Hazırda Pensilvaniyada yaşayan Fətullah Güləni ABŞ-ın Türkiyəyə verib-verməyəcəyi məsələsi yenidən gündəmə gəlib. Qardaş ölkənin 15 iyul qiyamından sonra ikinci dəfə FETÖ liderini rəsmi şəkildə Vaşinqtondan tələb edəcəyi deyilir.
Buna səbəb kimi Ankarada rus səfirinin qətlində FETÖ izinin olması ilə bağlı iddialar göstərilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rus səfirini öldürən terrorçunun FETÖ-çu olduğunu bildirib. Bütün bunlar növbəti dəfə qardaş ölkənin Güləni Amerikadan istəyəcəyini göstərir.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Amerikanın yeni prezidenti Donald Tramp rəsmi şəkildə postunda əyləşənə qədər Gülən məsələsi bu şəkildə də qalacaq: “Barak Obama administrasiyası hakimiyyətlə vidalaşana qədər bu məsələdə heç nə dəyişməyəcək. Türkiyənin Gülənin ekstradisiya olunması ilə bağlı müraciətinə mənfi cavab veriləcək. Qətlin baş verdiyi indiki vaxtda bu terrorda Amerikanın əlinin olması, Gülənin rəhbərlik etdiyi təşkilat tərəfindən həyata keçirilməsi ilə bağlı iddialar bu məsələni daha da qəlizləşdirir. Amerika buna etiraz etsə də, aparılan tədqiqat işlərinə yardım göstərmək istədiyini desə də, Türkiyə tərəfi israrla qətlin Gülən tərəfindən planlaşdırıldığını bildirir. Hələ ki ortada ciddi bir fakt yoxdur. Türkiyə tərəfi ortaya dəlil-sübutlar qoymalıdır.
Onsuz da indiyə qədər Gülənlə bağlı ABŞ-a göndərilən dosyelər məhkəmə tərəfindən araşdırılıb və onun təqsirli olmadığı qənaətinə gəlinib. Bu səbəbdən o, Türkiyəyə təslim edilməyib. Düşünürəm ki, indiki şəraitdə ABŞ Güləni Türkiyəyə təhvil verib, istintaqda öz əleyhinə ittihamların səsləndirilməsinə şərait yaratmaz. Çünki yaşlı və xəstə bir adamdan istənilən suallara müsbət cavab almaq o qədər də çətin deyil. İkinci dəfə Gülən Vaşinqtondan istənilə bilər, amma bu dəfə də cavab mütləq mənfi olacaq. Lakin Trampın inauqurasiya mərasimindən sonra vəziyyət dəyişə bilər.
Ola bilsin ki, Türkiyə bu məsələni Trampın inauqurasiyasından sonraya saxlasın. O zaman da ola bilər ki, bu məsələnin həllinə nail olsun. Çox mürəkkəb və yozulması çətin olan situasiya yaranıb. Burada Türkiyə özünü tam təmizə çıxarmağa çalışır. Halbuki qətl zamanı həmin sərgi salonunu qoruyan polis və mühafizəçilər ciddi səhlənkarlığa yol veriblər. Uzun müddət səfirin can verən bədəninə yaxınlaşmağa cəsarət etməyiblər, buna da terror ola biləcəyi, terrorçunun atəş açdığı əsas gətirilib.
Dolaşıq məsələlər çoxdur. Rusiya ilə birgə istintaq qrupu yaradılıb. Bu qrup faktları araşdıracaq. Bundan sonra ümumi qənaətə gəlinəcək. Türk mənsubiyyətinə məxsus olsa da, terrorçu öz hərəkəti ilə Türkiyəyə böyük zərbə vurub, onun imicinə xələl gətirib. Qətlin motivləri, onun arxasında duran təşkilat və şəxslər doğru-dürüst şəkildə aşkara çıxarılmalıdır. Səriştəli və obyektiv istintaqçılar işi aparmalıdırlar.
Sui-qəsdçinin ərəb dilini yaxşı bilməsi, Hələblə bağlı fikirləri və eləcə də mühafizəçilərin onu uzun müddət zərərsizləşdirməmələri ziddiyyətli fikirlər yaradır. Burada FETÖ izinə kölgə salmaq fikrində deyiləm. Bu şəxsin ”əl-Qaidə" təşkilatına üzv olub-olmamasının araşdırılması bir çox mətləblərin üstünə işıq salardı. Gülənin verilməsi ilə bu məsələnin qapadılmasına ümid etmək, qətlin tam açılması anlamına gəlməməlidir. Hər gün bir az da bu işin ciddi istintaqa ehtiyacının olduğu üzə çıxır".
Politoloq Güləni Amerika üçün vazkeçilməz edən hallara da toxundu: “Bu, çox təəccüblü məsələdir. Əvvəllər ABŞ Gülənin üstündə duranda ona İslam dinini modernləşdirəcək, dünya dinlərinə uyğunlaşdıracaq bir şəxs kimi yanaşırdı. Buna görə onu uzun müddət himayə etmişdi. Gülən reallıqla Türkiyədə böyük bir toplumun rəğbətini qazanan şəxsdir. Son dövrlərdə Ərdoğanın Qərblə bağlı siyasətində müəyyən dəyişikliklərin əmələ gəlməsi, xüsusilə Avropa İttifaqı və NATO ilə bağlı sərt fikirlər səsləndirməsi münasibətləri xeyli soyuqlaşdırmışdı. Bunun fonunda Gülənin Amerika və Qərb üçün dəyəri xeyli artmışdı. Güman edirəm ki, Türkiyədə hələ də Gülənin təsirləri güclü olaraq qalır. Bu təsirlər qalana qədər o, ABŞ tərəfindən lazımlı şəxs kimi qorunacaq”.
Musavat.com