Rusiyanın sentyabrın 30-dan başlayaraq Suriyada hava
əməliyyatlarına başlaması 4 il yarımdır davam edən vətəndaş
müharibəsinin gedişatını kəskin dəyişdirdi. Aralıq dənizinin
sahillərinə sıxışdırılan Bəşər Əsəd rejiminə rus qırıcılarının
bombardmanları ilə demək olar ki, ikinci həyat
verildi.
Rusiya bütün tənqidlərə baxmayaraq, iddia edir ki, onun Suriyada
həyata keçirdiyi hava əməliyyatları İŞİD və digər terror
qruplaşmalarına qarşı yönəlib. Və bunu yayımladığı görüntülərlə də
sübut etməyə çalışır. Amma Suriya müxalifətinin ən yaxın
müttəfiqlərindən olan Türkiyə Rusiyanın İŞİD-i vurmadığını iddia
edir. Türkiyənin baş naziri Əhməd Davutoğlu bugünkü açıqlamasında
rus qırıcılarının 57 bombardmanda iştirak etdiyini, bunlardan
55-ində müxalifətin vurulduğunu bildirib. Əgər Rusiya İŞİD-i
vurmursa, o halda Moskvanın Suriya siyasətinin arxasında nələr
gizlənir!?
Publika.az xəbər verir ki, Türkiyənin "A
Haber" kanalının efirində gedən bir analizdə Rusiyanın Suriyada
həyata keçirdiyi əməliyyatların detallarına toxunulub.
Rusiyanı Suriyaya çəkən üç səbəb
Analizdə bildirilir ki, Suriya ilə həmsərhəd olmasa da Rusiya artıq
Suriya müharibəsinin tam mərkəzindədir. Bəs Rusiya Suriya
müharibəsinə niyə qoşuldu? Sualın bir neçə cavabı var.
Bu cavablardan birincisi odur ki, Rusiyanın silah sənayesinin
inkişaf etdirilməsi üçün müharibəyə ehtiyacı var. Ukraynanın
şərqindəki separatçıların qısa müddətli silahlandırılması və rus
hərbi birliklərin əməliyyatlarda iştirakı silah sənayesinin
inkişafına təkan vermədi. Bu baxımdan Suriya müharibəsində iştirak
Moskvanın məqsədinə çatmasına kömək edə bilər. Əlavə edək ki,
Rusiya Əfqanıstandakı Talibana qarşı da müharibəyə daxil olmaq
istəyir.
Analizə görə, Moskvanın Suriya müharibəsinə aktiv şəkildə
qoşulmasının digər bir səbəbi Rusiyanın enerji maraqlarıdır. Suriya
yüzlərlə milyard dollar dəyəri olan İraq neftinin Aralıq dənizinə
çatdırılması üçün strateji əhəmiyyət daşıyır. Rusiyanın Suriyada
hakim olması strateji enerji kəmərlərinə də nəzarəti
asanlaşdırır.
Moskvanın Suriya müharibəsinə aktiv şəkildə qoşulmasının digər bir
səbəbini isə Türkiyə prezident administrasiyasının sözçüsü İbrahim
Kalın açıqlayıb. O, "Daily Sabah" qəzeti üçün qələmə aldığı bir
yazısında Rusiyanın Suriya siyasətinin pərdəarxasını bu şəkildə
şərh edib: "İran və Rusiya Suriyada ittifaq yaradaraq İŞİD-dən bir
alət kimi istifadə edir. Rusiyanın Suriya müharibəsinə qatılması
yalnız Dəməşq rejiminin işinə yarayacaq və Rusiyanın ərəb
dünyasında yalnız qalmasına səbəb olacaq".
Qlobal güc tarazlığının yeni mərhələsi
"Rusiyanın Suriyada əməliyyatlarına başlaması gedişi gözəl bir
addım deyil. Çox böyük bir oyun gedir. Oyunun içində İran və
Suriya, hətta Çin var. Çinin rolunu da kiçiltmək lazım deyil", - "A
Haber"in analizində deyilir.
İbrahim Kalının sözlərinə görə, Rusiyanın Suriyadakı hava
əməliyyatları dünyadakı güc tarazlığı baxımından yeni mərhələdir.
O, hətta bir qədər də irəli gedərək mövcud qlobal böhranın daha da
dərinləşəcəyini bildirir. İbrahim Kalın ABŞ, Avropa Birliyi, NATO,
Türkiyə və Körfəz ölkələrinin Rusiyaya cavab verməsinin vacib
olduğunu düşünür.
Böyük müharibə olacaqmı?
Ukrayna böhranı ilə ortaya çıxan və sonradan gündəmdən çıxan III
Dünya Müharibəsi qorxusu Rusiyanın Suriyada başladığı hava
əməliyyatları ilə yenidən qayıtdı. Rusiya ordusu II Dünya
Müharibəsi və Əfqanıstan müharibəsindən sonra ilk dəfə yuvasından
çıxdı. "A Haber"in analizinə görə, Putin və əsgərləri uzun
müddətdir olmadığı qədər özlərində cəsarət tapıblar. Bildirilir ki,
Ukrayna böhranı zamanı Qərbdə lider boşluğunu görən Putin özünü
daha inamlı aparmağa başlayıb.
Şərhdə həmçinin bildirilir ki, Əsəd rejimi əvvəlki kimi İŞİD-in
barbarlığından istifadə edir: "İşin maraqlı tərəfi də budur. İŞİD
maraqlı bir təşkilatdır. Görüntü budur ki, təşkilat həm İran və
Suriyaya, həm də ABŞ və Türkiyəyə düşməndir. Buna baxmayaraq, İŞİD
hələ də ayaqdadır. Deməli, biriləri "İŞİD mənim düşmənimdir"
deyəndə yalan söyləyir. Gəlin, "İŞİD-ə qarşı mübarizə aparıram"
deyən Rusiyanın əslində kimə xidmət etdiyini araşdıraq. Suriyanın
özündə bir neçə güc var: Əsəd rejimi, İŞİD, müxalifət və PYD. Əsəd
müxalifətə düşməndir. Dəməşqin eyni düşmənliyindən PYD və İŞİD üçün
bəhs etmək mümkün deyil. PYD Əsədə əsgər verir, İŞİD isə paytaxt
Dəməşqə hücum etmir. Yəni, Rusiya "mən İŞİD-lə vuruşuram" deyəndə
sadəcə Əsədi cəsarətləndirir. Rusiyanın Suriyaya müdaxiləsi Əsədin
müxalifətə hücumlarının gücləndirilməsindən başqa bir işə
yaramır".
Qeyd edilir ki, Rusiya Suriya əməliyyatları ilə Türkiyə və Qərbə
Əsədin getməsini istəmədiyini daha sərt şəkildə nümayiş
etdirir.
"Hegomonluq savaşı da məhz bu nöqtədə ortaya çıxır. Körfəz
ölkələri, ABŞ, Avropa Birliyi, NATO və Türkiyə Əsədin getməli
olduğunu bildirirlər. Hətta xeyli fasilədən sonra ABŞ-ın hərbi
gəmiləri Aralıq dənizində dolaşmağa başlayıb", - müəllif əlavə
edib.