Amerika jurnalistləri
Birləşmiş Ştatların İranla sövdələşməsinə dair sensasion faktları
üzə çıxarıblar.
Virtualaz.org
xəbər verir ki, "Uolt Strit Jurnal" qəzeti Konqresdəki mənbələrə
istinadən bu ilin əvvəllərində ABŞ-ın İrana 3 hərbi yük təyyarəsi
dolu nağd dollar göndərdiyini yazır. Bu, İranla nüvə razılaşması və
3 ABŞ vətəndaşının İranda girovluqdan azad edilməsi sövdələşməsi
çərçivəsində həyata keçirilib.
Bundan əvvəl həmin qəzet yanvar ayında ABŞ-ın üç girovun
azadlığa buraxılması üçün İrana 400 milyon dollar ödədiyini
yazmışdı. Əvvəl Birləşmiş Ştatlar administrasiyası bu məlumatı şərh
etməyib. Lakin qalmaqal böyüyəndən sonra açıqlayıb ki, həmin pullar
təkcə girovların buraxılması üçün yox, nüvə razılaşmasının və İrana
qarşı sanksiyaların ləğvinə dair anlaşmanın çərçivəsində Tehrana
verilmişdi. Özü də söhbət şahın dövründə İranın silah almaq üçün
ABŞ-a ödədiyi 400 milyon dollardan gedirdi. Hansı ki, islam
inqilabından sonra ABŞ həmin pulları dondurmuşdu və İrana
qaytarmaqdan imtina edirdi.
İndi isə məlum olur ki, ABŞ İrana həmin sövdələşmə çərçivəsində
400 milyon dollar yox, cəmi 1.7 milyard dollar nağd pul verib.
Qəzetin yazdığına görə yanvar və fevral aylarında İran Hərbi Hava
Qüvvələrinin üzərində tanınma nişanı olmayan, içərisi nağd dollarla
dolu üç yük təyyarəsi Cenevrədən havaya qalxıb və Tehrana enib.
Təyyarələrin göyərtəsində cəmi 1.7 milyard dollar olub.
İlk təyyarə yanvarın 17-də Tehrana enib və göyərtəsində 400
milyon dollar olub. Əgər ABŞ banknotlarının çəkisinin 1 qram olduğu
nəzərə alınsa və İrana göndərilən pulların 100 dollarlıq
kupyurlardan ibarət olduğu ehtimal edilsə bu, 4 ton ağırlığında
dollar deməkdir. Lakin pullar İranın istəyi ilə başqa valyutalara
dəyişdirilib və bu baxımdan təyyarələrin daşıdığı pulların çəkisi
barədə ancaq dollar ekvivalenti ilə rəqəm demək olar.
İkinci təyyarə yanvarın 22-də, üçüncüsü isə fevralın 5-də
Tehrana enib. Bu təyyarələr İrana cəmi 1.3 milyard dollarlıq nağd
avro və İsveçrə frankı aparıb. Bu isə təxminən 13-15 ton
ağırlığında nağd pul deməkdir.
Konqresdəki mənbə bildirib ki, birinci 400 milyon dolları
İsveçrəyə enən İran hərbi yük təyyarəsi aparıb. Həmin pullar İranın
istəyi ilə Hollandiya və İsveçrə mərkəzi banklarında başqa
valyutalara dəyişdirilib. Qəzet yazır ki, İran şahı Rza Pəhləvinin
silah almaq üçün ABŞ-a verdiyi həmin 400 milyon dollar faizləri ilə
birlikdə 1.7 milyard dollar edirdi və İran pulları geri almaq üçün
Haaqa məhkəməsinə müraciət etməyə hazırlaşırdı. ABŞ isə uduzacağını
başa düşərək pulları qaytarıb, eyni zamanda amerikalı girovların
buraxılmasına nail olub.
ABŞ Maliyyə Nazirliyinin rəsmisi Daun Silak qəzetin yazdıqlarını
təsdiqləyərək deyib ki, İrana ödənilən nəğd pullar Amerikanın bu
ölkəyə qarşı son illər tətbiq etdiyi sanksiyaların effektivliyindən
irəli gəlirdi. Çünki İran bu sanksiyalar nəticəsində beynəlxalq
maliyyə sistemindən təcrid olunmuşdu.
Qəzetin yazdığına görə prezident Barak Obama İrana aid pulların
baza hissəsinin qaytarılmasına sərəncam verəndə Tehran 3 amerikalı
girovu həbsxanadan buraxıb. Lakin pullar Tehrana gələnə qədər
onların ölkədən çıxışına icazə verməyib. İrandakı mənbələr
bildiriblər ki, 400 milyon dolları gətirən təyyarə Tehranın Mahabad
aeroportuna enən kimi amerikalıar İranı tərk ediblər. Sonrakı
həftələrdə isə 1.3 milyard dollar Tehrana çatdırılıb.