Müasir dövrdə cinayətlərin
böyük bir qismi texnologiyaların köməkliyi ilə çözülür. Xüsusən,
Feysbuk yazışmaları, mesajlaşmalar ən təcrübəli qatilləri belə ələ
verir. Çünki əksər insanlar təhlükə hiss etdikdə bunu öz
yaxınlarına mesaj vasitəsilə çatdırırlar.
Axar.az ölümdən əvvəl göndərilən mesajlar və onların
tarixçəsi haqda yazını təqdim edir:
Ölsəm, bil ki...
2010-cu ilin avqust ayında 18 yaşlı ingilis Corciya spirtli içki
içir və rəfiqələri ilə maşın sürməyə çıxır. Rəfiqələri onu
fikrindən döndərməyə çalışsa da, Corciya sürəti azaltmır. Qorxmağa
başlayan qızlardan biri – Mikeala Stivens öz sevgilisinə mesaj
yazır:
"Yalan demirəm, inan mənə, xahiş edirəm. Ölsəm, bil ki, səni
həmişə sevmişəm".
Bundan sonra Corciyanın idarə etdiyi avtomobil teleqraf dirəyinə
çırpılır və maşındakılar ölür.
Son mesaj və avtomobil qəzası
2012-ci ildə kanadalı Emi Brok sükan arxasında olarkən öz
sevgilisinə mesaj yazır: "Mən də səni sevirəm. Bundan sonra əlimdən
gələni edəcəm ki, biz xoşbəxt olaq, cənab Fort".
Bu xanım Eminin yazdığı son mesaj olur və o, qəza törədir.
Eminin ölümündən sonra həyat yoldaşı maşın sürərkən telefonla
danışan və mesaj yazan insanların sayını azaltmaq üçün yeni
layihəyə start verir və bu tip qəzaların qarşısını almaq, sayını
azaltmaq üçün əlindən gələni edir.
Beysbol taxtası ilə cinayət
Belçikalı Maura öz oğlu ilə birgə ögey qızı Stefanini öldürmək
qərarına gəlir. Qızın atası evdə olmayanda Maura oğlu ilə qızın
otağına daxil olur. Bütün cəhdlərinə baxmayaraq, Maurayla oğlu qızı
evdən çıxmağa qoymur. Beysbol taxtası ilə Stefanini vurmağa
başlayırlar. Yerə yıxılan Stefaninin öldüyünü düşünüb onu baqaja
qoyurlar. Baqajda olarkən Stefani atasına mesaj yazır:
"Ata, kömək elə. Maura məni öldürür".
Stefanini qətlə yetirəndən sonra Maurayla oğlu onun cəsədini
gizlədirlər. Amma Stefaninin atasına yazdığı mesaj polisə qatilləri
müəyyən etməkdə kömək edir.
O, düz bizim üstümüzə gəlir
Arkanzasdan olan ana hələ də oğlunun 2014-cü ildə Tornado zamanı
ona yazdığı son mesajını xatirə kimi saxlayır. Qadın maşınla evə
tələsərkən oğlu ona hamamdan mesaj yazır: "Ana, əlvida... O, düz
bizim üstümüzə gəlir".
Bu mesajı alandan sonra qadın nə qədər oğluna zəng etsə də,
onunla əlaqə saxlaya bilmir.
Bərə qəzası və tapılmayan meyit
Koreyanın Sevol bərəsinin qəzaya uğradığı zaman çox sayda insan
həyatını itirdi: kimsə ailəsilə vidalaşarkən, kimsə də sağ
qalacağına ümid edirdi.
Bərə qəzası zamanı orda olan qızlardan biri atasına yazır: "Ata,
biz qızlarla gəminin dəhlizindəyik. Əynimizdə xilasedici jilet var,
narahat olma. Burda adam çoxdur".
Mesajı yazan qızın cəsədi qəzadan günlər keçsə də, davam edən
axtarışlar zamanı tapılmır.
Gözəl gecə üçün təşəkkürlər...
2013-cü ildə britaniyalı Geyl Kroker əri ezamiyyətdə olan zaman
sevgilisinə mesaj yazır: "Hər şey əla idi. Gözəl gecə üçün
təşəkkürlər".
Geyl səhvən yazdığı mesajı öz ərinə yollayır. Əri evə gələndə
onlar mübahisə etməyə başlayırlar. Xanım ərindən üzr istəyir.
Səhəri gün əri işə gedəndə Geylin telefonunu sındırır. Evə
qayıdanda isə Geylin intihar etdiyini görür.