Ana səhifə Planet |
İranda yaşayan türklərə qarşı assimilyasiya siyasəti tarix boyu müşahidə olunub. Belə getsə, hələ də davam edəcək. Tədris fars dilindədir, dogma dildə məktəb yoxdur. Bir nəsl öz tarixini bilmirsə və öz dilini öyrədən məktəbi yoxdursa, bu, artıq assimilyasiya siyasətinin qurbanı olmaq deməkdir.
Bu sözləri Axar.az-a tanınmış alim, filologiya elmləri doktoru Seyfəddin Altaylı deyib.
O bildirib ki, güneydəki soydaşlarımız soykökünü unudacaqlar. Buna isə səbəbkar yalnız İran dövləti deyil:
“İranda 50 milyona yaxın türk yaşayır. Bu qədər insan öz hüququnu ala bilmirsə, kimsə kənardan gəlib, onların haqqını bərpa edəcəkmi? Sosiologiyada belə bir qanun var: Bir topluma millət demək üçün onun təşkilatlanması vacibdir. Güney Azərbaycanda təşkilatlanmış bir toplum varmı? Yoxdur. “Traktor” futbol klubunun oyunlarına gedən insanlar orada “Bozqurd” işarələri göstərib, “Azərbaycan” şüarı səsləndirirlər. Ürəklərini boşaldıb, geri qayıdırlar. Bu, İran dövlətinin birbaşa siyasətidir. Çünki insanlar bu şəkildə daxildə yığılmış enerjisini boşaldıb, soyumuş halda geri qayıdır”.
S.Altaylı Güney Azərbaycanı tərk edənlərə də səslənərək onlardan geri qayıdıb mübarizəyə qoşulmalarını istəyib:
“Bu gün Avropanın və Amerikanın müxtəlif yerlərində Güney azərbaycanlılar yaşayır. Guya, Azərbaycanla bağlı milli fəaliyyətlə məşğuldurlar. Onlar niyə qaçdılar, niyə öz ölkələrində qalıb, mübarizələrini aparmadılar? Xaricə üz tutan güneylilərin 98 faizi, sadəcə, özünü düşünür, geriyə qayıtmağı düşünmür. Xaricdə təhsil alır, ancaq İrana qayıtmır. Bunlar İrana qayıtsa, ziyalı nəsil olaraq çoxalsalar, gələcəkdə oradakı türklər üçün bir çarə düşünər, hüquqlarını almağa yardımçı olar və bir yol göstərə bilərlər. Əgər, bunlar xaricə qaçırsa, yerdə qalanlara kim kömək edəcək?”
O, İran azərbaycanlılarının öz milli kimliyindən uzaqlaşdırılması siyasətinin tarixinə də nəzər salıb.
“İranda kökləri türk olub, radikal farsçılığı ilə seçilən insanlar var. Necə ki, Şimali Azərbaycanda Əliheydər Qarayev, Ruhulla Axundov kimilər var idi. Onlar rus idi, erməni idi? Əlbəttə ki, türk idilər. Dünyanın hər xalqında belə insanlar olub. Güney Azərbaycan da istisna deyil. Pəhləvilər hakimiyyətə gələndən sonra İngiltərənin göstərişi ilə bir nəzəriyyə ortaya atıldı. Guya, “azəri”lər əslində türk deyil, farsların bir qoludur. İranda Həmədan bölgəsində yaşayırlar. Dinləri də məcusidir. Mahmud Əfşar da həmin o nəzəriyyəni əsas gətirərək, Güney Azərbaycanda yaşayan türklərə “siz azəri (yəni, fars – red.) idiniz, lakin monqollar gəlib sizi türkləşdirdi” siyasətini təlqin etməyə başladı. O zaman sual olunur ki, monqol “azəri”lərə niyə öz dilini yox, məhz türk dilini öyrədirdi? Monqol türkün dilini hardan bilirdi? Həmin nəzəriyyəni Seyid Əhməd Kəsrəvi təkmilləşdirərək, bizim üçün daha da təhlükəli hala gətirdi. Öz nəzəriyyəsini bizə sırımağa çalışdı”.
Seyfəddin Altaylı İranda yaşayan türklərin yeganə çıxış yolunun mübarizə olduğunu deyib:
“Biz yaxşı-yaxşı düşünməliyik. Ən başda da Güney Azərbaycan türkü. Özgəsi gəlib onların hüquqlarını alıb, millətə təhvil verməyəcək. Bu problem Güney azərbaycanlılarındır. Əvvəlcə, onlar öz haqlarını əldə etməyi bacarmalıdır. Biz - xaricdə yaşayan azərbaycanlılar da onlara kömək edəcəyik. Yeganə yol budur. Təlim-təhsil olmasa, oradakı türkçülüyün gələcəyi sual altına düşəcək”.
Tarix
2023.02.18 / 09:09
|
Müəllif
Vüsalə İsgəndərova
|