Mustafa Akkadın rejissoru
olduğu və İslamın gəlişindən bəhs edən "Çağırış" (The Message)
filmi 1976-cı ildə çəkilib. Filmin təqdimatından illər keçməsinə
baxmayaraq, bu gün də həmin filmə təkrar-təkrar
baxılır.
Filmin əksər hissəsi Liviyada, ilk 15 dəqiqəsi isə Mərakeşdə
çəkilib (Bu barədə bir qədər sonra). Filmdə Məhəmməd peyğəmbərin
(s) üzü heç göstərilməyib, amma bəzi hadisələr onun baxışı ilə
göstərilib.
Həmçinin filmin "Ar Risalah" adlı ərəb versiyası da "Çağrış"
filmi ilə eyni anda çəkilib. Amma filmin ərəb versiyasında ancaq
Şərq ölkələrinin aktyorları oynayıb. Aşağıdakı videoda filmin ən
məşhur səhnələrindən birinin hər iki variantını təqdim edirik:
Filmdə Vəhşi obrazının canlandıran Salem Gedara adlı aktyor
ölkəsində iş tapa bilməyib. Buna səbəb isə onun filmdə Həzrət
Həmzəni öldürməsi olub. Dəfələrlə onun evinə Həmzəni öldürməsinə
görə təhdid məktubları da gəlib.
Bu filminin musiqilərini fransız musiqiçi Moris Jarre İngiltərə
filarmoniya orkestri ilə birlikdə səhrada çadırda təkbaşına 2 ay
qalaraq hazırlayıb. Film üçün suriyalı rejissor Mustafa Akkad Moris
Jarreyə yeni çəkəcəyi "Çağırış" filminin musiqilərini hazırlamasını
təklif edəndə, Jarre çölün atmosferini ruhunun dərinliklərində hiss
etməsi lazım olduğunu və buna görə özündən başqa heç kim
olmayacağı, son dərəcə səssiz bir məkan tənzimləməsi lazım
olduğunu, əlavə olaraq isə İslam tarixindən bəhs edən kitabları da
ona gətirməsini istəyib.
Film barədə maraqlı hadisələr
- Amerikada bir kinoteatrda bəzi şəxslər tərəfindən Həzrət
Peyğəmbərin filmdə göstərildiyi zənni ilə tamaşaçılar girov
götürülüb. Daha sonra filmə Əzhər Universiteti tərəfindən təsdiq
verildiyi, peyğəmbərin göstərilmədiyi məlumatı əlavə olunduqdan
sonra hadisə müsbət sonluqla başa çatıb.
- Filmdə Məkkə şəhərinin mərkəzinin yaradılması 4 ay yarım vaxt
aparıb. Səhnələrin qurulması üçün isə 300 nəfər işləyib.
- Bilal rolu üçün məşhur boksçu Məhəmməd Əlini rejissor Mustafa
Akkada təklif ediblər, ancaq o bunu qəbul etməyib. Onun yerinə
Conni Sekka rol alıb.
- Ümumilikdə film 12 dilə tərcümə olunub.
- Çəkilişdə 28 millətə məxsus insan iştirak edib.
- Filmdə döyüş səhnələrinin çəkilişi üçün bütün atlar xüsusi
təlim görüb.
- Film çəkildikdən sonra Həmzə obrazını canlandıran Entoni
Quinnin müsəlman olduğu şayiələri yayılıb. Lakin bir müsahibəsi
zamanı rejissor Mustafa Akkada verilən bu suala cavab olaraq,
"Entoni Quinn mənə müsəlman olmadığını, ancaq həm İslama daha çox
hörmət bəslədiyini, həm də öz dininə daha çox bağlandığını
söyləyib", - deyib.
Filmdə əsas rolları canlandıran aktyorlar isə həm obrazda, həm
də həyatda görə bilərsiz:
Mustafa Akkad müsahibəsində "Çağırış" filmi layihəsinin necə
yarandığını belə açıqlayıb: "Uşağım olanda belə bir duyğuya
qapıldım: "Uşaqlarıma dinlərini öyrətməliyəm", - dedim və
məsuliyyətimi xatırladım. Məhz "Çağırış" layihəsi belə ortaya
çıxdı".
Filmin çəkilməsində ən böyük problem maliyyə məsələsi imiş. Amma
Mustafa Akkad maliyyə problemini həll etməyə nail olub. Səudiyyə
Ərəbistanı filmə sponsorluq etməyi boyun olub. Filmin çəkilişlərinə
1974-cü ildə Mərakeş səhralarında başlanıb. Amma filmə sponsor olan
Səudiyyə Ərəbistanı ssenaridə səhabələrə sevginin daha çox olduğunu
vurğulayaraq, maddi dəstəkdən imtina edib. Hətta bununla da
kifayətlənməyərək, Mərakeş hökumətinə də təzyiq göstərərək, film
komandasının ölkədən çıxarılmasına nail olub. Çəkilən bütün
xərclər, qurulan səhnələr səhranın ortasında atılmış vəziyyətdə
qalıb. Bu müddət ərzində Mustafa Akkad filmin yalnız 15 dəqiqəlik
hissəsini çəkibmiş.
Mustafa Akkad filmin 15 dəqiqəsini montaj edərək Liviya
Prezidenti Müəmmər Qəzzafi ilə görüşür. O, filmin 15 dəqiqəlik
hissəsini Müəmmər Qəzzafiyə baxdırır. Filmdən razı qalan Qəzzafi
filmin qalan hissəsinin harada olduğunu soruşur. Mustafa Akkad
vəziyyəti Qəzzafiyə izah edir. Qəzzafi filmə tam dəstək verəcəyini
bildirir.
Qəzzafinin dəvəti ilə Mustafa Akkadın film briqadası Liviyaya
köçür. Burada çətin şərtlərdə həyata keçirilən filmin 600 nəfərdən
ibarət komandası aylarla səhrada kərpic evlər tikməyə başlayır və
yeni səhnələr qurulur. Bütün çətinliklərə baxmayaraq, çəkilişlər
1976-ci ildə tamamlanır.