Bu qənaət nə qədər axmaq səslənsə də, III Dünya
müharibəsi artıq başlayıb.
Axar.az xəbər verir ki, bu barədə İngiltərənin "İndependent"
qəzetində yer alan məqalədə deyilir.
Yazıda dünyanın dörd bir tərəfində müharibənin davam etdiyi qeyd
olunub:
"Doğrudur, bu müharibə Şimali Almaniya çöllərində supergüclərə
aid tankların bir-birini qovması şəklində getmir. Amma yaxşı diqqət
etsək, görərik ki, dünya od içindədir. Söhbət bütün xırda
münaqişələri mutasiya edərək ən azı ABŞ, Çin və Rusiyanın iştirak
etdiyi böyük müharibəyə çevrilib-çevrilməyəcəyindən gedir.
Biz hələ 1945-ci ildən bəri, 1962-ci ildə baş vermiş Kuba raket
böhranı kimi qorxulu vaxtlara çatmamışıq, amma heç şübhəsiz riskli,
qeyri-sabit və qeyri-müəyyən zəmanədə yaşayırıq. Dünyada təxminən
195 ölkə var. Bunlardan yalnız 5-10 ölkə sözün əsl mənasında sülh
içindədir. Qlobal Sülh İndeksinə görə yalnız İslandiya və onun
ardınca Danimarka, Avstriya, Yeni Zelandiya, Portuqaliya, Çexiya,
İsveçrə, Kanada, Yaponiya, Sloveniya və Finlandiya tam sülh
şəraitində yaşayır.
Dünya əhalisinin isə yalnız kiçik hissəsi bu ölkələrdədir.
Münaqişələrdə yaşayan ölkələrin siyahısı daha uzundur".
Məqalədə Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ
münqişəsinin də region üçün təhlükə mənbəyi olaraq qaldığı qeyd
edilib:
"Münaqişələr arasında Suriya, Əfqanıstan, İraq, Ukrayna, Boko
Haram kimi məşhur olanları da var, Birma, Ermənistan və Azərbaycan
münaqişələri kimi haqqında az bildiklərimiz də… Bu münaqişələrin
adları müxtəlifdir, lakin "sivilizasiyalar toqquşması" hələ baş
verməyib. Hələ ki, dünyanın müxtəlif qrupları arasında xaotik,
qarma-qarışıq xırda müharibələr gedir".
Yazıda Trampın prezident seçiləcəyi təqdirdə dünyada baş verə
biləcək hadisələrə toxunulub. Respublikaçı namizədin NATO-nu
dağıtmaq planının isə əsl fəlakət olacağı deyilir:
"Tramp bəlkə də Klintondan daha yaxşı ola bilər. Amma nəyin
bahasına? O artıq NATO-nu dağıtmaq, Baltik ölkələrini müdafiəsiz
qoymaq kimi fikirlər səsləndirib. Bu, Estoniya, Latviya, Litvanı
Avrpopa İttifaqından ayırıb Rusiyanın təsir dairəsinə qaytarmazmı?
Eyni hadisə Rusiya təcavüzü ilə üzləşmiş Gürcüstanın da başına gələ
bilər.
Rusiya 1970-ci illərdən bəri özünün ekspansionizmini görünməmiş
şəkildə artırıb və bu, Hitlerin fürsətçi torpaq qəsbkarlığına
bənzəyir. Lakin bu o demək deyildir ki, amerikalılar ruslarla istər
adi silahlarla, istərsə də nüvə silahı ilə əlbəyaxa olacaq.
Soyuq müharibə illərində baş vermis müharibələrdə hökumətlər və
qiyamçılar amerikalıların, rusların və nadir hallarda çinlilərin
adından müharibə aparırdılar. Yalnız nadir hallarda, məsələn, ABŞ
Koreyada və Vyetnamda və ya Rusiya Əfqanıstanda olduğu kimi
supergeclərin özləri döyüşüblər. 1970-ci illərdə Əfqanıstanda ABŞ
və Mərkəzi Kəşfiyyat İdarəsi ruslarla döyüşən mücahidlərə dəstək
verib. ABŞ-ın Cənubi Afrikanı dəstəklədiyi illərdə ruslar Anqolada
döyüşmək üçün kubalıları göndəriblər. İsrail-Ərəb müharibələri də
aşağı-yuxarı supergüclərin pərdəarxası müharibəsi olub. Bu
müharibələrdə yerli müttəfiqlər istər ruslardan, istərsə də
amerikalılardan qat-qat çox itki veriblər. İndi də bu proses davam
edir. Amma fərq burasındadır ki, ortada daha ölümcül silahlar
var".