23-24 aprel tarixlərində İsveçrə Konfederasiyasının
Lüsern şəhərində Mədəniyyət və Turizm Nazirliyinin qonaq qismində
iştirak etdiyi 4-cü Lüsern Dünya Turizm Forumu başa
çatıb.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, forum çərçivəsində
müxtəlif mövzularda seminarlar, dəyirmi masalar keçirilib,
müzakirələr aparılıb və yerli turizm şirkətləri ilə dünyanın
müxtəlif ölkələrinin aparıcı turizm şirkətləri arasında biznes
görüşlər (B2B) təşkil olunub.
Forumun ikinci günü Azərbaycanın turizm potensialına dair
keçirilən təqdimatda video-çarx nümayiş olunub. Video-çarxda
Azərbaycanın tarixi, təbiəti və mədəniyyəti, turizm imkanları
təqdim olunub. Həmçinin, Şahdağ Turizm Mərkəzi, Tufandağ Qış-Yay
Turizm Kompleksi və ölkəmizdə keçiriləcək I Avropa Oyunları
haqqında məlumatlar da video-çarxda öz əksini tapıb.
Tədbirin sonunda "Gənc istedadlar" proqramı çərçivəsində turizm
sahəsində maraqlı layihələr təqdim edən gənclər və "Yeni start
verilən innovasiyalar" proqramı çərçivəsində turizm sektoruna yeni
qədəm qoymuş şirkətlər mükafatlara layiq görülüblər. Forumda
Azərbaycanın turizm potensialının təbliği məqsədilə quraşdırılmış
stend forum iştirakçıları tərəfindən xüsusi marağa səbəb olub və
iştirakçılara reklam-çap məhsulları təqdim olunub.
Azərbaycan qonaq ölkə statusu, xüsusi milli mətbəxi və təqdimatı
ilə forum iştirakçılarının böyük marağına səbəb olub.