Suriya və İraqda çox sayda ərazini ələ keçirən İŞİD
Əl-Qaidənin bir qolu olmasına baxmayaraq, artıq adıçəkilən təşkilat
rəhbərliyi ilə də "kəllə-kəllə"yə gəlir.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD (İraq
Şam İslam Dövləti) İraq və Suriyada ard-arda qətliamlar törədən
silahlı bir təşkilatdır. Sələfi ideologiyasına sahib olan İŞİD
İraq, Suriya, Fələstin və İordaniyanı əhatə edən bölgələrdə şəriət
qanunlarına söykənən bir dövlət qurmaq istəyindədir. İŞİD və onun
lideri Əbu Bəkir Bağdadi, ABŞ, AB-i və Türkiyənin "terrorizm
siyahısı"ndadır.
Bu təşkilat ilk dəfə 2004-cü ildə "Tövhid və Cihad" adıyla
İraqda Əbu Musa Zərkavi tərəfindən qurulub. Bunun ardınca isə Usama
ben Ladenin rəhbərlik etdiyi Əl-Qaidə adlı terror qruplaşmasına
qatılıb. Lakin təşkilat Əl-Qaidəyə qatıldıqdan sonra adını
"Mesopotamiyada Əl-Qaidə" olaraq dəyişib.
2006-cı ildə isə yayımlanan bir videoda Zərkavi "Mücahidlər
Şurası" adlı bir təşkilat qurduqlarını açıqlayıb. Həmin ilin iyun
ayında Zərkavi ABŞ güclərinin həyata keçirdiyi əməliyyat
nəticəsində öldürüldükdən sonra yerinə Əbu Həmzə əl-Mühacir adlı
bir nəfər keçib. 2006-cı ilin sonlarında isə Əl-Qaidəyə yaxınlığı
ilə tanınan Əbu Ömər əl-Bağdadi rəhbəri olduğu "İraq İslam
Dövləti"ni yaratdıqlarını iddia edib.
2010-cu ilin aprelində ABŞ və İraq güc strukturları, Sisar
bölgəsində yaşayan Əbu Ömər əl-Bağdadi və Əbu Həmzə əl-Mühacirin
yaşadıqları evə ortaq bir hücum əməliyyatı təşkil edib. Əməliyyat
nəticəsində hər iki lider öldürülüb. Bunun ardınca isə Əbu Bəkir
Əl-Bağdadi təşkilatın yeni lideri olub.
Əbu Bəkir Əl-Bağdadi son 11 il ərzində dünyanın ən güclü
cihadlarına rəhbərlik edən lider kimi tanınıb. Bir neçə gün öncə
isə rəhbərlik etdiyi terror təşkilatının bir gecədə Mosulu işğal
etməsi xəbəri yayıldı. Suriya və İraqda çox sayda ərazini ələ
keçirən İŞİD Əl-Qaidənin bir qolu olmasına baxmayaraq, artıq
adıçəkilən təşkilat rəhbərliyi ilə də "kəllə-kəllə"yə gəlir.
İŞİD-in qurucusu olan Əbu Bəkir əl-Bağdadi İraq, Suriya və Orta
Şərqin daxili görkəmini dəyişə biləcək bir lider olaraq 1 ildir ki,
bütün dünya tərəfindən diqqətlə izlənir.
2011-ci ilin sonlarında isə Məhəmməd Cülaninin liderlik etdiyi
Nüsra cəbhəsi Əl-Qaidənin Suriya qolu olaraq qurulub. 9 Aprel
2013-cü ildə Əbu Bəkir Bağdadiyə aid səs yazısında Nüsra cəbhəsinin
İraq İslam Dövlətinə müttəfiq olduğu bildirilib. Məhz həmin ildə də
Bağdadi Nüsra cəbhəsi ilə İraq İslam Dövlətinin "İraq Şam İslam
Dövləti" adı altında bir araya gəldiyini açıqlayıb.
Qısa bir müddət sonra Əbu Məhəmməd Cülaniyə aid bir səs
yazısında Cülani, İraq İslam Dövləti ilə əlaqələrin yaxınlığına
müsbət baxdığını, ancaq iki təşkilatın eyni ad altında bir araya
gəlməsi fikrini rədd etdiyini söyləyib.
2013-cü ilin fevral ayında Əl-Qaidə Suriyadakı İŞİD-i
tanımadığını bəyan edərək təşkilatın Suriyanı tərk etməsini tələb
edib. Əl-Qaidə Suriyadakı yeganə nümayəndəsinin Nüsra cəbhəsi
olduğunu açıqlayıb və bunun ardınca Əl-Nüsra ilə İŞİD arasında bir
çox qarşıdurmalar yaşanıb.
İŞİD hazırda Suriyada İraq sərhədinə yaxın Dəyər əz-Zor, Mumbuc
və neftlə zəngin olan Rakka bölgəsinə nəzarəti öz əlində saxlayır.
Bu nəzarət İraqın Fəllucə, Ramadi və Mosul şəhərlərinə də
aiddir.
İŞİD-in Suriyadakı döyüşçülərinin 6-7 min, İraqdakı silahlı
üzvlərinin isə 10 min insan civarında olduğu təxmin edilir.
Suriya müxalifəti İŞİD-in Suriyadakı inqilabının qarışıqlıq
yaratmaq üçün Şam rəhbərliyi tərəfindən dəstəklənildiyini iddia
edir. Şam rejimi isə Suriyada müxaliflərin əlində olan bölgələri
nizamlı olaraq bombardman etdiyi halda İŞİD-in nəzarətində olan
bölgələrə hücum etmir. Ən qəribəsi budur ki, İŞİD Rakkada çıxardığı
nefti Suriya rejiminə satır.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Jen Psaki İŞİD-in İraqdakı
hərəkatından son dərəcə narahatlıq keçirdiklərini bildirib. İŞİD-in
Suriyada da gücləndiyini xatırladan Psaki "İŞİD yalnız İraq və
Suriya üçün deyil, bütün bölgə üçün böyük bir təhlükədir", - deyə
bildirib.
Son günlərdə Mosulda yaşananlar 2 milyon əhalisi olan şəhərin
boşalmasına gətirib çıxarıb. Yüz minlərlə insan bölgəni tərk edərək
çöllük sahələrə sığınıb. Əhali daha çox formalarını çıxarıb
şəhərdən qaçan əsgər və polisə qəzəblidir. Bir zabit isə "Biz İŞİD
silahlılarını məğlub edə bilmirik, çünki onlar bizdən fərqli olaraq
çox yaxşı küçə döyüşü təlimi alıb. Sanki bir qarabasma kimidirlər,
bir göz qırpımında zərbə endirib gözdən itirlər", - deyə
bildirib.