Yuxarı

Paşinyanın getməsini kimlər istəmir? - Ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağla bağlı bəyanata imza atsa da, hələlik özünün hakimiyyətini qoruyub saxlaya bilir. Ermənilərin böyük bir qismi imzalanan razılaşmanı xəyanət olaraq dəyərləndirirlər. Bu böyük qismə rəğmən, Ermənistan cəmiyyətində hələ də Paşinyanın əvvəlki kimi qızğın olmasa da, hakimiyyətdə qalmasını istəyən kütlə var.

Bu sözləri Axar.az-a açıqlamasında analitik İlkin Həsənov deyib.

“Paşinyan hakimiyyətə gəldikdə onun reytinqi 80-85% arasında dəyişirdi. Lakin inqilab eyforiyası yavaş-yavaş sönməyə başladıqca Nikolun reytinqi də 15%-20% azaldı. 10 noyabr Bəyanatından sonra isə Paşinyanın reytinqi ilə bağlı hələlik tam dəqiq rəqəm açıqlanmayıb. Bununla belə, bəzi şirkətlərin açıqladığı müəyyən qeyri-dəqiq rəqəmlər var ki, bu da Paşinyanın dəstəyinin 35%-50% arasında dəyişdiyini təxmin etməyə imkan verir. Maraqlı sual odur ki, bütün itkilərə rəğmən niyə Paşinyanın bu qədər tərəfdarı qalır? Burada məsələ bir qədər qəlizdir. Paşinyanı dəstəkləyənlərin əksər hissəsi onun ideyalarına vurğunluqlarına və ya şəxsiyyətinə pərəstişə görə yox, sadəcə, müvəqqəti olaraq maraqları Paşinyanla üst-üstə düşdüyü üçün onun yanında yer alırlar. Bu sıraya Paşinyanın hakimiyyətində təmsil olunanlar və onların çevrəsi, o cümlədən müharibəyə getməməsinə şərait yaradılanlar və müharibəni istəməyənlər daxildir. Onlara görə, müharibənin davamı yolverilməzdir və madam ki, Paşinyan bu razılaşmaya imza atıb və savaşı dayandırıbsa, o zaman yaxınlarının ölməməsi üçün prosesi sona çatdırmalıdır”, - deyə o bildirib.

İ.Həsənovun fikrincə, Paşinyanın hakimiyyətdə qalmasında Rusiya və müxalifət də maraqlıdır:

“Rusiya hələlik Paşinyanın hakimiyyətdə qalmasını dəstəkləyir. Moskvadan rəsmi şəkildə Paşinyan üçün pozitiv bəyanatlar da verilir ki, bu da Nikola müəyyən mənada kömək edir. Ruslar buna görə Ermənistan daxilində çox aktiv iş aparırlar.

Paşinyanın hakimiyyətdə hələlik qalmasını istəyən başqa bir tərəf isə müxalifətdir. Bunun isə çox sadə səbəbi var. Çünki heç kim məğlubiyyətdən sonrakı prosesi idarə etmək istəmir. Üstəlik, müxalifət vəziyyətin qəliz olduğunu çox yaxşı bilir və cəmiyyətə verdiyi mübaliğəli vədlərin gerçəkləşdirilməsinin imkansız olduğunu anlayır. Yəni müxalifətə görə, Paşinyan tam nüfuz itirənə qədər hakimiyyətdə qalmalı və uzunmüddətli perspektivdə bütün hakimiyyətlər üçün mövcud ola biləcək potensial ittihamlardan gələcəkdə sığortalanmaq üçün əbədi “günah keçisi”nə çevrilməlidir”.

Analitikə görə, hazırda Ermənistandakı “taxt oyunları”nın əsas oyunçusu məhz Rusiyadır:

“Burada əsas oyunu Rusiya oynayır. Doğrudur, Rusiya qısamüddətli perspektivdə Ermənistanı qazanıb və ona görə də çalışır ki, maksimum şəkildə faydalanaraq, nəzarətinin uzunmüddətliliyini təmin etsin. Moskvanın bu istəyi Putinin müsahibələrində də özünü aydın göstərir. Putinin müsahibəsindəki mesajlara baxın. Bir tərəfdən o, Paşinyanın vətən xaini olmadığını deyir, amma digər tərəfdən mesaj verir ki, siz Qarabağı tanımadığınıza görə biz Qarabağa girə bilmədik, yəni günah özünüzdədir. Moskva özünü maksimum şəkildə sığortalamağa çalışır. Paşinyanın 2018-ci ildə Ermənistanda hakimiyyətə keçməsinə rusların göz yummasının səbəblərindən biri Ermənistanda Sərkisyanın gizli dəstəyi ilə güclənməyə başlayan antirusiya dalğasını sarsıtmaq idi. Kreml Qarabağda müharibədən qazandığı ən böyük fayda məhz bu amil oldu”.

Moskvanın Paşinyanın getməsinə izn verməməsinin səbəbinin təkcə Qarabağ Bəyanatının icra edilməsini təmin etmək olmadığını bildirən ekspert deyib ki, Kreml Nikolun yerinə tamamilə yeni sima gətirmək istədiyi üçün proseslərin uzadılmasında maraqlıdır:

“Bayaq dediyim kimi, ruslar Ermənistandakı mövcudluqlarını uzunmüddətli etmək istəyirlər. Buna görə də onlara ən azından Paşinyanın indiki nüfuzundan daha yüksək reytinqli şəxs lazımdır. Qarabağ klanında və ya ona yaxın olan müxalifət sıralarında belə şəxs yoxdur. Düzdür, hazırkı müxalifət sırasından belə şəxs yaratmaq olar, amma ruslar hələlik bunu istəmirlər. Moskvada çox gözəl başa düşürlər ki, 2018-də devrilən hökumətin hazırkı nümayəndələrinə qarşı əhali arasında münasibət hələ də yaxşı deyil. Digər tərəfdən, Moskva Qarabağ klanının hələ də hakimiyyət sıralarında güclü dayaqlarının olduğunu bilir və onları yenidən hakimiyyətə gətirərək özünə “forpost”unda problem yaratmaq istəmir. Moskva, həmçinin bu klanın bir qanadının (Serj Sərkisyan komandası nəzərdə tutulur) ona xəyanət etdiyini də gözəl bilir. Bütün səbəbləri nəzərə alanda demək olar ki, Moskva hələlik gözləyir və müşahidə edir. Onun hədəfi Paşinyanın hakimiyyətdə qalaraq nüfuzunun tam ölməsini təmin etmək və bu müddət ərzində hakimiyyət üçün tam yeni sayılacaq komanda, ya da qüvvə çıxarmaqdır və bu qüvvənin ən pis halda seçkiylə hakimiyyətə gəlişini təmin etməkdir. Əgər Moskva həqiqətən bunu istəyirsə, o zaman Paşinyanın hakimiyyəti daha bir neçə ay uzana bilər”.

İlkin Həsənovun fikrincə, Paşinyanı 2018-ci ildə dəstəkləyən erməni elitasının bir hissəsi də hazırda gedən “taxt oyunu”ndan kənarda durmaq niyyətində deyil:

“Unudulmaması gərəkən başqa bir məqam isə Paşinyanı hakimiyyətə gətirən erməni elitası ilə bağlıdır. Paşinyanı bir zamanlar dəstəkləyən elitanın bir hissəsi də onun getməsini istəyir və onun üzərindəki ləkə ilə hakimiyyətdə dayanıqlılığını təmin edə bilməyəcəyini bilir. Ona görə də Paşinyanı dəstəkləyən media orqanlarının böyük hissəsi indi onun imzaladığı sənədi xəyanət adlandırır, özünü istefaya səsləyirlər. Elitanın bu hissəsi hakimiyyətini əldən vermək fikrində deyil və böyük ehtimalla Paşinyanı əvəzləyəcək yeni sima ortaya çıxaracaq. Bu şəxs isə Mənim Addımım Bloku və ya ona yaxın dairələrdən ola bilər. Bu elita Mənim Addımım Blokundan ayrılanların partiyalardan birinin tərkibində birləşib (daha çox İşıqlı Ermənistan ola bilər) yeni güc yaranmasını təmin edə bilər. Bu isə rusların istəkləri ilə az da olsa üst-üstə düşür. Məhz buna görədir ki, Qarabağ klanına yaxın olan erməni müxalifəti tələblərində təkcə Paşinyanın yox, ümumilikdə blokun bütün üzvlərinin dərhal istefasını tələb edirlər.

Hər bir halda hazırda heç bir güc Paşinyanı dərhal istefaya göndərməkdə maraqlı deyil. Hər kəs yaranan situasiyadan maksimum yararlanmağa, itirdiyi, yaxud heç olmayan nüfuzunu az da olsa bərpa etməyə və yeni oyuna girməyə hazırlaşır. İndiki halda Ermənistanda əsas məsələ Paşinyandan sonra hakimiyyətə kimin gələcəyi yox, postpaşinyan dövrünə hazırlıqdır. Məhz həmin qrup İrəvanın və qismən regionun növbəti 20 ildəki taleyini həll edən əsas qüvvə olacaq”.

Tarix
2020.11.26 / 14:27
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla