Bu gün Rusiya dünyada analoqu olmayan silahlara sahibdir
və silah sənayesinin inkişafını davam etdirir.
Axar.az Rusiyanın analoqu olmayan silahlarını təqdim edir:
1. "Böyük Pyotr" atom kreyseri - dünyanın ən böyük döyüş
gəmisidir. Kreyser gəmi əleyhinə P-700 Qranit raketləri ilə təchiz
olunub. 750 kq mərmini 600 km məsafəyə ata bilir. Gəmi S-300 hava
hücumundan müdafiə sistemi və bir çox zenit-raket kompleksi ilə də
təchiz olunub. Gəminin göyərtəsində havadan hücum etmək üçün Ka-27
vertolyotu da var.
2. Koalisiya-SV özüyeriyən artilleriya qurğusu - ikilüləli 152
mm-lik unikal özüyeriyən haubitsa. Qurğunun çəkisi 48 ton, silah
komplekti 70 mərmidir. 1 dəqiqə ərzində 23 atəş imkanına malikdir.
Mərminin hədəfi vurmaq qabiliyyəti 70 kilometrə yaxındır. Heyət
üçün yeni zirehli kapsul qurğunun ön hissəsinə yerləşdirilib.
3. "Qraç" vizual-optik cihazı. Bu qurğu gecə və dumanlı
havalarda hərbi gəmiləri qorumaq üçün nəzərdə tutulub. Eyni
zamanda, hərbçilərin hərbi əməliyyatlar zamanı hədəf halına
gəlməsinin qarşısını alır.
4. "Kalibr" qanadlı raketi. Rusiya bu ay Xəzərdəki donanmasından
Suriyada İŞİD hədəflərini 1,5 min km məsafədə vurub. Rusiyanın bu
addımı bir çox hərbi ekspertlər üçün sürpriz olub. Çünki bu günə
qədər həmin raketlərin maksimum 300 km məsafəni vura biləcəyi
düşünülürdü. Lakin faktiki olaraq, bu raketlərin 2 min km məsafədə
hədəfləri vurduğu üzə çıxdı.
5. PAK FA döyüş aviasiyasının kompleksi. Hazırda ən yeni 5-ci
nəsil qırıcı sınaqdan uğurla çıxıb. Görünüş cəhətdən öz sələfi
Su-27 qırıcısını xatırladır. Lakin onun elektronikası, radarı və
silahı daha mükəmməl hazırlanıb. PAK FA-nın maksimal sürəti 2600
km/s təşkil edir. Təyyarəyə quraşdırılan "ağıllı izolyasiya"
sistemi vasitəsilə 100 kilometr məsafədə olan avtomobili də görmək
mümkündür. Qırıcı hər cür hava şəraitində göydə və yerdə olan 60
hədəfi müəyyənləşdirə və onlardan 20-sini eyni anda məhv etmək
qabiliyyətinə malikdir.
6. "Oniks" gəmi əleyhinə raketi. Digər dövlətlər bu raketi daha
çox "Yaxont" və "BraMos" kimi tanıyır. "Oniks" "Kalibr"dən fərqli
olaraq, tamamilə universaldır. Bu isə ona tək döyüş gəmilərinə
qarşı yox, təyyarələrə və sahildən raket atanlara qarşı da savaşmaq
imkan verir.
7. Yu-71 pilotsuz qlayderi. Hazırda mütəxəssislər son tamamlama
işləri aparırlar. Nüvə silahı daşıma qabiliyyətinə malik olan
Yu-71-in saatda 11 min km-ə çatdığı deyilir. Ekspertlərin sözlərinə
görə, heç bir hava hücumundan müdafiə sistemi Yu-71-in
trayektoriyasını müəyyən edə bilməyəcək və ona çatmaq mümkün
olmayacaq.
8. "Sarmat" qitələrarası raketi. Rusiya hazırda bu raket
üzərində işləyir. "Sarmat" tək ballistik trayektoriya üzrə yox,
eyni zamanda atmosferin yuxarı qatlarında da hərəkət etmək imkanına
malikdir. "Sarmat" qitələrarası raketlərinin Qərbdə "Satana" kimi
tanınan RS-20-ləri əvəzləməsi gözlənilir. Yeni raket 4 tona yaxın
nüvə başlığını 10 min km-ə qədər məsafəyə daşıya biləcək.
9. "Antey-2500". Rusiyanın beynəlxalq arenada S-300 raketləri
kimi tanınan hava hücumundan müdafiə sistemləridir. Sistem 2500 km
məsafədə ballistik raketləri məhvetmə qabiliyyətinə malikdir.
Yüksək dinamikliyə malikdir və qısa zamanda hərbi vəziyyətə
gətirilə bilir. Sistem 16-ya qədər ballistik raketi eyni anda 4500
m/san sürətlə məhv etmək gücündədir.
10. "Armata" tankları. Dünya bu tankları ilk dəfə II Dünya
müharibəsinin 70-ci ildönümü münasibətilə Moskvada keçirilən hərbi
paradda tanıyıb. "Armata" tankının üzərində quraşdırılmış yeni 125
mm-lik topdan həm adi mərmilərlə, həm də idarəolunan raketlərlə
atəş açmaq olur. Bundan əvvəlki tanklar 1 metr qalınlığında zirehi
iki kilometrdən dağıda bilirdilərsə, "Armata"nın idarəolunan
raketləri bunu 5-7 kilometrdən bacarır. Bundan başqa tankda 7,62
mm-lik snayper və iriçaplı zenit pulemyotu da var. Tank eyni anda
100 kilometr radiusda 40 yerüstü və 25 hava hədəfi ilə mübarizə
aparmaq qabiliyyətinə malikdir.