Ukrayna hadisələri son bir neçə ay ərzində bütün
dünyanın diqqət mərkəzinə düşüb. Burada müxtəlif informasiyaların
yayılması, onların nə qədər doğru və ya yalan olması bəlli deyil.
Bəlli olan təkcə odur ki, Ukraynada xalq ayağa qalxıb.
Məsələni daha da dəqiqləşdirməkdən ötrü rusiyayönlülüyü
ilə tanınan, amma heç bir zaman bunu öz fəaliyyətinə yansıtmayan
jurnalist Sergey Stepanovla danışdıq. Onun Maydan haqqında
etiraflarını təqdim edirik.
Maydan atraksiona çevrilib
- Sergey, bizim auditoriyaya Avromaydanı təsvir edin,
zəhmət olmasa?
- Avromaydan – təxminən üç aydır ki, Kiyevin mərkəzində
müxalifət tərəfindən qurulan düşərgədir. Hansı ki, müxtəlif
dəbilqə, dəyənəklərlə barrikadalar quraraq onu mühafizə edən və
buradan yandırdıqları odun tüstüsü görülən, hökumət əleyhdarı olan
insanların səsi eşidilir.
Bu, kənardan elə də xoş görünməyə bilər, amma artıq turistik
mərkəzə çevrilib. Kiyevdə insanlar bu barrikadaların qarşısına
gələrək şəkillər çəkdirir, inqilab şəkilləri ilə bəzədilmiş
müxtəlif suvenirlər alırlar. Yəni artıq Maydan attraksiona
çevrilib.
Hazırda Kiyevdə sakitlikdir. Müxalifət və hökumət böhrandan
çıxış yolu axtarır. Bununla bərabər, hökumət böyük güzəştlərə hələ
ki, getmir.
Maydanın iştirakçıları onsuz da partiya liderlərindən
narazıdırlar. Səbəb isə onların parlamentdə təmsil olunan
deputatlarının Yanukoviçlə apardıqları müzakirələr zamanı heç bir
uğur əldə etməməsidir. Bütün bunların fonunda daha çox
ultramillətçi çıxışları ilə seçilən "sağ sektor"un narazılığı daha
da güclənir. Onların mövqeyini müdafiə edənlərin isə sayı
artır.
- Deyəsən, siz də jurnalist kimi Maydan və Qruşevskidə
iştirak etmisiniz.
- Mən bu hadisələrin heç birində iştirak etməmişəm. Amma
Prezident Administrasiyasına hücum zamanı orada olmuşam. Təzyiqə
məruz qalmaqdan məni Allah xilas etdi. Lakin burada çox pis
şeylərin şahidi oldum. Polislərin heç nədən döydüyü jurnalistləri
gördüm. Bütün bunlardan sonra rusiyayönümlü insan olduğuma
baxmayaraq, Maydanda edilən tələblərin çox hissəsinin doğru
olduğunu düşünürəm. Məmurların səhvi onda idi ki, onlar adi
insanları döyən şəxsləri cəzalandırmamışdılar.
Jurnalistlərə snayperdən atəş açılır
- Ümumiyyətlə, Berkut jurnalistlərlə necə
davranır?
- Artıq dedim ki, jurnalistlər xüsusi təyinatlıların qəzəbinə
tuş gəliblər. Sonuncu dəfə Qruşevski küçəsində baş vermiş hadisələr
zamanı jurnalistlərin özləri də etiraf edirlər ki, onlara xüsusi
nəzarət edilirdi. Sanki jurnalistləri ovlayırdılar. Hətta Berkut
snayper vasitəsilə rezin güllələrdən jurnalistlərə atəş açırdı.
Onu qeyd etmək lazımdır ki, bu hadisələr zamanı yeni striminq
texnologiyasından istifadə olundu. Məhz bunun vasitəsilə
jurnalistlər planşet və ya telefonlarla "Molotov kokteyli",
bombaların çəkilişini canlı olaraq efirə ötürə bilirdilər. Məhz bu,
Berkutun xoşuna gəlmirdi. Mənim həmkarım Anatoli Lazarenko
barrikadalardan yayım edən zaman buna görə xüsusi təyinatlılar onun
əlindən vurmuşdular.
Maydandan hökumət istifadə edir
- İnsanlar Yanukoviçə bu qədərmi nifrət
edirlər?
- Viktor Yanukoviçdən narazılıq həqiqətən çoxdur. Kiyevdə ona
qarşı simpatiya heç vaxt olmayıb. Prezidentin təmsil etdiyi Donetsk
klanı başqalarının biznesini ələ keçirməkdə günahlandırılır.
Digər tərəfdən, Yanukoviçə səs verənlər də artıq ondan
narazıdırlar. Çünki onun seçilməsindən sonra o öz seçicilərini
satıb. Yanukoviçə səs verənlər ondan ölkənin ikinci dövlət dilinin
rusca edilməsini və Qərbə üz tutmaq yox, birbaşa Gömrük İttifaqını
seçməyi gözləyirdilər.
Maydanın əsas gücünü ukraynalı millətçilər təşkil edir ki, bu da
ölkənin cənub və şərqində yaşayan rusdilli əhalinin onlardan
diksinməsinə səbəb olur. Bax, bu ziddiyyətdən də hökumət çox yaxşı
istifadə edir. Onsuz da bilirlər ki, əhali əvvəl-axır "özündən olan
it uşaqlarına" səs verəcək. Yəni Yanukoviçin keçmiş tərəfdarları
ondan narazıdır, amma indiki prezidentdən başqa da variantları hələ
meydana gəlməyib.
- Sergey, bəs bu nifrət haradan əmələ
gəlir?
- Ukraynada əvvəllər keçirilən mitinqlər və inqilabın əsas fərqi
onların sakit, rahat keçməsi idi. Məsələn, 2004-cü ilə baxın. İndi
isə qəddarlığa hər kəsi milis təhrik edib. Maydanda insanların
döyülməsinə qarşılıq Prezident Administrasiyasına qarşı hücum
başlandı. Maydanda dayanan insanların həbs edilməsi ilə bağlı qəbul
edilmiş qanuna qarşılıq kimi isə "Molotov kokteyl"ləri aldılar.
Düşünürəm ki, bu nifrətin əsas səbəbi iki ay ərzində hökumətin
Maydana qarşı heç bir güzəştə getməməsindədir. Kompromisə getmək
lazım idi.
Ukraynada müxalifəti sevmirlər
- Ukraynada müxalifəti sevirlərmi?
- Ukraynada müxalifət yekcins deyil. Onların təmsilçiləri əsasən
ölkənin qərbində məşhurdurlar. Ölkənin şərqində isə əksəriyyət
Yanukoviç və kommunistləri müdafiə edir. Hələ ki, arenada olan
köhnə siyasətçiləri əvəz edən yeni liderlər peyda olmayıb.
Hətta ölkə siyasətinin yeni siması hesab edilən Vitali Kliçko
belə öz partiyasına Viktor Yuşşenko dövrünün köhnə kadrlarını
toplayıb. Onların çoxu da bir zamanlar rusdilli aktivistlərin
qovulmasında iştirak ediblər. Ona görə də ölkənin cənub və şərqində
bu partiyanı məğlub etmək çox asan olacaq.
- Yaçenyuk, Tyaqnibok və Kliçko. Bunlardan hansı
Avromaydanda daha xarizmatik lider kimi görünür?
- Hazırda keçirilən sosial sorğuların nəticələrinə görə, ölkədə
mümkün olacaq prezident seçkiləri zamanı əsas lider Yanukoviç
göstərilir və siyahıda onu Kliçko izləyir.
Üçüncü yerdə isə son günlər özünü qəşəng reklam etdirən Pyotr
Poroşenko gəlir. Bu, Rusiya tərəfindən qadağan edilmiş "Roşen"
konfetlərinin sahibidir.
Yaçenyuk və Tyaqnibok isə yavaş-yavaş öz populyarlıqlarını
itirirlər. Yaçenyuk hökumətlə razılaşdığına, Tyaqnibok isə radikal
millətçi siyasətinə görə hörmətdən düşürlər. Onun partiyası inqilab
zamanı Kiyevin mərkəzində yerləşən Leninin heykəlini uçurtmuşdu.
Abidə çox böyük memarlıq incisi hesab edilir və kiyevlilərin heç
biri bu cür söküntünü müdafiə etməmişdi.
- Sizcə, bu mitinqlərini sonu necə olacaq? İnsanların
qələbə qazanacağı ilə bağlı ümidləri varmı?
- Bunu heç kim deyə bilməz. Güc tətbiq ediləcəyi ilə bağlı
təhlükə variantı var. Qorxu var ki, hökumət müxalifətin
təmizlənməsini əsas prioritet götürəcək. Nəticədə də insanlar
qurban gedəcək, kütləvi həbslər başlayacaq.
Mənim fikrimcə, ən yaxşı variant kompromisin əldə olunmasıdır.
İndi ölkəyə köhnə konstitusiyanı qaytarmaq üçün çalışırlar. Buna
görə isə prezidentin səlahiyyətləri azaldılır. Doğrudur, bu ölkədə
avtoritarizmin yaradılmasına imkan vermir, amma ölkənin
qarışıqlıqdan azad olmasını da mümkünsüz edir.
Başqa bir resept isə Ukraynanın federasiyaya çevrilməsidir. Bu
da növbəti cəlbedici variantdır. Bunun nəticəsində ölkənin
bir-birinə zidd fikirdə olan bölgələri başqa qanuna və öz dillərinə
sahib ola bilərlər. Federasiyanın da çoxlu düşmənləri var. Onlar
iddia edirlər ki, ölkə federasiya olsa, ölkənin şərq vilayətlərinin
ayrılaraq Rusiyaya birləşməsi yolunda bir addım olacaq.
P.S. Qeyd edək ki, Sergey Stepanov bizə verdiyi
müsahibədən bir gün sonra – bu gün - öz ərizəsi ilə iş yerindən (o,
"Yeni region"(nr2.ru) agentliyinin Kiyev bürosunun baş redaktoru
idi) istefa verib. O, bunu Avromaydanın düzgün işıqlandırılmaması,
söz azadlığını pozaraq ona qarşı yazıların yazılmaması və işlədiyi
yerin rəsmi olaraq Avromayadanın təbliğatçısına çevrilməsi ilə
əlaqələndirib.