Kim deyə bilər ki, bu gün insanları ən çox maraqlandıran
nədir?
Bəlkə xərçəng xəstəliyinin dərmanının tapılmasıdır, ümumdünya
maliyyə böhranının qarşısının alınmasıdır, bəlkə nüvə silahlarının
məhdudlaşdırılmasıdır?
Yox! Remark hələ XX əsrin əvvəllərində yazırdı ki, insanları I
Dünya müharibəsindən daha çox adi diş ağrısı narahat edir. Bəli,
insan ictimai problemlərdən danışsa da, şəxsi problemlərlə yaşayır,
onu yalnız öz "qapısını döyən" problemlər maraqlandırır. Məsələn,
bu gün kişiləri daha çox maraqlandıran saçların erkən tökülməsinin
qarşısını almaq, qadınları maraqlandıran isə artıq çəkidən azad
olmaqdır. Doğrudur, istisnalar, xüsusi hallar da olur, amma biz
ümumidən danışaq, birincidən başlayaq.
Hazırda saçların tökülməsi kişilərin, bəzən hətta qadınların
əsas problemidir. Bundan istifadə edən televiziya və qəzetlər də
problemin qarşısını almaq üçün cürbəcür metodlar və dərmanlar
təklif edir. Amma son nəticədə bunların heç biri fayda vermir,
çünki adi reklam (oxu: fırıldaq) xarakterlidir.
Haşiyə: Universiteti təzə qurtarmışdım, Elmlər
Akademiyasına təyinat almışdım. Bizim elmi institutda bir komsomol
katibimiz vardı, şirindil, boylu-buxunlu oğlandı. Əslən Qazaxdandı,
məşhur familiyadandı, odur ki, adını çəkmirəm. Rusca-azərbaycanca
sərbəst danışa, böyük-kiçiklə asan dil tapa bilirdi, komsomol
rəhbəri kimi yerində idi. İndi ARDNŞ-də işləyir, yenə rəhbər
vəzifədədir. Həmin dövrdə üçüncü onilliyi xırdalasa da, hər şeyi -
Bakıda evi, maşını vardı, artıq elmlər namizədi idi, evlənmişdi və
partiyaya keçmişdi. Bir sözlə, bizim gənclik arzularımızın və
ideallarımızın zirvəsi idi. Amma onun da problemi vardı, bizim
uşaqlardan sıx, qıvrım saçları olanlara həsədlə baxırdı. Dostumuzun
saçları sürətlə tökülürdü, əməlli-başlı seyrəlmişdi. Qarşısını
almaq istəyirdi, imkanı da var idi, amma çarə tapa bilmirdi. Ürəyi
təmiz, səmimi insan olduğundan dərdini bizimlə bölüşürdü.
Orta yaşlı nəslin yadına gələr, 80-ci illərdə "Neftçilər"
metrosunun yaxınlığında bir kosmetoloji poliklinika açılmışdı,
insanların burunlarını, qulaqlarını sahmana salırdı. Doğrudur, çox
baha idi, amma dəbdə olan yer idi. Həmin poliklinikada saçların
tökülməsini də müxtəlif dərmanlarla və otlarla müalicə edirdilər,
hər halda belə deyirdilər və hər gün AzTV-də reklam edirdilər.
Bizim komsomol katibimiz də bu poliklinikaya bir neçə ay gedib
gəldi. Doğrudur, bir dəyişiklik yox idi, amma biz ürək-dirək
verirdik, hər görəndə "saçların sıxlaşır" deyirdik.
Şirindil dostumuz kosmetoloji poliklinikada da yaxşı bir həkim
tapmışdı, əməlli-başlı dostlaşmışdı. Həkim də dediyinə görə,
savadlı, insaflı adamdı. Müalicədən bir ay keçir, iki ay keçir,
dostumuz pul xərcləməkdə davam edir. Günlərin bir günü həkim
dostumuza deyir, qardaş, sənin atanın saçları necədir? Dostum deyir
nə saç, keçəldir. Həkim soruşur, bəs dayıların? Dostum gülür ki,
onlar hətta atama da qibtə edir. Həkim deyir, qardaş, sən yaxşı
oğlansan, özün də savadlı adamsan, amma atan, dayıların keçəlsə,
sən də keçəl olacaqsan. Get işinlə məşğul ol, niyə boş yerə pul
xərcləyirsən?!
Beləliklə, saçların tökülməyi, ya qalmağı, hətta ağarmağı, bir
qayda olaraq, irsi məsələdir, əsasən ana tərəflə əlaqəlidir. Yəni
bizim həkim demiş, sənin dayılarının saçı tökülübsə, səni də bu
aqibət gözləyir. Təbii ki, burda da yaxşı və pis tərəfə istisnalar
olur, amma müşahidə olunan qanunauyğunluq budur. Və haqlı sual
meydana çıxır: Bəs saçların tökülməsinin qarşısını almaq olarmı və
mümkündürmü?!
Bu sahədə müalicənin hazırkı səviyyəsi danışdığım komsomol
dövründən çox da uzağa getməyib. Yəni müxtəlif müalicələrlə, yaxşı
pul xərcləməklə saçların tökülməsini ləngitmək olur, amma qarşısını
almaq olmur. Bir qayda olaraq, müalicəni, yəni pul xərcləməyi
saxlayan kimi saçlar daha sürətlə tökülməyə başlayır və əvvəlki
qaydasını alır. Bunu yuxarıdakı kimi, vaxtında pasiyentə deyən və
onu əlavə xərclərdən çəkindirən yaxşı və insaflı həkimlərin sayı
isə sürətlə azalır. Bəs nə etməli?
Saçların əkilməsi
Hazırda Moskvada və Avropanın bir çox səhiyyə mərkəzlərində
saçların əkilməsi üçün xüsusi cərrahi üsullar tətbiq edilir və
pozitiv nəticələr verir. Amma burda da bəzi neqativ məqamlar yox
deyil. Əvvəla, bu, həddindən artıq bahadır, ağrılı və riskli
əməliyyatdır. Həm də hər insana tətbiq oluna bilmir, bunun üçün
başının arxa tərəfində - peysərində sıx saçları olan xüsusi
pasiyentlər seçilir. Əməliyyat xəstəxanada, tam steril qaydada iki
həkim və 5-6 tibb bacısı tərəfindən, sözün əsil mənasında, zərgər
dəqiqliyi ilə həyata keçirilir. Əvvəlcədən xəstənin başının tük
bitən hissəsi tam yerli narkoz edilir. Həkimlər gözlərinə xüsusi
böyüdücü linza geyir. Sonra həkimin biri pasiyentin peysərindən,
saçın sıx olduğu hissədən bir neçə tükü dəri ilə (oxu: kökü ilə)
birlikdə, dama-dama qaydada kəsib götürür. İkinci həkim eyni
zamanda başın saçlar seyrək olan hissəsində xüsusi yuvalar açır.
Tibb bacıları kəsilən damaları açılan yuvalarda sürətlə əkməli və
qanı kəsməlidirlər. Damalar kəsildikdən sonra bir neçə dəqiqə
ərzində əkilməlidir, yoxsa tələf olur. Saçı əkən tibb bacılarının
sayının çox olması da buna görədir. Əməliyyat bir neçə saat çəkə
bilir. Burda səbirsiz oxucu soruşa bilər ki, niyə məhz pasiyentin
öz saçları əkilir, peysəri kəsik-kəsik edilir, başqa sahələrdə
olduğu kimi donorlardan istifadə oluna və bu metod hamıya tətbiq
oluna bilməzmi?
Saç əkildikdən sonra pasiyent bir müddət həkim nəzarətində olur,
başını istidən, soyuqdan qoruyur. Təxminən bir aydan sonra yeni
əkilən saçlar tamamilə tökülür. Burda da əməliyyatın əsil sirri,
yəni sizin sualın cavabı meydana çıxır. Əgər, başa donor saçlar
əkilmişsə, orqanizm onları yad cisim kimi (məsələn, barmağa batan
tikan kimi) rədd edir, yəni saçlar bitmir. Yox, əgər biz deyən
qaydada, pasiyentin öz saçları əkilibsə, bir-iki aydan sonra
yenidən çıxır və ömürlük qalır. Amma başın arxasında saçların
kəsildiyi yerlərdə çapıqlar da qalır. Deməli, pasiyent arxadan
saçını uzun saxlamalı və çapıqları gizlətməyi bacarmalıdır.
Göründüyü kimi, bu yol da hamı üçün deyil, ənənəvi müalicədən daha
səmərəli olsa da, daha bahalıdır və müəyyən risklərlə əlaqədardır.
Yenə də həmin suala qayıdırıq: Bəs nə etməli?
Saçların gücləndirilməsi
Saçları qorumaq, hətta bərpa etmək üçün yoqların min illərdən
bəri işlətdiyi, hamının istifadə edə biləcəyi adi, sadə metodlar da
var. Bu metodlara keçməzdən əvvəl bir suala cavab verməyə çalışaq:
Saçlar niyə və necə tökülür?
Yuxarıda deyildiyi kimi, saçların tökülməyinin müxtəlif
səbəbləri, hətta irsi kökləri olsa da, əsas səbəb saçların pis
qidalanmasıdır. Yəni saçların kökü kifayət qədər qanla qidalanmır,
oksigen və vitamin almır və zəifləməyə başlayır. Burda bizim oxucu
üçün əsil sensasiya olacaq bir məqamı diqqətə çatdıraq. Saçlar heç
zaman, bizim başa düşdüyümüz kimi, tam tökülmür, saçların kökü
ölmür. Ən çox saçı tökülmüş adamın başına hətta ən zəif
binokulyarla (onlarla dəfə böyüdən optik aparat) baxanda belə
görmək olur ki, saçlar qətiyyən tökülməyib, onlar sadəcə olaraq
zəifləyib, nazikləşib və adi gözlə görünmür. Deməli, söhbət saçları
bərpa etməkdən, ya yuxarıdakı kimi əkməkdən yox, sadəcə olaraq,
gücləndirməkdən gedir. Odur ki, yoqlar saçları gücləndirmək üçün
onları yaxşı qidalandırmağı məsləhət görürlər. Yəni saçların dibinə
qan axınını gücləndirmək, saçların dibini masaj etmək lazımdır. Və
bunun üçün harasa getməyə, mütəxəssisə müraciət etməyə ehtiyac
yoxdur. Bunu hamı evində gün ərzində həyata keçirə bilər. Səhər
yuyunanda yaş əllərlə saçları sürətlə hərəkət etdirmək məsləhət
görülür. Bu prosedur hardasa 5-10 dəqiqə çəkir. Gün ərzində isə bir
neçə dəfə stol arxasında oturub dirsəkləri stolun üstünə qoymaqla,
barmaqlarla saçların dibini (əsasən seyrələn yerlərdə) masaj etmək
lazımdır. Bu proses də 5-10 dəqiqə çəkə bilər. Sadəcə olaraq,
səbirli və iradəli olmaq, bu prosesi illərlə aylarla davam
etdirmək, yəni həyat tərzinə çevirmək (məsələn, dişləri yumaq kimi)
lazımdır.
Sonda isə saçların gücləndirilməsi üçün ən klassik, əlçatan
maskalardan birini oxuculara təqdim edirik. Nəticədən isə arxayın
olun, yoqların metodları kimi, min illərin sınağından keçib. Metod
çox sadə və effektlidir. Bir qaşıq təbii bal, bir qaşıq gənəgərçək
yağı, bir qaşıq təmiz araq, bir kənd yumurtası sarısından
hazırlanmış saç maskasını (qadınlar xörək, kişilər çay qaşığından
istifadə etsinlər) yaxşı-yaxşı qarışdırıb saçların dibinə yaxmaq
lazımdır. Buna həftədə 1-2 dəfə, 5 dəqiqə vaxt sərf etmək olar.
Sonra maskalı saçı bağlayıb 2-3 saat gözləyirsiz və ümumi qaydada
təmiz yuyursuz. Yazda və payızda bir-neçə ay, konkret nəticələr
olunca, istifadə etməyiniz məsləhətdir.