Məşhur sənətçilərin səhnə fəaliyyətləri ilə yanaşı,
şəxsi həyatları da həmişə tamaşaçıda böyük maraq doğurub. Onların
sənətə gəlişlərindən tutmuş, şəxsi həyatlarına qədər açdıqları
sirlər həmişə maraqla qarşılanıb.
Tanınmış sənət adamları bu dəfə ilk sevgi münasibətləri ilə
bağlı xatirələrini Axar.az-la bölüşüb.
Göygöz qız
Xalq artisti Ramiz Novruz göygöz qıza sevgisini
xatırlayır:
"Mənim ilk sevgi macəram orta məktəbdə başlayıb. Bizi onunla
birləşdirən səhnə idi. O, məktəbdə məndən iki sinif aşağı oxuyurdu.
Balaca, göygöz bir qız idi. Bir dəfə məktəbdə tədbir təşkil
olunmuşdu. Tədbirdə mən də çıxış edirdim, o da. Səhnəyə çıxdı, o
vaxt məşhur olan bir mahnını – "Ay gilənar, ay gilənar, bağımızın
gül səsisən" mahnısını ifa etdi. Sonra anladım ki, mən həmin
mahnını tez-tez eşitmək istəyirəm. Bir də gördüm, ona dəhşətli
dərəcədə bağlanmışam. Sonra biz həmin göygöz qızla ailə həyatı
qurduq və indi evliyik".
O yaşımda sünnət olundum
Xalq artisti Arif Quliyevin evi olmadığına görə ilk
sevgilisi ondan üz döndərib:
"Mingəçevirdə məktəbdə oxuyanda bir dəfə bağda gəzirdim. Bir qız
gördüm, adı Sevinc idi. Çox gözəldi. Onun gözəlliyi hələ də
yadımdan çıxmır. Biz onunla tanış olub, görüşməyə başladıq. Sonra o
məni öz rəfiqəsi Dünel ilə tanış etdi. Mənim ondan da xoşum gəldi.
Beləliklə, başladım bunların ikisi ilə də görüşməyə: həftənin 3
günü biri ilə görüşürdüm, 4 günü biri ilə. Günlərimiz belə də
keçirdi. Qızların ikisinin də bir-birindən xəbəri olmurdu. Sonra
mən əsgər gedəsi oldum. Hərbi xidmətdə olanda qızlar xəbər tutublar
ki, bəs, mən internatda böyümüşəm və kiçik toyum olmayıb.
Əsgərlikdən qayıdandan sonra Sevinc mənim üzümə dedi ki, sən
internatda böyümüsən, evin yoxdur, ona görə də evlənə bilmərik.
Dünel də dedi ki, sən internatda böyümüsənsə, demək, sənin kiçik
toyun olmayıb, ailəm bizim evlənməyimizə icazə verməz. Bu hadisə
mənə o qədər təsir etdi ki, gedib o yaşımda sünnət olundum. Hər
dəfə o günü xatırlayanda məni ağlamaq tutur".
Sirr kimi...
Aktrisa Mehriban Xanlarova ilk sevgisini məktəb
illərində yaşayıb:
"İlk sevgimi məktəb illərində yaşamışam. O vaxt sinfimizdə bir
oğlan var idi, onu sevirdim. Düzdür, ona sevdiyimi heç vaxt
demədim. Həmişə sirr kimi içimdə saxladım... Sonradan o hisslər
keçib getdi".
İlk və tək sevdiyim
Aktyor Elməddin Cəfərov da ilk sevdiyi qadınla ailə
həyatı qurub:
"Mənim bu həyatda ilk və tək sevdiyim qadın həyat yoldaşım olub.
Biz onunla universitetdə tanış olmuşuq, düz 4 il eyni qrupda
oxuduq. Ali təhsil aldıqdan sonra da evləndik. Şükür Allaha, indi
də 2 övladımız var, hər şey əladır".
Macəra dolu Amerika
Müğənni Miri Yusifin ilk sevgisi ona böyük çətinliklər
yaşadıb:
"Məktəb illərindən başlayan sevgimin arxasınca Amerikaya getdim.
O zaman aeroportda tək qaldım: arxasınca okeanı keçdiyim xanım məni
qarşılamadı. Elə bununla da həyatımda ən çətin, lakin maraqlı
günlər başladı. Bank hesabımda 1 dollar belə olmadığı halda mən
Amerikada yaşamağa başladım. Baxmayaraq ki, həmin vaxtlarda
"Dəyirman" çox populyar idi, konsertləri anşlaqla keçirdi. Hətta
qabyuyandan ofisianta qədər hər bir işdə çalışdım. Qalmağa yerim
olmadığı üçün üfürülən döşəyim ilə işlədiyim yerdə qalırdım.
"Karantin" adlandırdığım bu dövrdə yeni ruhda, yeni tərzdə mahnılar
yazmağa başladım. Vaxt keçdi və mənim həyatım öz axarına düşməyə
başladı. Bakıya gəldiyim bir vaxtda konsertdə bir qızla
qarşılaşdım. Ertəsi gün həmin qız ailəvi dostu Fidan Qasımova ilə
bizim evə gəldi. Cəmi bir ay sonra həmin xanımla ailə qurduq".