Bütün dünyanın diqqəti Suriya və İraqda olduğu bir
vaxtda Türkiyə mətbuatı 1980-ci ildə qiyam yolu ilə hakimiyyətə
gələn mərhum prezident Kənan Evrənin bu məsələlərlə bağlı maraqlı
açıqlamasını gündəmə gətirib.
Axar.az xəbər verir ki, Evrən 1998-ci ildə iştirak etdiyi
televiziya proqramlarının birində Prezident Turqut Özalın hələ
1991-ci ildə Mosul və Kərkükü almağı planlaşdırdığını demişdi.
"O zaman prezident deyildim. Ziyarətimə gələn Turqut Özalın
yanında başqa şəxslər də var idi. O, "Biz İraqa girsək necə olar?
Mosul və Kərkükü ala bilərik", - dedi. Mən də ona, "Qətiyyən bunu
etmə. Ərəb dünyası bizə qarşı gələr. Doğrudur, ərəblər bizimlə
dostdur, amma bizə qarşı çıxarlar. Digər tərəfdən də o şəhərləri
bizə verməzlər, söylədim", - deyə Evrən bildirib.
Mərhum prezident 18 il əvvəlki açıqlamasında tarixi "Sevr"
müqaviləsinin heç bir zaman gündəmdən düşmədiyini də əlavə
etmişdi:
"Sevr" razılaşmasını mənim prezidentlik dönəmimdə də canladırmaq
istədilər. Bunu demişdim. Həm kürd dövlətinin qurulmasını, həm də 3
vilayətimizin verilməsi məsələsini müəyyən zamanlarda dilə
gətirmişdilər. İndi də eyni məsələlər müzakirə edilir. Lakin bunu
heç bir vaxt həyata keçirə bilməzlər".
Qeyd edək ki, ötən il vəfat edən Kənan Evrən 1980-ci ildə hərbi
qiyam yolu ilə hakimiyyətə gəlmiş və 9 il ölkəni idarə etmişdi.
Turqut Özal isə 1989-1993-cü illərdə Türkiyə prezidenti
olub.