Parisdəki etirazçılardan biri kütləvi nümayişlər zamanı ürək dayanması nəticəsində ölüb.
Axar.az xəbər verir ki, bu barədə “France 24” kanalı məlumat yayıb.
Fransa baş nazir Sebastyan Lekornunun sözlərinə görə, şənbə günü ölkədə keçirilən etiraz aksiyalarında təxminən 1200 nəfər saxlanılıb, 150 polis əməkdaşı isə xəsarət alıb.
Yalnız Parisdə ötən gün 855 nəfər saxlanılıb. Paris merinin müavini Lamia Əl-Araje bildirib ki, şəhər əvvəllər müşahidə olunmamış səviyyədə zorakılıqla üzləşib.
Paytaxt polisinin məlumatına görə, etiraz aksiyaları nəticəsində 13 polis və iki yanğınsöndürən yaralanıb.
Şənbə günü on minlərlə insanın iştirakı ilə Parisin şərq və şimal hissələrində keçirilən yürüşdə etirazçılar "Hamı polisə nifrət edir", "Makron, rədd ol" kimi şüarlar səsləndiriblər.
Bildirilib ki, toqquşmalar icazəli yürüş ərəfəsində iştirakçıların Respublika meydanına toplaşdığı zaman baş verib. Polis əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Aksiyaya oğlu ilə birlikdə qatılmış 47 yaşlı Jül Petrikor deyib ki, əvvəlcə vəziyyət sakit idi, lakin sonradan polis gözlənilmədən qazdan istifadə etməyə başladı. Onun sözlərinə görə, bu, vəziyyəti gərginləşdirib və eskalasiyanın daha da artmasına səbəb olub.
Etiraz aksiyaları nəticəsində Limoj şəhərinin tarixi bələdiyyə binasında yanğın baş verib. XIX əsrə aid bina ciddi ziyan görüb. AFP-nin məlumatına görə, binanın dam örtüyü çöküb, fasadın isə təxminən üçdə ikisi məhv olub.
Sent-Etyendə 17 yaşlı etirazçı təhlükəsizlik qüvvələri tərəfindən istifadə edilən qumbaranın partlaması nəticəsində əlini itirib. İlkin məlumatlara görə, partlayış yeniyetmənin qumbaranı yerdən götürdüyü anda baş verib.
Baş nazir Sebastyan Lekornu hadisəni pisləyib və məsuliyyət daşıyanların cavab verəcəyini bildirib.
Paris meri Emmanuel Qrequarın sözlərinə görə, paytaxtda küçələr dağıntılara məruz qalıb, mağazalara və şəhər infrastrukturuna ciddi ziyan dəyib. O, Lion və Marsel şəhərlərinin merləri ilə birlikdə gələn həftənin əvvəlində baş nazirlə görüşmək üçün müraciət edib.