"İŞİD döyüşçülərinin koalisiya qüvvələrinin hücumları
zamanı necə davrandıqlarına diqqət elədim. Onlar hücum zamanı ələ
keçirdikləri evlərdə işıqları keçirdirlər və oğurladıqları
avtomobillərə minib naməlum istiqamətdə hərəkət
edirlər".
Axar.az xəbər verir ki, İŞİD tabeliyində olan Mosulda yaşayan
insanların gündəlikləri yayımlanıb. Gündəlikləri yayımlanan
şəxslərin adları təhlükəsizlik üçün dəyişdirilib.
Şərti adı Nizar olan Mosul sakininin sözlərinə görə, İŞİD
üzvləri şəhərdə yaşayan xristianların hamısının evini məhv
ediblər.
Bəzi İŞİD döyüşçüləri Mosulda xristianların salamat qalan
evlərində qalmağa başlayıblar. Onlar evdəki hər şeydən özlərininki
kimi istifadə edirlər.
Nizarın gündəliyində yer alan qeydləri təqdim edirik:
"Xristian və yezidilərə yoldaşımız deməyə utanırıq. Artıq onlara
zəng də edə bilmirik. Sanki onlara qarşı edilən vəhşiliklərə görə,
mən, ailəm və dostlarım məsuliyyət daşıyır".
"İŞİD döyüşçülərinin koalisiya qüvvələrinin hücumları zamanı
necə davrandıqlarına diqqət elədim. Onlar hücum zamanı ələ
keçirdikləri evlərdə işıqları keçirdir və oğurladıqları
avtomobillərə minib naməlum istiqamətə doğru hərəkət edirlər. Hava
hücumları qurtaranda geri dönürlər".
"Yoldaşlarımızdan biri cəsarət edib onlardan hava hücumu zamanı
hara qaçdıqlarını soruşdu. İŞİD döyüşçüləri koalisiya qüvvələrinin
hava hücumları zamanı onların evlərini vuracaqlarından qorxurlar.
Çünki evlərini ələ keçirdikləri xristianların koalisiya qüvvələrinə
evlərinin yerlərini deyəcəklərini düşünürlər".
"Başqa bir yoldaşım İŞİD döyüşçülərinin qaldıqları evlərdə nə
etdiklərini öyrənməyə çalışdı. Lakin qapını açıq qoymadıqları üçün
heç bir şey öyrənə bilmədi. Onlar küçəyə çıxdıqlarında belə
danışmırlar".
"Dostum və mən söz verdik. Şəhərimiz terrorçulardan təmizlənəndə
xristianlara aid evlərdən birini təmir edəcəyik. Bununla dünyaya
sübut etmək istəyirik ki, burada baş verənlərin heç bir dinə
aidiyyatı yoxdur".