İspaniya prokurorluğu uzun illər ərzində bu ölkədə kök
salmış rus mafiyasına dair təhqiqatın nəticələrini ictimaiyyətə
açıqlayıb.
Hələ 2008-ci ildə bu ölkədə xüsusi əməliyyatla həbs edilən,
"Tambov qruplaşması"nın liderləri kimi tanınan Gennadi Petrov və
Aleksandr Malışev İspaniya prokurorları tərəfindən Rusiya dövlətinə
güclü təsir imkanları olan mafiya qurublar. Bu, dünyanın ən iri
mafiya ittifaqı hesab edilir.
Virtualaz.org-un xəbərinə görə, prokurorlar Petrovu və Malışevi
uzun illər ərzində bütün dünya kriminal aləmini lərzəyə salan qan
qardaşları adlandırır. Hesabata əsasən Gennadi Petrov İspaniyanı
tərk etmədən faktiki olaraq Rusiyanı idarə edib. 500 səhifəlik
"Petrovun işi" dosyesində onun bütün səviyyələrdə nüfuzlu Rusiya
siyasətçiləri və oliqarxları ilə əlaqələrindən bəhs edilir. Uzun
illər boyu dinlənilən telefon danışıqlarına və digər dəlillərə
əsaslanan cinayət işində göstərilir ki, Rusiya nazirləri və
prokurorları, hakimləri və qubernatorları, iri konsernlərin
rəhbərləri, , güc strukturlarının generalları, oliqarxlar və
bankirlər Petrova müraciətdə çox nəzakətli və hörmətli davranıblar,
onu "lider", "öndər" adlandırıblar.
Petrovun "tabeçiliyində" olanların sırasında keçmiş müdafiə
naziri Anatoli Serdyukov, Dövlət Dumasının deputatı Anatoli Reznik,
baş nazirin keçmiş müavini Viktor Zubkov və keçmiş regional inkişaf
naziri Dmitri Kozak və s. yer alır. Onlar vəzifədə olarkən Petrovla
sıx təmasda olublar. Siyahıda "Sberbank"ın indiki rəhbəri German
Qref də yer alır.
İspaniya polisi Gennadi Petrovu ilk dəfə 2006-cı ildə çirkli
pulların yuyulması ittihamı ilə həbs edib. Ancaq girov əvəzində
azadlığa buraxılıb. Növbəti həbs iki il sonra keçirilib. İspaniya
polisinin "Troyka" adlanan əməliyyatı nəticəsində Petrov və Malışev
yaxalanıb. Əməliyyatda 300-dən çox polis, vertolyotlar iştirak
edib. Polis bildirib ki, 2 illik təhqiqat zamanı Petrov və
Malışevin pul yumaq üçün istifadə etdikləri 500-dən çox bank hesabı
aşkar olunub. Bu hesablarda 12 milyon avroya həbs qoyulub.
Lakin "Troyka" əməliyyatı Petrov və Malışevib fəaliyyətinə son
qoymaqla kifayətlənməyib eyni zamanda Rusiyanın siyasi, iqtisadi və
məhkəmə sisteminə güclü təsir imkanları olan beynəlxalq cinayətkar
sindikatı üzə çıxarıb. Məlum olub ki, Petrovun İspaniyada bazası
olan beynəlxalq mafiyası Rusiya dövlətinin bütün qollarına sirayət
edib.
Prokurorlar bildirir ki, keçmiş müdafiə naziri Serdyukovun
Petrovun mafiyası ilə işgüzar əlaqələri hələ də qalır. Serdyukovun
qaynatası, baş nazirin keçmiş müavini Viktor Zubkov bir sıra siyasi
qərarların qəbuluna təsir edərək Petrovun mafiyasını himayə edib.
Habelə Rusiya DİN-in Mərkəz federal dairəsi üzrə baş idarəsinin
rəisi (hazırda başqa vəzifədədir) general Nikolay Aulov, DİN-in
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Yuri Britikov,
Rusiya prokurorluğunun yüksək vəzifəli əməkdaşı İqor Sobolevski və
digərləri də mafiyanın qulluğunda olublar. Ən sensasion fakt isə
budur ki, Rusiyanın İstintaq Komitəsinin sədri, general Aleksandr
Bastrıkinin də Petrovun mafiyasının adamı olduğu üzə çıxıb.
Həmçinin Petrovun oliqarxlardan "EvrazHoldinq"in sahibi,
"Professor" ləqəbli Aleksandr Abramov, Ural Dağ-Mədən Kombinatının
sahibi, özbək əsilli milyarder İsgəndər Mahmudov, aliminium kralı
Oleq Deripaska və digərləri ilə "işgüzar əlaqələri" təsbit edilib.
İspaniya prokurorluğu rus mafiyasının bu ölkədə 1996-cı ildən kök
saldığını bildirir. Hazırda mafiyanın 27 üzvünə ittiham irəli
sürülüb, qalanlarının yeri məlum deyil.