə birinin imkanı yoxdur.
- Toyu müğənnilər üçün məktəb hesab etmək
olarmı?
- Toy, toy üçün məktəbdir, səhnə üçün yox. Mən illərdir
oxuyuram, lakin özümü il yarımdır professional müğənni olaraq
görürəm.
Röyanın bir mahnıya 200 min xərci çıxdı
- Niyə müğənnilərimiz daha çox Türkiyəyə üz tuturlar?
Orada yaxşı pul qazanırlar, yoxsa bu bir piardır?
- Yox, gəlir yoxdur. Röya xanım özü orada bir mahnı yazdırdı,
200 min manat xərci çıxdı. Əgər gedib pul qazanmayacaqsa, niyə bunu
edirlər, anlaya bilmirəm. Sizə misal gətirim, Türkiyə ulduzlarından
Yıldız Tilbə və Yıldız Usmanova efirdə dəfələrlə etiraf ediblər ki,
biz Türkiyədə pul qazana bilmirik. Mənim fikrimcə, istər Aygün,
istər Brilyant, istərsə də Röya Ayxanın əziyyətləri özlərinə qalır.
Bu müğənnilərin hər üçü güclü müğənnilərdi, onların Türkiyə
şou-biznesinə qatılmaq düzgün fikir deyil.
Sevil və Sevinc bacıları danışıqlarını
bilmir
- Səhnəmizə yaraşmayan müğənni varmı?
- Bizdə Sevil və Sevinc bacıları var. Hər ikisi bir araya
gələndə baxırsan ki, istedadlı xanımlardı. Görünüşləri də pis
deyil, sadəcə, bu insanların danışıq qabiliyyəti yoxdur. Onlar
ağızların açıb danışanda başıma qaynar su tökülür elə bil.
- Soyunmaqla yadda qalmaq mümkündür, yoxsa
qalmaqalla?
- Soyunmaqla yadda qalmaq mümkün deyil, çünki kifayət qədər
soyunan var, bu artıq yararsız üsuldur. Bu gün qalmaqalla yadda
qalmaq olur.
Sevda Yəhyayeva və Ruhi oxuya bilmir
- İfasını bəyənmədiyiniz müğənnilərdən kimin adını
açıqlaya bilərsiniz?
- Məndən inciməsinlər, bir çoxu mənim dostlarımdı, sadəcə, mən
arxada danışmağı sevmirəm. Sevil və Sevinc bacıları, Sevda
Yəhyayeva, Ruhi xanım müğənnilikdən uzaqdırlar. Ruhi gözəl xanım və
gözəl insandır. Amma oxumaq üçün bu xanımın səsi yoxdur. O bunu
anladı və oxumağın daşını atdı.
- Özünüzə rəqib kimi görürsünüz?
- Bizim estradada, şou aləmində olan hər kəs mənə rəqibdir.
Əvvəl düşünürdüm ki, mənə rəqib yoxdur. Sonra düşündüm ki, bu
yanlış fikirdir. Səhnədə olan hər kəs mənə rəqibdir.
Kalan qazanmışam
- Müğənnilərin sayının artmasını nədə
görürsünüz?
- Bu yaxınlarda ailəmlə bir türk filminə baxırdıq. Atam elə
birdən dedi ki, bu nədir, filmlərin hamısı eyni formada çəkilib.
Kasıb olur, gedir sonra müğənni olur varlanır. Açığı, indi bizdə də
belədir, sənətə gələn müğənnilərin bir çoxu pul qazanmaq üçün
gəlirlər.
- Peşəkar səhnəyə gələndən sonra qazancınız necə
olub?
- Özümə görə kalan pul qazanmışam, məni qane edir.
- Üzeyirin bayağı oxuduğunu deyirlər. Bayağı oxumaq
nədir?
- Bu insanın musiqiləri 99 faiz plagiatdır. Özbək və kürd
musiqilərindən bəhrələnir. Mahnının sözlərini götürüb dəyişib,
oxuyur. Lakin uğurlu da alınır, sevənləri də çoxdur.
Faiq Ağayevi heç "C" kateqoriyasında belə
görmürəm
- Özünüzü hansı kateqoriyada görürsünüz?
- Azərbaycanda kateqoriya yoxdur, ola da bilməz.
- Faiq Ağayev özünü "A" kateqoriyası kimi təqdim
edib…
- Yox, mən Faiq Ağayevi heç "C" kateqoriyasında belə
görmürəm.
- Müğənnilərdən kimə paxıl deyərdiniz?
- Mənim üçün ən paxıl müğənni, Əli Mirəliyevdir.