Ermənistanda oktyabrın 2-də keçirilən bələdiyyə
seçkiləri bəzi müxalifət partiyalarını məyus edib. Hər halda
onların ümid etdikləri səsləri almadıqları görünür.
Musavat.com
xəbər verir ki, həmin gün ölkənin 292 şəhər və kənd icması, o
cümlədən Ermənistanın İrəvandan sonra ən böyük şəhərləri sayılan
Gümrü və Vanadzorda (Qarakilsə - red.) yerli özünüidarəetmə
orqanlarında təmsil olunacaq nümayəndələr seçiliblər.
Seçkilərdə hakim Respublika Partiyasının qələbə qazandığı elan
olunub. Belə ki, Gümrüdə hazırkı mer Samvel Balasanyan 34,64% səslə
qalib gəlib. Müxalifətdə hesab olunan Rifah Partiyası 21, 7% səslə
2-ci yeri, Erməni Dirçəlişi Partiyası 10,62% səslə 3-cü yeri, QALA
Partiyası 10,49% səslə 4-cü yeri, 5,77% səslə Vəhdət Partiyası 5-ci
yeri, Gümrü Ruhu Partiyası isə 5, 74%-lə 6-cı yeri tutub.
Hakim koalisiyada olan Daşnaksütyun 5,36%-lik səslə 7-ci yerlə
kifayətlənib.
Ermənistan mətbuatının yazdığına görə, Alyans, Vətəndaş
Müqaviləsi, Ermənistan Milli Konqresi kimi müxalifət partiyaları
bələdiyyə seçkilərində uduzublar. Rəsmi rəqəmlərə inanılsa, onların
2%-lik bayeri keçmədyi görünür.
Ermənistanın Mərkəzi Seçki Komissiyasının Vanadzor üzrə verdiyi
rəqəmlər də təxminən eyni nəticələri nümayiş etdirib.
Belə ki, burada hakim Respublika Partiyası 37,55%-lik səslə ilk
sıranı tutub. Maarifpərvər Ermənistan 27,54%-lə 2-ci yerdə, Erməni
Dirçəlişi 13,27%lik səslə 3-cü yerdə, Ermənistan Rifah Partiyası
7,26%-lə 4-cü, Daşnaksütun isə 6,37%-lə 5-ci yerdə qərarlaşıb Bu
şəhərdə də keçirilən seçkilərdə də klassik müxalifətin Ermənitstan
Milli Konqresi və Vətəndaş Müqaviləsi partiyalarının 5%-lik baryeri
keçmədikləri və bu səbəbdən yerli özünü idarətmə orqanlarında yer
qazana bilmədikləri qeyd olunub.
Mətbuat bir sıra "bitərəf" namizədlərin seçkilərdə zəfər
qazandığını yazır. Belə ki, hakim partiya bəzi şəhərlərdə hazırda
vəzifədə olan merləri deyil, onların opponentlərini
dəstəkləyib.
Məsələn, Geqarkunik vilayətinin Sevan şəhərində hakimiyyət
şəhərin meri və Respublika Partiyasının üzvü Rudik Qukasyanın
yerinə onun "opponenti" Sərgis Muradyanı dəstəkləyib. Təbii ki,
belə olan halda sonuncu "qələbə çalıb". Eyni əyalətin Martuni
şəhərində də respublikaçı Baqrat Arutunyan "müstəqil" namizəd Armen
Avetisyana "uduzub".
Respublika Partiyasında isə qələbəni bayram edirlər. Partiyanın
mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov
partiyasının yerli özünü idarəetmə orqanlarına keçrilən seçkilərdən
zəfərlə ayrıldğını bəyan edib. Onun sözlərinə görə, müxalifət bu
seçkilərdə fiaskoya uğrayıb.
Ermənistan müxalifəti seçki prosesinin və səsvermənin olduqca
aşağı səviyyədə rəqabət şəraitində keçirildiyini bildirib.
Müxalifət hakimiyyətin karusel, seçicilərin pulla ələ alınması kimi
metodlardan gen-bol istifadə etdiyini bəyan edib.
Müxalifət nümayəndələri bələdiyyə seçkilərinin ölkədəki siyasi
situasiyanı dəyişdirməklə bağlı heç nəyi həll etmədiyini
açıqlayıblar.
Ermənistanın Miras Partiyasının sədri Armen Martirosyanın
sözlərinə görə, hakimiyyət bələdiyyə seçkilərinə daha ciddi
yanaşaraq öz mövqelərini əyalətlərdə möhkəmləndirib. "Burada sadə
bir mexanizm hökm sürür: pulu kim verirsə, musiqini də o sifariş
edir. Bizim yerli orqanlar mərkəzdən asılı olduqları və aydındır
ki, oradan gələn bütün pullar qubernatorlar tərəfindən paylanıldığı
üçün hakim partiyanın nümayəndələri bu seçkilərdə uğur qazana
biliblər".
Martirosyanın sözlərinə görə, hakimiyyəti yerli orqanlarda
deyil, ümumi dövlət səviyyəsində dəyişmək lazımdır.
Ermənistanın Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol
Paşinyan da yerli orqanlara keçrilən seçkilərdə partiyasının aldığı
səsləri təhlil edəcəklərini söyləyib. Onun sözlərinə görə, xalqın
iradəsi olmadan hakimiyyəti dəyişmək mümkün deyil: "Ermənistanda
vahid institusional müxalifət yaranmadıqca, hakimiyyətin də
dəyişməsi mümkünsüzdür. Doğrudur, aramızda (müxalifət partiyaları
arasında – red.) müttəfiq münasibətlərinin qurulmasını təsəvvür
emtək çətindir. Lakin hazırda vahid siyasi müxalif qüvvənin
yaranmasının vaxtıdır", - o parlamentdə jurnalistlərlə söhbət
edərkən bildirib.