Türkiyənin mədəniyyət
mərkəzi olan İstanbul inkişafına, gözəlliyinə, turist axınına görə
dünyanın ən böyük şəhərləri ilə bir sırada dayanır.
Əhalisinin sayına görə 130 ölkəni geridə qoyan İstanbulun
özünəməxsus gözəllikləri var: Ayasofya, Topqapı sarayı, Taksim
meydanı, Qalata qülləsi, Çırağan sarayı...
İstanbulda gəzərkən burada balıq tutanların, küçə
musiqiçilərinin, şabalıd qızardıb satan yaşlı kişilərin bu şəhərin
kaloriti olduğu qənaətinə gəlirsən. Lakin İstanbulun yeni
"kaloriti" də var: suriyalı qaçqınlar.
Şəhərin elə bir yeri yoxdur ki, orada ölkədəki vətəndaş
müharibəsi, terror və hakimiyyət çəkişmələrindən qaçıb Türkiyəyə üz
tutan məyus miqrantlarla rastlaşmayasan.
Buradakı miqrantların çoxu türk və ingilis dilini bilmir.
Bildikləri iki söz var: from Suriya (Suriyadanam), help (kömək
edin).
Şəhərdə gəzərkən qucağında körpə uşağı və yanında xanımı olan
bir qaçqın yaxınlaşıb kömək istədi. Bir az türkcə bildiyinə görə
onunla söhbət edə bildim. Hələbdən gəlmişdilər, uşaqlarının 1 yaşı
var idi və qalmağa yer tapa bilmirdilər:
"Ölkəmdə müharibədir, orada qalmağımız mümkün deyildi. Türkiyəyə
üz tutan dostlarımıza qoşulub bura gəldik, amma yaşaya bilmirik,
sürünürük".
Bir neçə dəqiqədən sonra ikinci bir suriyalı uşaqla rastlaşdım.
Adının Salman, yaşının 6 olduğunu dedi. Söhbət əsnasında məlum oldu
ki, Salmanın atası Suriyada qalıb, anası və xəstə bacısı isə
İstanbula gəlib:
"Suriyada müharibədir, atam orada döyüşür. Savaş bitəndə bizi
çağıracaq. Mən Taksimdə dilənib anama və xəstə bacıma yemək almaq
üçün pul qazanıram. Gün ərzində bəzən 20, hətta 40 lirə qazana
bilirəm".
Salmanla danışdığımız vaxt mənə iki gənc yaxınlaşdı və uşaqdan
nə istədiyimi soruşdu. Onlara dedim ki, sadəcə söhbət etmək istədim
və ona yemək almaq istəyirəm. Bundan sonra oğlanlar uzaqlaşdı.
Salmandan kim olduqlarını soruşdum.
"Böyük qardaşlarımdır. Doğma yox, burada tanış olmuşuq. Mən
dilənəndə mənə nəzarət edirlər. Qazandığım pulu onlaraverirəm,
onlar da bir hissəsini mənə qaytarır", - cavab verdi.
Salmandan sonra diqqətimi yolun kənarında ud çalaraq ərəb
dilində mahnı oxuyan gənc çəkdi. Yaxınlaşıb bir az söhbət etdim. O
da Hələbdən idi, adının Əhməd olduğunu dedi:
"Müharibədən sonra Türkiyəyə gəldim. Burada dilənmirəm. Öz
musiqimizlə turistləri və yerli camaatı tanış edirəm. Bəyənənlər
zəhmətimin qarşılığında mənə pul verir. Burada yaşamaq çox
çətindir, çünki qalacaq yerim yoxdur və hər şey çox bahadır. Yemək
üçün pul tapsam da, qalmağa yer tapmıram".
Bu üç dialoq türk və ya ingilis dilində danışa bilən
suriyalılarla idi. Küçədə isə dil bilməyən və yardım dilənən
suriyalılar yüzlərlədir.
Təkcə fərdin deyil, bütün bir millətin taleyinin öz əlində
olmadığı bir vaxtda dünyanın bir tərəfində kosmosa göndərilən
aparatlar planetləri öyrənir, uca dağların ətəyini qazıb kolayder
vasitəsilə Yer kürəsinin yaranma tarixi araşdılır, digər bir
tərəfində isə maddi nemətlər və böyük ölkələrin ambisiyalarına görə
öz vətəni, gəncliyi, uşaqlığı, arzuları, həyatı əlindən alınan
insanlar fəryad edir.
Sivilizasiya hara gedir?..