"Araşdırmalardan sonra ölümdə günahı olan həkimlər
barəsində müvafiq tədbir görüləcək"
"Elnarə Tofiqqızının ölümü ilə bağlı ekspertizanın rəyi
açıqlanandan sonra bu barədə dəqiq nə isə demək olar. Bu əməliyyat
bütün dünyada narkozla aparılır və həmin əməliyyatları narkozsuz
etmək mümkün deyil".
Bunu APA-ya açıqlamasında mərhum tənqidçi, Bakı Slavyan
Universitetinin dekanı Elnarə Tofiqqızının üzərində cərrahiyyə
əməliyyatı aparacaq mütəxəssislərdən biri, Müdafiə Nazirliyinin Baş
Klinik Hərbi Hospitalının həkimi Mahir Məmmədov bildirib. M.
Məmmədov hadisə ilə bağlı ekspertizanın rəyini gözlədiyini
deyib.
M. Məmmədov E. Tofiqqızının vəfat etdiyi "Medi Sina"
klinikasında işləmədiyini də qeyd edib: "Mən Müdafiə Nazirliyinin
hospitalında işləyirəm. Xəstənin həkimi Fərəcullah İdrisova onun
hospitalda əməliyyat olunmasını təklif etdim, amma həkim
razılaşmadı".
M. Məmmədov E. Tofiqqızının ölümü ilə bağlı istintaqa ifadə
verdiyini də açıqlayıb.
Elnarə Tofiqqqızına narkoz vermiş anestezioloq Firuz İbrahimov
isə açıqlamasında xəstənin əməliyyata hazırlanmazdan öncə ürəyinin
kardioqram edildiyini, nəticənin çox normal olduğunu deyib:
"Ümumiyyətlə, anesteziyada risk yoxdur, orda riskin azlığı və ya
çoxluğu var. Anesteziyada əks göstəriş də yoxdur. Elnarə Tofiqqızı
risk qrupuna aid olan xəstə idi. Çəkisi 100 kiloqramdan artıq olan
xəstələr anesteziya əməliyyatında riskli xəstə sayılır".
F. İbrahimov həmçinin anesteziyanı cərrah Mahir Məmmədovun
təlimatı ilə keçirdiyini bildirib: "Əməliyyatda iştirak edən cərrah
Mahir Məmmədov "Medi Sina"da birinci dəfə əməliyyata girdiyini
dedi. Ümumiyyətlə həmin klinikada cərrahiyə şöbəsi tam standartlara
cavab vermirdi".
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə
açıqlamasında bildirib ki, E. Tofiqqızının həyat yoldaşı, jurnalist
Anar Niftəliyevin səhiyyə naziri Oqtay Şirəliyevə ünvanladığı
müraciət araşdırılır. Araşdırmaların sonunda Elnarə Tofiqqızının
ölümündə günahı olan həkimlər barəsində qanunla müvafiq qaydada
tədbir görüləcək.
Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il
sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb
Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.
Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün
Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib.
Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E.
Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı
aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o,
tənəffüs çatışmazlığından vəfat edib. E.Tofiqqızının əməliyyatında
iştirak edən həkim personalı prokurorluqda ifadə verib.
E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də
ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda
faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq -
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi
ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki,
hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma
aparılır.
Qeyd edək ki, Elnarə Tofiqqızının həkim səhlənkarlığı
nəticəsində ölümü ilə bağlı həyat yoldaşı, jurnalist Anar
Niftəliyevin Səhiyyə Nazirliyinə etdiyi müraciətə ötən ayın
sonlarında cavab verilib. A. Niftəliyev o zaman bununla bağlı
açıqlamasında bildirib ki, Səhiyyə Nazirliyi 3 aya yaxındır etdiyi
müraciətə cavabında Elnarə Tofiqqızının "Medi Sina" klinikasındakı
cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı
olduğunu təsdiqləyib: "Məktubda qeyd olunur ki, Elnarə
Niftəliyevanın "Medi Sina Klinikası" özəl tibb müəssisəsində
aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı
ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş
onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə
araşdırılıb. Mütəxəssislərin rəyinə görə, Elnarə Niftəliyevaya
"Medi Sina Klinikası" özəl tibb müəssisəsində "hər iki süd vəzinin
axardaxili papillomaları" diaqnozu ilə əməliyyatdan əvvəl
müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına
hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına
tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən
nöqsanlara yol verilib".
A.Niftəliyev, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili
şöbəsinin müdiri G.Poladovun imzası ilə gələn məktubda aylardır
iddia etdiyi kimi, "anesteziya metodunun seçilməsi"nin yanlış
olduğunun mütəxəssislər tərəfindən təsdiqləndiyini bildirib:
"Səhiyyə Nazirliyi mütəxəssislərinin araşdırması bir daha
təsdiqlədi ki, bu əməliyyatda narkoza heç bir ehtiyac olmayıb".