"Təkcə fevralın 22-də mənimlə bərabər sərhəddən
İrana 200-dən çox Hepatit C virusuna yoluxmuş xəstə keçib getdi.
Biləsuvardakı sərhəd keçid məntəqəsində növbə gözləyərkən hamı
bir-biri ilə ancaq Hepatit haqda danışırdı. Orada maraq üçün sorğu
apardım, məlum oldu ki, İrana keçmək üçün gözləmə zalında gözləyən
300-dən çox adamın 200-dən çoxu bu virusa yoluxmuş
azərbaycanlılardır".
Bu sözləri Hepatit C virusundan əziyyət çəkən biri deyib.
Həmin şəxs bu virus və onun törətdiyi ağır xəstəliyin bahalı
müalicəsi ilə bağlı öz başına gələnlərin timsalında maraqlı və şok
effektli faktlar açıqlayıb: "Mən İranda "Şəms" klinikasında müalicə
alıram. Burada məni müalicə edən həkim bildirdi ki, hazırda təkcə
bu klinikada Hepatit C virusuna yoluxmuş 500-dən çox Azərbaycan
vətəndaşı müalicə alır. Onun dediyinə görə, üst-üstə İranda 10
minlərlə Azərbaycan vətəndaşı Hepatit C virusundan müalicə olunur.
Həkimim Azərbaycandan sözügedən virusla bağlı müraciət edənlərin
sayının ifrat həddə çatdığını bildirdi.
Həmin həkim qeyd etdi ki, bu, təkcə diş klinikalarında,
bərbərxanalarda yoluxma məsələsi deyil. Onun ifadə etdiyi səbəb
təxminən bu cürdür: "Bu virusu sizin ölkədə deyəsən qəsdən
yayırlar, bəlkə də bu, sizin düşmənlərinizin işidir, bakterioloji
silah effekti ilə yayılıb Hepatit C Azərbaycanda. Sizin ölkənizin
rəhbərliyi bu məsələni ciddi nəzarətə götürməlidir, yoxsa
Azərbaycan xalqının genefondu məhv ola bilər.
Hepatit qana yoluxan virusdur, buna yoluxmuş xəstəni sağaltmaq,
yəni virusu bloklamaq mümkün olsa da, onun daşıyıcılıq halında
gələcək nəsillərə genetik olaraq ötürülməsi də tibbi
nöqteyi-nəzərdən təkzib olunmur. Bunu hökumətiniz nəzərə almalı və
kompleks tədbirlərə başlamalıdır".
İranlı mütəxəssisin dediyinə görə, Hepatit C xəstələri ilə bağlı
dəhşətli statistika bölgədəki digər dövlətlərdə - Ermənistanda,
Gürcüstanda, Türkiyədə, İranın özündə yoxdur. O bildirdi ki, İrana
hətta Ermənistandan gələn Hepatit virusuna yoluxanların sayı
Azərbaycanla müqayisədə 20 dəfə azdır: "Məsələn, mənim müalicə
aldığım klinikaya təxminən 15-20 erməninin Hepatit C ilə bağlı
müraciət etdiyi bildirildi".
Həmsöhbətimiz qeyd etdi ki, daha dəhşətli vəziyyət virusa qarşı
müalicədə istifadə edilən dərmanların Azərbaycanda fantastik həddə
baha olması ilə bağlıdır: "Hazırda virusu bloklamaq üçün ən çox
istifadə olunan preparat - antibiotik "Regintron"dur.
Azərbaycanda işbazlar onu fantastik həddə baha satırlar: bir
ampula "Regintron" Bakıda 190-220 manat civarında satılır. Bu da
yalnız bir həftəlik dozadır. Həmin dərmandan xəstəyə 48 həftə
vurulmalıdır. Yəni xəstə Azərbaycanda müalicə olunarsa, təxminən 10
min manat təkcə "Regintron"a verməlidir. "Regintron" Amerika
istehsalıdır. İranda isə həmin dərman hazırda bizim pula çevirəndə
75-80 manata satılır, yəni Azərbaycandan üç dəfə ucuz. Bundan
başqa, hepatitli xəstələrin müalicəsi zamanı digər köməkçi
dərmanlar da var ki, onlar da ümumən 3-4 min manat pul tutur.
İranda isə həmin məbləğ 2 dəfə ucuzdur.
Həmçinin Hepatit C-yə yoluxmuş şəxslər müalicə dövründə hər 3
aydan bir dərmanların təsirinin öyrənilməsi üçün analizlər
verməlidir. Bu analizlər virusun genotipinin müəyyənləşdirilməsi
mərhələsinə qədər olmalıdır. Bakıda cəmi iki-üç klinikada bu
analizləri normal edə bilirlər, qiymət də çox bahadır. Məsələn,
genotipin müəyyən edilməsi 350 manatdır. Bu virusa yoluxmuş şəxsin
ortalama 10-12 min manat pulu yoxdursa, qısa müddətdə ciyəri serroz
olub öləcək. Hökumət isə bu xəstələrə heç bir büdcə və ya dərman
ayırmayıb. İranda isə öz vətəndaşları üçün Hepatit C virusunun
müalicəsi məhz dövlət hesabınadır, yəni bu müalicə də vətəndaşın
tibbi sığortasına daxildir".
Mövzu ilə bağlı danışdığımız həkim-ekspert Azərbaycanda Hepatit
C virusunun gerçəkdən tüğyan etdiyini dedi: "Hər hansı cərrahi
əməliyyata girən zaman qan analizləri aldığımız 10 vətəndaşdan
birində Hepatit virusu aşkarlanır. Virusun bu qədər çox insanı
tutması şübhəlidir və bunun üzərinə ciddi gedilməlidir. Bu, qəsdən
həyata keçirilən işə oxşayır. Yoxsa bu qədər insanın cəmi bir neçə
ilin içərisində bu virusa yoluxması mümkünsüz görünür. Sanki bu,
bir epidemiya halında çoxalır. Virusun ən geniş yayılan forması isə
Hepatit C-dir. Orta hesabla vətəndaşların 10 faizi Hepatitə
yoluxub. Çoxlarının isə bundan xəbəri yoxdur. Virus o zaman aşkara
çıxır ki, artıq insanın ciyəri serroz olub, bu da gec olur".
Səhiyyə Nazirliyini mövzuya dair araşdırma aparmağa və açıqlama
verməyə dəvət edirik (Musavat.com).