Türkiyə beynəlxalq
razılaşmalara üstünlük verir. Lakin lazım gələrsə, Suriyaya quru
qoşunları yeridəcəyik.
ANS-in
məlumatına görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu "Əl
Cəzirə" telekanalına müsahibəsində deyib.
Baş nazir bildirib ki, özünü müdafiə etmək üçün Türkiyə istər
daxildə, istərsə də xaricdə hər cür tədbir görməyə hazırdır.
Son günlər Suriya ərazisindən Türkiyənin Kilis və Urfa
vilayətlərinə raket mərmilərinin atılmasını şərh edən Davudoğlu
bildirib ki, Kilisə raket atanlar İŞİD terror qruplaşmasıdırsa və
bu əməllərinə davam edərlərsə, onları hədəfə alacaqlar.
"Bizim siyasətimiz hər zaman konkret olub: diplomatiya yolu ilə
Suriya böhranını həll etmək. Əsədin leqallığını əsla qəbul
etməyəcəyik. Çünki o, hələ də xalqını öldürməyə davam edir, 3
milyon suriyalını Türkiyəyə keçməyə məcbur edib. Belə bir hökumətin
leqallığından söhbət gedə bilməz.
Əslində heç bir ölkə Türkiyə qədər İŞİD-lə mübarizə aparmayıb.
İŞİD-in sərhədlərimizdə olmasını istəmirik. Suriyanın müxalif
qüvvələrini İŞİD-ə qarşı mübarizədə dəstəkləyəcəyik. Hərbi dəstək
bundan sonra da davam edəcək", - Baş nazir bildirib.
Davudoğlu jurnalistin "Beynəlxalq dəstək olmasa belə Suriyaya
quru qoşunları göndərəcəksinizmi" sualını belə cavablandırıb:
"Əslində Birləşmiş Millətlər Təşkilatının İŞİD-lə mübarizəyə
dair çox sayda qərarı var. Dolayısı ilə istər özünü müdafiə,
istərsə də İŞİD və ya digər terror qruplaşmaları ilə mübarizə
aparmaqda bu qərarlar bizi dəstəkləyir. Ancaq biz yenə də beynəlxaq
razılaşmalara üstünlük veririk. Çünki İŞİD bütün dünyanı
maraqlandıran məsələdir".
"Əl Cəzirə" müxbiri növbəti sualını Rusiya ilə bağlayıb. O deyib
ki, Türkiyə Suriyadakı türkmən bölgələrinə girərsə, Rusiya buna
qarşı çıxacaq. Rusiya Türkiyə qüvvələrini havadan vura bilərmi?
"Bu ssenari doğru deyil. Bu torpaq rus torpağı deyil. Rusiya
BMT-nin daimi üzvlərindən biridir. Bir az əvvəl dediyim kimi,
BMT-nin İŞİD-lə mübarizəyə dair qərarları var. Burada əsas məsələ
torpaqlarımızın təhdid altında olmasıdır. Biz Rusiya daxil heç bir
ölkəni qarşımıza almaq istəmirik. Ancaq söhbət milli
təhlükəsizliyimizdən gedəndə lazım olan hər cür tədbiri görəcəyik.
Burada İŞİD-in təhdidi ilə qarşı-qarşıya olan Rusiya deyil,
Türkiyədir".