Ana səhifə Planet |
Rusiyanın Ulyanovsk vilayətində azərbaycanlının ailəsinə qarşı qəddar cinayət törədilib.
APA-nın Rusiya bürosunun məlumatına görə,
yanvarın 27-də Ulyanovskda 45 yaşlı şəxs azərbaycanlı iş adamının
evinə molotov kokteyli atıb. Nəticədə evdə olan iki yaşlı körpə
uşaq üz və çiyin nahiyəsindən ağır yanıq xəsarətləri alıb.
Evinə molotov kokteyli atılan Pərviz Hüseynov açıqlamasında
hadisənin təfərrüatları barədə danışıb. O, 2014-cü ildə "Rosdenqi"
kredit təşkilatından 4000 rubl borc aldığını, bunun müqabilində 24
min rubl ödədiyini söyləyib: "Təşkilatın kollektoru bu məbləğin az
olduğunu iddia edərək, onlara daha 40 min rubl borclu olduğumu
söylədi. Bu məbləğin götürdüyüm borcun faizi olduğunu bildirdi.
Bununla bağlı bir neçə dəfə polisə müraciət də etdim. Lakin heç bir
nəticə olmadı. Yeni il qabağı onlar mənim evimin şüşəsini kərpiclə
sındırdılar və içəri bildiriş atdılar. Həmin bildirişdə, əgər 40
min rublu qaytarmasam beş gün ərzində evimi yandıracaqlarını
yazmışdılar".
Pərviz Hüseynovun ailəsinə Ulyanovskdakı Azərbaycan diasporu yardım
göstərib. Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk vilayəti üzrə
regional bölməsinin rəhbəri İslam Hüseynov açıqlamasında Hüseynov
ailəsinə mümkün yardımı edəcəyini söyləyib.
Diaspor rəhbəri Pərviz Hüseynovun "Rosdenqi" kompaniyasına borclu
olduğunu bildirib: "Az miqdarda borca görə dəfələrlə onları
hədələyiblər. Ailə 4 min rubla görə 24 min rubl pul ödəyib. Bu
ödənişdən sonra onlar hədələrini dayandırmayıblar. Əvvəl evə
kərpic, daha sonra isə molotov kokteyli atıblar, hansı ki, iki
yaşlı körpənin yatdığı otağa düşüb".
İslam Hüseynov 2-3 dərəcəli yanıq xəsarəti alan körpənin hazırda
xəstəxanada olduğunu qeyd edib: "Bu ailəyə hər cür maddi və mənəvi
yardım göstəriləcək. Bundan başqa baş vermiş qəddar cinayətin
üstünün tezliklə açılmasına yardım edəcəyik. Ümid edirik ki,
Ulyanovskun hüquq-mühafizə orqanları tezliklə bu cinayətin üstünü
açacaqlar".
Diaspor rəhbəri baş vermiş cinayət işinin Ulyanovsk qubernatorunun
nəzarəti altında olduğunu da söyləyib.
Tarix
2016.01.29 / 00:35
|
Müəllif
Axar.az
|