Yuxarı

İlham Əliyevin xalqa Ramazan təbriki

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevin xalqa Ramazan təbriki

Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Axar.az təbrikin mətnini təqdim edir:

"Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

Mənəvi-əxlaqi kamilliyi və nəcib niyyətləri özündə təcəssüm etdirən, insanların ruhunu və təfəkkürünü saflaşdıran on bir ayın sultanı Ramazan artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, yardımlaşma, şəfqət və mərhəmət kimi xeyirxah əməllərin sevincini yaşayırlar.

Azərbaycan yüzillərdir ki, ayrı-ayrı etiqad və inancların əmin-amanlıq şəraitində dinc yanaşı mövcud olduğu nadir məkanlardandır. Bəşəriyyəti daim sülhə, humanizmə və qardaşlığa dəvət edən İslam dini tarixən cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılmasında, qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin və milli-mənəvi həmrəyliyin bərqərar olmasında müstəsna rol oynamışdır.

Əziz bacı və qardaşlarım!

Ramazan ayı hər il xalqımızın birlik və bərabərliyini daha da gücləndirir, xeyirxahlığın və savab əməllərin təntənəsinə çevrilir. Bu mübarək günlərdə dövlətimizin əmin-amanlığı, firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qoşulur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm.

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Allah orucunuzu və dualarınızı qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!".

Tarix
2026.03.19 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Əfqanıstanda beynəlxalq görüşdə iştirak edəcək

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

Ulu Öndərin qayıdışı ölkəmizin taleyində dönüş anı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla