Son dövrlərdə bir çox
ölkələrdə kütləvi iğtişaşlar, xaos və sabitliyin pozulması ilə
nəticələnən proseslərin kökünü araşdıranda yenə də hər daşın
altından ABŞ-ın Milli Demokratiya Fondu ("National Endowment for
Democracy" - NED) adlanan təşkilatının adının çıxdığına şahid
oluruq. Bu təşkilat ABŞ Dövlət Departamenti tərəfindən idarə olunur
və ABŞ Konqresinin ayırdığı maliyyə vəsaitləri hesabına öz
maraqları çərçivəsində fəaliyyət göstərir. Bu gün NED təşkilatı
ABŞ-ın ən güclü silahına çevrilib.
İndiyədək NED təşkilatındakılar Hondurasda dövlət çevrilişi,
Ukrayna və Gürcüstanda rəngli inqilab, Çinin Sincan-Uyğur
bölgəsində və digər regionlarda qanlı hadisələrin törədilməsinə
bilavasitə rəvac veriblər.
NED nə üçün quruldu?
1973-cü ildə Çilidə seçki yolu ilə iqtidara gələn sosialist
Salvador Alyenda hökumətinin general Avqusto Pinoçet tərəfindən
hərbi çevriliş yolu ilə devrilməsindən sonra hər kəsin diqqəti
ABŞ-a yönəlmişdi. Latın Amerikasında bütün çevrilişlər kimi, bu
çevrilişi də ABŞ-ın həyata keçirdiyi deyilirdi. Bunun üçün ABŞ
senatoru Frank Çurç adlı şəxsin rəhbərliyi altında araşdırma
komitəsi qurulur. Bu komitənin hazırladığı "Çurç hesabatı" adı ilə
tanınan sənəd Çilidə baş vermiş həmin hakimiyyət çevrilişinin məhz
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən dəstəklənməsi və
maliyyələşməsi barədə təkzibolunmaz faktları ortaya qoyur. O dövrdə
baş vermiş bu siyasi qalmaqal çox keçmir ki, dünyanın bir çox
yerinə ABŞ-ın əsl simasını yayır.
Yaranmış bu cür vəziyyət Birləşmiş Ştatları siyasi baxımdan da
çox sıxırdı. Ancaq həmin vaxtı ABŞ yaranmış bu siyasi böhrandan
çıxış yolunu tapa bilir. ABŞ Konqresi 1983-cü ildə "National
Endowment for Democracy" (NED) adlanan təşkilatı qurur. Bu
təşkilatın yarandığı gündən əsl məqsədi ayrı-ayrı ölkələrin sivil
cəmiyyətlərində "demokratik islahatlar və tövsiyələr" adı altında
özlərinə oturuşmuş gizli mənbə və yollar axtarmaq olub. NED-in ilk
böyük fəaliyyəti isə 80-ci illərdə sandinistlərin iqtidara
gəldikləri Nikaraquadakı qanlı vətəndaş müharibəsi zamanı olur.
Həmin vaxt NED təşkilatı vətəndaş müharibəsi zamanı bir neçə daxili
təşkilatlara maliyyə və silah yardımları edirdi. 1978-ci ildə
Nikaraquada baş verən bu qanlı vətəndaş müharibəsi zamanı isə on
minlərlə insan həlak olur.
NED-in təsisçisi Allen Veinsteyn 1991-ci ildə "Vaşinqton Post"
qəzetinə göndərdiyi bir müraciətdə bunları qeyd edirdi: "Bu gün
bizim gördüyümüz işlərin böyük qismi hələ 25 il öncə CIA tərəfindən
həyata keçirilirdi".
Hər kəsə qəribə görünən "qeyri-hökumət
təşkilatı"
NED özünü dünyaya "müstəqil və hökumətdən asılı olmayan
təşkilat" kimi təqdim etsə də, bu təşkilatın büdcəsi tamamilə ABŞ
Konqresi tərəfindən təmin edilir. Hətta, NED hər dəfə Konqresə
növbəti maliyyə vəsaitini almaq üçün öz fəaliyyət hesabatını təqdim
edir. NED-in ayrı-ayrı ölkələrdə əlaqə qurduğu qruplara və
təşkilatlara verəcəyi vəsaitlərin siyahısı isə təsdiq olunmaq üçün
əvvəlcə ABŞ-ın Xarici İşlər Nazirliyinin nəzarətindən keçir.
Bundan əlavə, NED ona bağlı olan 4 təməl quruluşundan
ibarətdir.
NED nizamnaməsinə görə, heç bir siyasi partiyanı dəstəkləmir.
Ancaq bunlar yalnız kağız üzərində yazılmış ifadələrdir. Çünki NED
nəinki dünyanın ayrı-ayrı ölkələrində, hətta ABŞ-da keçirilən
seçkilərdə belə tərəflərə təsir və ya təzyiq edir, hətta açıq
şəkildə seçkilərə müdaxilələr də olur.
NED-in "uğurlu fəaliyyəti" ilə bağlı son illərdə baş vermiş bir
hadisə də 2002-ci ildə Venesuelada baş vermişdi. Həmin vaxtı
prezident Uqo Çavesə qarşı çevriliş cəhdi olmuşdu. Bu hadisədən
sonra isə ABŞ-da yaşayan tanınmış vəkil Eva Golinger apardığı
araşdırmasında Uqo Çavesə qarşı çevrilişin NED tərəfindən
maliyyələşdirildiyini ifşa etmişdi.
NED-i ifşa edən digər bir məsələ isə Çinin Sincan-Uyğur
bölgəsində baş vermiş hadisə ilə bağlıdır. Belə ki, Sincan-Uyğur
bölgəsində fəaliyyət göstərən Dünya Uyğur Konqresinin də NED
tərəfindən maliyyələşdirildiyi artıq təsdiq olunub.
NED günümüzdə baş verən Ukrayna hadisələrinə də sponsorluğu
davam etdirir.
Son vaxtlar isə NED-in həvəs göstərdiyi dövlətlər arasında
Azərbaycan dövləti və qardaş Türkiyə də yer alır.
Türkiyə hökumətindən yayılan məlumata görə, artıq NED bu ölkədə
fəaliyyət göstərən "Taraf" qəzetinə "müxbir təkmilləşdirmə
proqramı" çərçivəsində böyük maliyyə vəsaitləri ayırır.