Əvvəlcə Krımda, daha sonra Donbasda diversiya
əməliyyatlarına başlayaraq Ukraynanı dağıdan QRU polkovniki İqor
Strelkov (Girkin) fevralın 12-də Minskdə əldə edilmiş atəşkəs
razılaşmasının ömrünün uzun olmayacağını deyib.
Virtualaz.org xəbər verir ki,
Strelkov "Rosbalt"a müsahibəsində müharibəni ancaq "Kiyevi
faşistlərdən azad edəndən sonra" dayandırmağın mümkünlüyünü
bildirib, həmçinin Azərbaycandan da misal gətirib və qiyamçı keçmiş
baş nazir Surət Hüseynovun adını çəkib.
"Bütün bu danışıqlar, əldə edilən razılaşma hərbi planda hər
hansı nəticəyə səbəb ola bilməz. Orada diqqəti cəlb edən yeganə hal
o oldu ki, Vladimir Vladimiroviç sülhün əldə edilməsi naminə çox
ciddi güzəştlərə getməyə hazır olduğunu nümayiş etdirdi. Lakin
hesab edirəm ki, razılaşmanın əsas şərtinə - atəşkəsə Ukrayna
tərəfi əməl etməyəcək və nəticədə əldə olunmuş bütün razılaşmalar
avtomatik olaraq pozulacaq"- deyə QRU diversantı bildirib.
Xatırladaq ki, Strelkov ötən ilin avqustuna qədər "Donetsk Xalq
Respublikası"nın "müdafiə naziri" olub, daha sonra naməlum
səbəblərdən geriyə - Moskvaya çağırılıb. Hazırda o, əsasən
Ukraynada baş verənlərə dair siyasi şərhlərlə çıxış edir.
Strelkovun sözlərinə görə, müharibə hələ öz pik nöqtəsinə
çatmayıb və hələ heç kim bunu dərk etmək istəmir. O, hər iki
tərəfin müharibəyə cəlb etdiyi qüvvələrin artdığını, Ukraynanın
əvvəlcə Donbası, daha sonra Krımı geri qaytarmaq niyyətindən əl
çəkməyəcəyini deyib.
QRU polkovnikinin fikrincə, ötən ilin payızında Rusiya
rəhbərliyi tərəfindən çox ciddi səhvlərə yol verilib. Birincisi,
"Novorossiya"nın Rusiyaya birləşdirilməsi imkanı əldən buraxılıb,
ikincisi, hücum əməliyyatları dayandırılıb və Kiyevdəki "xunta"nı
devirmək şansı qaçırılıb.
Strelkov deyib ki, Ukrayna tərəfinin atəşkəs razılaşmasına əməl
etməyəcəyinə tam əmindir. Nəticədə Donetsk və Luqanskın rəhbərləri
də analoji addım atmalı olacaq.
QRU polkovniki 4 ay əvvəl Minskdə əldə edilmiş birinci
razılaşmanın şərtlərinin heç vaxt yerinə yetirilmədiyini, Ukrayna
ordusunun "Qrad"larla, toplarla, tanklarla cavab verdiyini deyib:
"Bəs əminlik haradandır ki, bu dəfə onlar nəsə edəcəklər və
silahları geri çəkəcəklər?"
Strelkovun sözlərinə görə, o, müxtəlif keyfiyyətlərdə cəbhədə
olmuş adam kimi deyə bilər ki, əgər döyüşən tərəflərdən heç biri
özünü uduzmuş hesab etmirsə, onları ayırmaq üçün sülhməramlılar
qismində üçüncü qüvvə lazımdır. Minsk razılaşmasında isə
sülhməramlılar haqda heç nə deyilmir və deməli, bu razılaşmanı
yerinə yetirmək texniki baxımdan mümkün deyil.
"Döyüşü davam etdirməyə hazır olan adamlar həmişə tapılacaq,
xüsusən də Ukrayna tərəfindən"- Strelkov bildirib.
QRU polkovniki artıq Ukrayna batalyonlarından birinin komandiri
Yaroşun atəşkəsə əməl etməyəcəyinə dair açıqlama verdiyini
xatırladıb.
Strelkovun sözlərinə görə, Kiyevdə dövlət çevrilişi nəticəsində
formalaşmış indiki hakimyyət qaldıqca müharibə bu və ya digər
formada davam edəcək: "Ancaq Ukraynanın bu hakimiyyətdən azad
edilməsindən və yeni hakimiyyətin formalaşmasından sonra hansısa
sərhədlərdən, məsələn, Ukrayna ilə Novorossiya, yaxud Qərbi Ukrayna
ilə Novorossiya arasında sərhədlərdən danışmaq olar".
Surət Hüseynov 1993-cü il qiyamından sonra
QRU polkovniki qondarma "Luqansk və Donetsk xalq
respublikalarında" silahlı müxalifətin meydana çıxması
imkanlarından da danışıb. O, təsdiq edib ki, hər iki qondarma
"respublikada" rəhbərliyə qarşı çıxan silahlı qruplar mövcuddur.
Buna baxmayaraq Donetskdə müxalifət hesab edilənlərin hamısı vahid
ordunun tərkibindədir, onların müxalifətçiliyi sözlü tənqid
formasındadır.
Strelkov bu zaman Azərbaycandan misal gətirib: "Hərbi işdə əgər
söhbət səhra komandirlərinin etiraz çıxışlarından gedirsə, bu, o
deməkdir ki, hansısa Surət Hüseynov kimi tankın üstünə çıxıb çıxış
edirlər. Sadəcə olaraq tənqid etmək isə etiraz hərəkəti deyil,
narazılığın ifadə olunmasıdır. Donetskdə isə mən belə etiraz çıxışı
edəni tanımıram".