Yuxarı

Beynəlxalq ekspertlər danışdı: Şou, yoxsa tarixi hadisə? – Özəl

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həftə sonu ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya zonasında görüşdü. Daha sonra isə hər iki lider Şimali Koreya ərazisinə daxil oldu.

Bununla da Tramp Şimali Koreyaya ayaq basan ilk ABŞ prezidenti kimi tarixə düşdü.

Liderlərin görüşü bütün dünyada böyük maraqla qarşılandı və gündəmi dəyişdi. Amma reytinqlər üçün möhtəşəm keçən bu görüş nüvəsizləşdirilmə üçün də faydalı olacaqmı?

Axar.az bu sualla dünya ekspertlərinə müraciət edib:

Koreya Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik Məsələləri üzrə professoru Yançun Kim:

“Görüş siyasi cəhətdən yaxşı keçdi, texniki tərəflər üçünsə uzun zamana ehtiyac var. İki lider və dövlət arasında inam bünövrəsi qoyulmasa, bu danışıqların sonu fiaskoyla nəticələnəcək. Koreya lideri yenə nüvə sınaqları keçirməyə başlayacaq.

Beləliklə, keçən həftəsonu baş tutan və ilk addım kimi dəyərləndirilməli olan səmimi görüş hər iki tərəfin fikirlərini bölüşməsi, ölkələr arasında yaxşı münasibət yaratmaq üçün uğurlu alındı.

Sülhə nail olmaq üçün bu cür etibar formalaşdıracaq görüşlərə daha çox ehtiyac var. Təbii ki, siyasi liderlər həmişə siyasi planlarını və seçki kampaniyası strategiyasını nəzərdən keçirirlər. Bunu mühakimə edə bilmərik. Səmimi fikrimi soruşursunuzsa, həftə sonu baş tutan bu görüşü yüksək qiymətləndirirəm və onun bir şoudan daha artıq olduğunu düşünürəm. Tramp Kim Çen üçün demokratlardan daha yaxşı tərəfdaşdır”.

Türkiyəli ekspert Engin Özər:

“Donald Tramp beynəlxalq siyasətdə nə dediyi ilə deyil, nə etməsi ilə dəyərləndirilən bir liderdir. O, çox şey deyə və ya vəd edə bilər, sonda isə vədlərinə əməl etməyə bilər. Tramp ölkəsinin imicini korlayan, ABŞ-ın ciddiliyini itirməsinə səbəb olan liderdir. İkincisi, bu, bildiyiniz kimi, Koreya lideri ilə baş tutan ilk görüş deyil. Şimali Koreya Çinin qeyri-leqal işlərini görən peyk-dövlətdir. Çinin dəstəyi olmadan uzun müddət ayaqda qala biləcəyini də düşünmürəm. Trampın etmək istədiyi şey Şimali Koreya ilə birbaşa əlaqə qurub Çinlə olan münasibətlərini zəiflətməkdir. Odur ki, tərəflərin görüşündə hər hansı bir sülhə nail olmaq məqsədi axtarmaq lazım deyil. Məqsəd ortadadır. Bu görüşlərin bir faydasının olacağını, Şimali Koreyanın nüvə anlaşmasından çıxacağını zənn etmirəm. Önümüzdəki həftə Tramp Koreyaya müharibə elan edə bilər. Bununla qalmayıb, tezliklə bu fikrini də dəyişə bilər.

Atdığı addımları sistemli və planlı deyil, o, sadəcə olaraq, Çinlə olan münasibətləri pozmağa çalışır”.

Rusiyalı analitik, beynəlxalq münasibətlər üzrə ekspert Qriqori Trofimçuk:

“Donald Tramp Kim Çen İnlə öz şousunu davam etdirir, amma bununla belə, deyəsən, heç başa düşmür ki, Şimali Koreya rəhbərinə daha çox uduzur. Bu təkcə vizual deyil, həm də mənəvidir. Çünki Kim heç nəyə baxmayaraq, öz nüvə proqramını yerinə yetirməyə davam edir. Bu qəribə dialoqda qalib olaraq Kim Çen görünür. Çünki öz xalqına göstəriləsi uğurları var.

Tramp siyasətçi deyil və bunu məhz ABŞ-Şimali Koreya sammitlərində görmək olur. Tramp böyük məmnuniyyətlə İran prezidenti ilə də görüşərdi, amma o, buna razılaşmaz. Trampı sərt, qeyri-qərb liderləri cəlb edir və o bilmir ki, nə etsin.

Koreya yarımadasının nüvələşmə prosesi davam edəcək. Və Trampın qəribə şouları bu prosesi daha da aktivləşdirir. ABŞ-ın zəmanətlərinə və sanksiyaları ləğv edəcəyinə heç kim inanmır, ələxsus Kim Çen İn. Onun üçün əsas məqsəd bu qəribə pauzanı uzatmaqdır”.

Hindistanlı siyasi ekspert, Manipal Akademiyası rektorunun elmi işlər üzrə müavini Moniş Turanqbam:

“Çox az sayda beynəlxalq tədbirlər ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çün İn arasındakı görüş kimi qlobal diqqəti özünə cəlb edib. Şimal və Cənub arasındakı Silahsızlaşdırma Zonasında (SZ) iki lider arasındakı bu yaxınlarda baş verən ekspromt görüş həm nikbinlik, həm də tənqid yaratdı. Bu görüş Sinqapurda və Vyetnamda baş tutan danışıqlardan sonra baş verdi. Bu görüş simvolik görüşdən daha artıq idi. Şərqi Asiya təhlükəsizliyi üçün nüvə silahları proqramının təsirləri ABŞ-ın xarici siyasətində ciddi problemdir. Sanksiyalar, hərbi çağırışlar, təhdid, birtərəfli və çoxtərəfli diplomatik səfərbərlik… - Vaşinqton Pxenyanın siyasi davranışını dəyişdirmək üçün demək olar ki, hər şeyi sınadı. Pxenyanın bu yoldan nə zaman dönəcəyi məlum olmasa da, nüvəsizləşdirmə uzun vədəli bir məqsəd olaraq qalmaqda davam edir.

Bundan əlavə, Koreya daxilində Kim Çen İn və Mun Çje İn arasında gedən dialoqlar da bu prosesdə kritik rol oynayacaq.

ABŞ və Şimali Koreya arasındakı dəyişkən əlaqələrə baxmayaraq, Kimin sanksiyalardan xilas olmaq, Trampın isə 2020 ABŞ prezidentlik seçkiləri ərəfəsində xarici siyasətdə uğur qazanmaq istəyi hər iki tərəfin kompromisə gəlməsi üçün zəmin yaradır.

Hər iki tərəf nə dərəcədə bir-birinin tələbləri ilə razılığa gəlmək üçün səy göstərəcək və hansı ortaq məxrəcə gələcək, bilinməz olaraq qalır. Tramp-Kim Çen görüşü "tarixi addım" və "inanılmaz hadisə" kimi qeyd edilsə də, əhəmiyyəti yalnız Hanoy yığıncağının dağıdılmasından sonra işçi səviyyəli görüşlərin bərpasına gətirib çıxaran ciddi bir diplomatik addım meydana çıxdığı halda görülə bilər.

Sonda danışıqlar zamanı öhdəliklərin yerinə yetirilməsi üçün hər iki tərəfin inam yaratmağının vacibliyini qeyd etmək lazımdır”.

Tarix
2019.07.03 / 12:02
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

COP29-da mühüm razılıq əldə olundu

Türkiyədə 70 kq qızılla saxlanılan azərbaycanlı kimdir?

Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı

Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan

Çavuşoğlu Azərbaycana gəlir - Tarix

70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?

Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…

Bakı ilə danışıqlarda müsbət irəliləyişlər var - Paşinyan

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla