Yuxarı

Keçmiş səfirimiz könüllü şahidlik etmişdi – Məmmədov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az 2015-2020-ci illərdə Milli Məclisin deputatı olmuş, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin keçmiş üzvü Müslüm Məmmədovun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Müslüm müəllim, Milan Məhkəməsi 2018-ci ildə siz və sabiq deputat Elxan Süleymanov, eləcə də AŞPA üzvü və qurumun ən böyük siyasi fraksiyası olan Avropa Xalq Partiyası (EPP) qrupunun sədri, italiyalı deputat Luka Volonteyə öz vəzifələrindən Azərbaycanın maraqları naminə istifadə etmə ilə bağlı məhkəmə prosesi başlamışdı. Bu prosesin başlanmasına nə səbəb olmuşdu? Bu barədə danışmağınızı istərdik...

- 2009-cu ildən Brüsseldə Azərbaycan Kommunikasiya ofisi fəaliyyət göstərirdi. Burada Azərbaycanın maraqlarını müdafiə etmək üçün təmsilçiliklə məşğul olurduq. Bu fəaliyyətimiz çərçivəsində daimi olaraq müxtəlif siyasi xadimlər, deputatlar və başqa adamlarla əlaqələr qurulurdu. Əslində bizə qarşı olan bu işin uzun xronikası var. Sadəcə olaraq hər şey “Ştrasserin məruzəsi” ilə başladı. Almaniyalı deputat Kristofer Ştrasser Azərbaycanda siyasi məhusların vəziyyəti ilə bağlı hesabat hazırlamağa başladı. Guya o vaxt ona belə bir hesabat yazmaq tapşırılmışdı. Ona görə də, Azərbaycan hökuməti, QHT-lər, o cümlədən bizim Brüsseldə yerləşən təşkilatımız bu “məsələnin” əleyhinə çıxdıq. Bildirdik ki, onsuz da Azərbaycan AŞPA-nın monitorinqi altında olan bir ölkədir. Azərbaycanın bütün siyasi həyatı məhz bu monitorinq hesabatı çərçivəsində nəzərə alınır. Ola bilsin müəyyən problemlər var, amma Azərbaycanla yanaşı AŞPA-nın monitorinqi altında olan xeyli ölkələr var. Biz də soruşurduq ki, bu ölkələrlə bağlı niyə AŞPA rəhbərliyi belə bir məruzə yazdırmır, lakin Azərbaycanla bağlı göstəriş verir?!

- AŞPA-da Azərbaycanda məhbus olan siyasi şəxslərlə bağlı belə bir məruzənin hazırlanması barədə kənar məlumatlar daxil olmuşdumu?

- Biz də məhz bu məsələni orada qaldırmışdıq. Onlardan soruşurduq ki, siz məhz Azərbaycana qarşı siyasi məhbus hesabatı yazdırmaqla nə istəyirsiniz? Hətta buna qarşı AŞPA daxilində də uzun mübarizə getdi. Belə bir əsnada AŞPA üzvü və qurumun ən böyük siyasi fraksiyası olan Avropa Xalq Partiyası (EPP) qrupunun sədri, italiyalı deputat Luka Volonte də bu məsələdə bizə dəstək verdi. O da vurğuladı ki, bu mövzuda başqa bir məruzə olduğu halda xüsusi olaraq ayrıca bir məruzənin hazırlanmasına ehtiyac yoxdur. Amma daha sonra müəyən qruplaşmalar, bədxahlar, həm Azərbaycanın daxilindən, həm də xaricdə olan qüvvələr müxtəlif söz-söhbətlər, şaiyələr yaymağa başladılar. Eləcə də “kürü diplomatiyası” adı altında çirkin kampaniya həyata keçirirdilər. Amma Ştrasserin dırnaqarası hesabatı daha sonra Avropa Şurası tərəfindən rədd edildi. AŞPA-da deputatların böyük hissəsi həmin hesabatın əleyhinə səs vermişdi. Bundan sonra da başqa söz-söhbətlər yaymağa başladılar ki, guya hansısa “kürü diplomatiyası” var və müəyyən yollarla bəzi deputatlar “ələ alınıb”. Bu kimi uydurma ittihamlar səslənməyə başlandı. Təsəvvür edin, 100-dən çox şəxsi bu siyahıya salmışdılar. Sözsüz ki, bunu necə etmək olar? Təbii ki, bu mümkün olan bir hal deyildi. Bundan sonra belə çirkin kampaniyalar davam etdirildi.

- Bu məsələlər məhkəmə müstəvisinə necə daşındı? Kimlər bu məsələnin Azərbaycana qarşı məhz məhkəmə predmeti olaraq qabardılmasında maraqlı idi?

- Bu prosesi demək olar ki, zorla İtaliya Məhkəmə sisteminə salmışdılar. 2014-cü ilin sonunda guya “cinayət işi” qaldırdılar. Bunun üçün müxtəlif yollara əl atdılar. Amma bunun üzərindən 8 il keçdikdən sonra İtaliya Məhkəməsi özü qərar qəbul etdi ki, bu, düzgün iş deyil. Bununla da İtaliya Apellyasiya məhkəməsində ilkin qərar ləğv edildi.

- AŞPA-da siyasi məhbuslara dair qəbul edilmiş heç bir meyar olmadığı halda Avropa Şurasının 47 üzvündən yalnız Azərbaycan üzrə siyasi məhbuslar məsələsinə dair məruzəçilər təyin edilmişdi. Burada məqsəd nə olub?

- Burada əsasən erməni lobbisi daha aktiv idi. Eyni zamanda orada ermənilərlə işləyən fransız lobbisi də bu məsələdə fəal oldu. Biz Skandinaviya ölkələrindən də bu cür yanaşmaları görürdük. Bu gün onların qardaş Türkiyə ilə olan problemləri də məhz özlərinin diskriminativ yanaşmalarından qaynaqlanır. Çünki onlar həmişə müsəlman ölkələrinə, türkdilli dövlətlərə qarşı qərəzli olub. Heç bir meyar olmadığı halda məhz bu kimi qüvvələrin aktiv iştirakı sayəsində bu hallar ortaya çıxırdı. Biz də açıq şəkildə bu meyarların olmadığını, siyasi məhbus məsələsinə özlərinin belə cavab verə bilmədiyini əsas gətirirdik. Amma bütün bunlara baxmayaraq dırnaqarası hesabatı o vaxt hazırlamağa nail olmuşdular. Əsas odur ki, yekunda, 2013-cü ilin yanvarında AŞPA-da həmin “məruzə” böyük səs çoxluğu ilə rədd edilmişdi.

- Azərbaycanın AŞPA-da nümayəndə heyətinin geniş tərkibli olsa da niyə məhz sabiq deputat Elxan Süleymanov və siz hədəf oldunuz? Sizə qarşı İtaliya məhkəməsinə gedib çıxacaq qədər israrlı bir kampaniyanın aparılmasında kimlər maraqlı olub?

- O vaxt mən hələ heç millət vəkili də deyildim. Sadəcə olaraq Brüsseldə Azərbaycan Kommunikasiya ofisinin təmsilçisi, QHT nümayəndəsi kimi tez-tez Elxan Süleymanovla birlikdə Volonte ilə görüşmüşük. Bir sıra e-mail yazışmalarımız olmuşdu. Bu yazışmalarda isə biz ona Azərbaycanla bağlı real vəziyyəti izah edirdik. Həmin “cinayət işi” qaldırılanda bu yazışmalar da ortaya çıxdı. Onlarda da belə bir fikir yarandı ki, guya biz xüsusi bir qaydada işləmişik. Ona görə də, bizim ikimizin adını hallandırmışdılar.

- İtaliyanın Milan Apellyasiya Məhkəməsinin İkinci Cinayət Palatasının sizin və sabiq deputat Elxan Süleymanovla bağlı qondarma korrupsiya iddialarına son qoyan son qərarını necə qiymətləndirirsiniz?

- 8 il bu qərarın olması bizə qarşı böyük bir təzyiq və stress oldu. Belə bir hal olanda insan özünü də sanki ləkələnmiş hesab edir. Kimə desək, izah etsək də hamı düşünürdü ki, cinayət işi varsa, demək nəsə olub. Əgər bu qərar Avropa Məhkəməsi tərəfindən verilibsə, bunu tam ciddi qəbul edirdilər. İndi isə artıq bu uğursuz qərar ləğv edildi. Özləri qəbul etdikləri kimi də ləğv etdilər. Bundan sonra özümü sanki üzərimdən böyük bir yük götürülmüş kimi hiss edirəm.

- Sizcə, Azərbaycana qarşı belə bir davamlı qaralama kampaniyasının əsas sifarişçiləri kimlər idi?

- Onlar bizə bu cür “ittihamları” qaldıranda məhkəmə 100-dən artıq adamın hamısına sorğu göndərmişdi. Onlar məhkəməyə dəvət edilmişdi ki, gəlib nə bilirlərsə, desinlər. İnanın ki, heç kim gedib danışmadı, kimsədən səs çıxmadı. Çünki ortada heç nə yox idi. Gedib nə deyəcəkdilər ki?.. Amma adını çəkmək istəmədiyim, öz işindən başqa hər şeylə məşğul olan keçmiş səfirimiz heç nədən xəbəri olmadan gedib özü könüllü şahidlik etmişdi. Hətta ona şəxsən özünün belə bir işin olduğunu görüb-görmədiyi haqda sual veriləndə, cavab verib ki, "görməmişəm, amma eşitmişəm". Biz ittiham olunan tərəf kimi bütün izahatlarla tanış oldurduq deyə bu biabırçı mənzərinin də şahidi olmuşduq. Amma əsas odur ki, tarixi ədalət öz yerini tutdu.

Tarix
2022.05.22 / 11:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla