Adı dəfələrlə qalmaqallarda hallanan Ucar Mərkəzi Rayon
Xəstəxanasının cərrahı Cavanşir Qədirovla bağlı daha bir
rüşvətxorluq iddiası ortaya atılıb.
C.Qədirovun hədələrindən cana gəldiyini bildirən Ucar rayon
sakini Purqafari Azər Ələsgər oğlu bu barədə özü Axar.az-a məlumat
verib.
Həkimin cərrahi əməliyyat qarşılığında rüşvət tələb etdiyini
iddia edən xəstələrdən biri olan A.Purqafari qeyd edib ki,
C.Qədirovun belə qanunsuz əməllərindən bütün rayon cana doyub.
Şikayətçi məktubunda yazıb ki, həkimin ondan tələb etdiyi pulu
vermədiyi üçün hədələnir:
"Həyat yoldaşım 23 yanvar 2015-ci il tarixdə qeysəriyyə
əməliyyatı ilə uşaq dünyaya gətirib. Əməliyyatı cərrah Cavanşir
Qədirov həyata keçirib. Yoldaşımın müalicəsi üçün 5 gün ərzində
mənə aldırdığı dərmanların dəyəri 1500 manatdan çox oldu. Hələ
üstəlik məndən əməliyyat üçün 450 manat pul verməyi də tələb
edirdi. Mənim buna imkanım çatmır. Həm dövlət xəstəxanalarında
bütün əməliyyatlar pulsuzdursa, niyə axı pul ödəməliyəm?! Dəfələrlə
pul istəməsinə baxmayaraq, imkanım olmadı verməyə. Məni, ailəmi evə
buraxmayıb girov saxlayacağı ilə hədələdi".
Çıxılmaz vəziyyətdə qalan şikayətçi qeyd edib ki, həkim
xəstəxanada olmadığı vaxt xanımını bir tibb bacısının köməyi ilə
evə apara bilib. Elə əsas problem də bundan sonra başlayıb:
"Həkimin tələb etdiyi pulu ödəmədən yoldaşımı evə gətirdiyim
üçün Cavanşir Qədimov xəstəxanaya gələn kimi bizim ünvanımıza
nalayiq sözlər deyib. Nəyin bahasına olur-olsun bizi
cəzalandıracağını bildirib".
Şikayətçi qeyd edib ki, cərrahın ondan 450 manat tələb etməsini
sübut edəcək video çəkiliş də var. O, bununla bağlı əlində olan
bütün faktları hüquq mühafizə orqanlarına, o cümlədən də Səhiyyə
naziri Oktay Şirəliyevə təqdim edəcəyini bildirib.
A.Purqafari məsələ ilə bağlı aidiyyəti qurumlara və Səhiyyə
Nazirliyinə müraciət də edib.
Qeyd edək ki, cərrah Cavanşir Qədirovla bağlı mətbuatda
dəfələrlə belə şikayətlər işıqlandırılıb. Ötən ilin dekabrın 25-də
qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmiş ananı onlardan
tələb etdiyi iddia edilən 400 manatı verə bilmədikləri üçün evə
buraxmırdı.
Bundan başqa, 2014-cü ilin aprel ayında sözügedən xəstəxanada
xəstədən pul tələb edən C. Qədirov əməliyyat etdiyi 19 yaşlı qadın
uşaq dünyaya gətirdikdən sonra ölmüşdü. Həkim qadının təbii doğuşla
azad ola bilməyəcəyini deyərək, qeysəriyyə əməliyyatını məsləhət
bilmişdi. Ölüm faktı ilə əlaqədar xəstəxanadan bildirmişdilər ki,
ananın vəziyyəti qeysəriyyə əməliyyatından sonra yaxşı olub. Lakin
əməliyyatdan sonra o, ayağa durmaq istəyəndə yıxılaraq başını
möhkəm əzib, komaya düşüb və komadan ayılmayıb.
Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətinin
əməkdaşı Səfayə Əhmədova Axar.az-a açıqlamasında Cavanşir Qədirovla
bağlı onlara heç bir müraciət daxil olmadığını bildirib. S.Əhmədova
qeyd edib ki, bu həmin həkimlə bağlı şayiə də ola bilər:
"Onunla bağlı heç bir şikayət daxil olmadığı üçün bir söz deyə
bilmərəm. Ola bilər ki, kimlərsə həmin həkimlə bağlı şayiə yayır.
Təbii ki, araşdırılmadan bir söz deyə bilmərik. Məsələ
araşdırıldıqdan sonra sizə məlumat veriləcək".