Yuxarı

İran dəhşətli zərbələr altında və Əliyevlə Paşinyanın davranışı...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran dəhşətli zərbələr altında və Əliyevlə Paşinyanın davranışı...

İran ötənilki 12 günlük müharibədən fərqli olaraq, daha ağır və qanlı müharibənin içindədir. İsrail yeni taktika tətbiq edir, 2025-ci ilin iyunundakı çatışmazlıqlardan nəticə çıxarıb, savaşa daha yaxşı hazırlaşıb.

ABŞ da iyundan fərqli olaraq, Yaxın Şərqə daha böyük qüvvə toplayıb və irimiqyaslı zərbələr endirir.

Bu dəfə müharibə ölkənin ali dini lideri Əli Xamenei də daxil olmaqla, dövlətin “üstqurumunu” təşkil edən 40-a yaxın yüksək çinli vəzifəli və general-komandanın aradan götürülməsi ilə başladı. Ardınca isə nöqtə atışı ilə HHM sistemləri, hücum vasitələri - raket buraxılış qurğuları sıradan çıxarılır, bazalar, aerodromlar, polis mərkəzləri, “Bəsic” yuvaları tək-tək vurulur.

İran tarana gedir, bu savaşda qarşısında olan yalnız ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğu və İsrailə deyil, onlara gizli şəkildə yardım etdiyini düşündüyü ərəb ölkələrinə də zərbə endirir. Əvəzində Körfəz ölkələrinə himayədarlıq edən Avropa nəhənglərini də regiona çəkir.

İran təklənib: Rusiya meydanda yoxdur, halbuki 2022-ci ildə Rusiya Ukraynaya qarşı savaşa girəndə İran “şimal müttəfiqinin” hər istədiyini vermişdi - “Şahid”lər, dron texnologiyası, mərmilər...

Rusiya heç diplomatiyada da İrana yardım etmir və yaxud edəcək durumda deyil: Ukraynaya təcavüz edən bir ölkənin İrana hücum edənləri beynəlxalq hüququ pozmaqda qınaması absurddur və gülüşlə qarşılanır, həm də Kreml ABŞ, AB liderləri ilə bunu müzakirə etmək haqqını itirib və bunu özü də yaxşı bilir.

Çin də hərbi baxımdan hər hansı təşəbbüs göstərmək həvəsində deyil, “siyasi dirənişi” də BMT TŞ səviyyəsindən o tərəfə keçməyəcək. BMT TŞ isə artıq dağılmış beynəlxalq nizamda heç bir rol oynamır.

İranın qonşuları içərisində yalnız iki ölkə bu prosesdən ciddi narahatlığını ortaya qoyub və bütün diplomatik imkanları, gücü ilə regiondakı eskalasiyanın qarşısını almağa çalışır: Türkiyə və Azərbaycan!

Türkiyə NATO ölkəsidir və hər bir halda NATO müttəfiqi olan ABŞ-ın maraqlarını nəzərə almalıdır, eyni zamanda, hərbi öhdəliyindən dolayı ərazisindəki ABŞ bazalarından istifadəni qadağan edə bilməz. Baxmayaraq ki, Türkiyədən İrana heç bir hücum yoxdur və ola da bilməz.

Tam neytral isə Azərbaycandır: ölkə ərazisində heç bir dövlətin hərbi bazası yoxdur, heç bir ölkə Azərbaycan sərhədindən və hava məkanından İrana qarşı istifadə edə bilməz, etmir də.

Hazırda Azərbaycan xarici işlər naziri dayanmadan sıx trafiklə Körfəz ölkələri, AB liderləri, o cümlədən regionun əsas dövlətləri ilə İran ətrafında baş verənləri müzakirə edir, münaqişənin bir an tez dayanması üçün olduqca aktiv fəaliyyət göstərir.

İran XİN rəhbəri Arakçının 1 martda Ceyhun Bayramova bir zəngi, xahişi kifayət etdi ki, Azərbaycan diplomatik imkanlarını səfərbər etsin. C.Bayramovun son 2-3 gündə danışdığı xarici işlər nazirlərinin sayı 20-yə çatıb.

Ermənistan diplomatiyasının hansısa aktivliyini müşahidə edirsinizmi?

Sizcə, Ermənistan Müdafiə Nazirliyindəki Pentaqonun məsləhətçiləri, İranla sərhədindəki AB “missiyası” hazırda hansı işlərlə məşğuldur?

ABŞ-İsrail ordularının birgə zərbəsi nəticəsində ali dini lider Əli Xamenei həlak oldu - Paşinyan Tiflisdə gecə barına gedib, zərb alətlərində öz məharətini göstərib, çalıb oynayır, Azərbaycan Prezidenti İlham Əliyev isə İran səfirliyinə gedib, kədərini bölüşdü, başsağlığı və Xameneinin komandasına təskinlik verdi...

- Bu, o İrandır ki, 1992-ci ildə vasitəçilik adıyla işə qarışıb, Şuşanın işğalında rol oynadı;

- Bu, o İrandır ki, Türkiyə və Azərbaycan iqtisadi embarqo tətbiq edəndə və Ermənistanı dalana dirəyəndə, ermənilərə işğalı davam etdirməsi üçün bütün yardımları etdi, bu işğalçı ölkəyə nəfəs verdi, ayaqda tutdu;

- Bu, o İrandır ki, dünya müsəlmanlarının lideri, himayədarı kimi özünü göstərməyə çalışıb, Fələstində “dirəniş” yaradıb və həmin Fələstində yetişdirdiyi erməni terrorçuları - ASALA üzvlərini Qarabağa gətirib, müsəlman-şiə qardaşlarını qətlə yetirirdi;

- Bu müsəlman ölkəsi, İslam Respublikası İran sərhədində 1 milyon müsəlmanın qaçqın-köçkün düşməsinin baiskarı olan dövləti “qardaş” deyib, bağrına basdı, məscidləri yerləbir edən, Allah evində donuz saxlayanların arxasında durdu.

İranın heç bir hərbi-siyasi-diplomatik güc tətbiq etməsinə ehtiyac belə yox idi, yalnız ələ keçirdiyi torpaqlardan “dərhal və qeyd-şərtsiz çıxması” haqda BMT TŞ-nin 4 qətnaməsinin tələbini icra etmədiyi üçün Ermənistanı işğalçı kimi tanıyıb, beynəlxalq hüquqa uyğun olaraq bu ölkə ilə sərhədləri bağlasaydı, hər şey bitəcəkdi - bütün dünya ilə quru əlaqəsi kəsilən Ermənistanın işğalı dayandırmaqdan başqa yolu olmayacaqdı.

Elə məhz buna görə 1994-cü ildə dünya siyasətinin nəhəngi Heydər Əliyev İrana böyük nümayəndə heyəti ilə getmişdi.

Nə oldu? - Heydər Əliyevə Xəzər dənizi “Mazandaran gölü” kimi sırındı;

Nə baş verdi? - Xamenei rəsmi görüşdə farsca danışarkən, rusca tərcüməçi gətirdilər və Heydər Əliyevin sərt təpkisi altında İranın ali lideri “biz elə bilirik sizin diliniz ruscadır” kimi qeyri-ciddi açıqlamadan utanmadı.

Guya Azərbaycan xalqının milliyyətini, dilini bilmirlərmiş...

Heydər Əliyev qayıtdı və... nələr etdisə, nəticəsini 2020-də gördünüz!

İran isə davam edirdi:

- 2000-də sərhədimizi qırıcıları ilə vaxtaşırı pozurdu;

- Su sərhədimizi belə İran hərbi gəmisi çıxarıb tullamışdı...

Hətta:

- 2020-ci il savaşında sürətlə irəliləyən ordumuzun önünə qüvvələrini çıxarıb, hücumu 24 saat gecikdirməklə ermənilərin toparlanmasına şərait yaratdı;

- Azərbaycana qarşı təbliğat savaşına girişdi;

- ermənilərə Rusiyadan göndərilən sursatı Gürcüstan buraxmadığı halda sevə-sevə erməni qardaşlarına göndərdi;

- 2020-ci ildən sonra Xankəndiyə yanacaq daşıdı, hərbi texnikalar göndərdi;

- 2020-ci ilin dekabrında - müharibədən cəmi 1 ay sonra Ermənistana milyonlarla dollarlıq raketlər, PUA-lar BAĞIŞLADI!

- öz mütəxəssislərini Xankəndiyə göndərib, PUA-lardan istifadəni öyrətməyə çalışdı və s...

Zəngəzur dəhlizinə heç bir halda imkan vermədi, Ermənistanın razılaşmadan çəkilməsində müstəsna rol oynadı, Ermənistan ərazisini özünün “qırmızı xətti” elan etdi, Zəngəzurdan dəhliz keçməsini “sərhədin dəyişməsi” kimi qiymətləndirib, tam beş il buna qarşı mücadilə etdi, 2021-də isə ordusunu - yüzminlərlə əsgərini - ki tam yarısı canı-qanıbir qardaşlarımdır - gətirib, düz Arazın sahilində günlərlə davam edən təlim keçirdi, faktiki olaraq Azərbaycanı müharibə ilə hədələdi; bu təlimlərdə Araz çayından necə sürətlə keçməyi də “məşq” etdirdi...

Tam bir gözdağı, hədə, meydansulama - İran Zəngəzur dəhlizinə qarşı Azərbaycanla müharibəyə girəcəyini dünyaya göstərdi.

İndi vurulan, ABŞ və İsrailin zərbələri altında qalan həmən İrandır - azərbaycanlı sakinlərini, İranı dövlət kimi min ildir ayaqda saxlayanları saymayan, onlara adi hüquqlarını verməyən, ana dilində oxumalarını yasaqlayan, ancaq 200 min erməniyə məktəb açan İran...

Onillərdir Müstəqil Azərbaycanın güclənməsinə imkan verməyən, Azərbaycanı düşmən gözündə görən, bura “hüseyniyyunları” ixrac edən, burda radikalizmi yayan-yaradan İran...

İndi bu İran vurulur, ali dini lideri ölür - yenə ağrınan, narahat olan yeganə qonşusu Azərbaycan Respublikasıdır!

Əgər İran Azərbaycana adekvat davransaydı, 1992-ci ildə “əfsanəvi generalı”, xaricdə İranın maraqlarını hərbi baxımdan müdafiə edən Qasım Süleymanini terrorçu Monte Melkonyanla görüş üçün Qarabağa göndərməsəydi və burda terrorçuların fəaliyyətinə dəstək verməsəydi, bu gün Azərbaycan Respublikası nələr etməzdi İran üçün!!!

Əgər İran ümumiyyətlə ərəb-müsəlman ölkələrinə adekvat davransaydı, üstü də, altı da qızıl olan ölkəsinin trilyonlarını ərəb ölkələrinin içindəki “şiə ideologiyasına” səpələyib, düşmən dəyirmanına su tökməsəydi, indi ABŞ və İsrail o ölkələrin hava məkanından İrana hücum edə bilərdimi?..

İran vurulur, ölən yenə müsəlmandır, qətlə yetirilənlər arasında əlbəttə ki, can-qan qardaşlarımız da var - SEPAH-ın 40%-i, ordunun 50%-i azərbaycanlıdırsa, necə olmalıdır ki?

Vurulan Şərqi Azərbaycandır, Qərbi Azərbaycandır, Təbrizdir, Ərdəbildir, Urmiyadır...

Hər zərbə hər bir azərbaycanlı üçün faciədir, kədərdir, qəmdir, hüzndür.

Ürəyimiz yanır!

Bu kədərin içində bir ay əvvəl öldürülən 30 mindən çox insanın yüz minlər, bəlkə də milyonlarla doğmasının sevinci də var axı!

Bu dərdin içində onillərdir haqqı yeyilənlərin, hüququ əlindən alınanların, haqsız-ədalətsiz yerə dar ağacına çıxarılanların doğmalarının, haqqını istədiyi üçün həbs edilib zorlanan yeniyetmə qızların, ömrü oğurlanan gənclərin, ölkədən qaçmağa və qürbətdə zillət-həsrət içində qovrulmağa məcbur olanların fərəhi də var axı!

Dəhşətli mənzərədir: bir ölkə vurulur, onun başına daş yağan vətəndaşlarının az qala yarısı sevinir...

Bir müsəlman ölkəsi vurulur, onun müsəlman qonşuları fərəhlənir...

Belə olmamalıdır, belə olmamalıydı, heç bir halda İran bu duruma gəlib çatmamalıydı, bu günə düşməməliydi...

Qeyd: Məqalə İranın Naxçıvana dron hücumundan əvvəl yazılıb.

Tarix
2026.03.05 / 12:18
Müəllif
Anar Niftəliyev
Digər xəbərlər

Kanada İrana qarşı əməliyyata qoşula bilər - Karni

Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - Foto

İranın hücumu ilə bağlı MN-dən açıqlama: Cavab olacaq!

İran Naxçıvana bu PUA-larla hücum edib - Ukrayna

İranın zərbəsindən sonra məktəb bu günə düşdü - Foto

Naxçıvan aeroportu hücumdan sonra - Fotolar

Naxçıvana hücumla bağlı cavab tədbirləri... - Rəsmi Bakı

Naxçıvana neçə PUA ilə hücum edilib? – İran səfirliyi

İran PUA-sından biri məktəbin yaxınlığına düşüb - Rəsmi

Naxçıvana hücum: iki nəfər xəsarət alıb - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla