Rusiya Suriyaya ordu
yeritməklə Qərblə danışıqların yeni mərhələsinə start
verib.
Axar.az xəbər verir ki, bu sözlər ABŞ-ın beyin mərkəzlərindən
olan "Stratfor" təşkilatının hesabatında yer alıb. Moskvanın bu
dərəcədə aktivləşməsinin arxasında həmçinin Rusiyanın Yaxın Şərqdə
güclənməsi planları da yatır:
"Rus ordusunun Suriyaya girməsindən sonra Moskva ilə Vaşinqton
arasında danışıqlar əvvəlki illərə nisbətən artıb. Rusiya həmçinin
Suriyadakı əməliyyatlarının İŞİD və Suriya dövlətinin ərazisi ilə
məhdudlaşacağını heç vaxt bəyan etməyib. Moskva həmçinin çalışır
ki, Əsədin mövqelərini möhkəmləndirib onun digər opponentlərini
danışıqlar masası arxasında oturmağa məcbur etsin. Digər tərəfdən
isə Rusiyanın addımlarının arxasında gizli məqsəd var. İranla nüvə
müqaviləsi imzalandıqdan sonra Rusiyanın Yaxın Şərqdə mövqeləri
zəifləyib. Ona görə də ələvilərin tərəfini tutmaqla Rusiya
Suriyanın şiə bölgəsilə əlaqələrini saxlamağa çalışır. Bu isə öz
növbəsində İranla Rusiyanın Suriya məsələsində sıx əməkdaşlığına
təkan verəcək. Rusiya artıq Yaxın Şərqdə hədəflərinin çoxuna doğru
yol əldə edib. Onun Suriyaya hərbi intervensiyası Bəşər Əsədin
mövqelərini gücləndirəcək. Bu isə Kremlə nəinki Yaxın Şərq, hətta
Ukraynada da Qərbə təzyiq üçün mühüm rıçaq vermiş olacaq".