Səfil günə salınmış qadınla söhbət
"Əhmədli" metrosunun girəcəyindəki yaraşıqlı, iri
supermarketin tinində oturan bu qadınla arada qarşılaşaram. Olub
ki, yarıyumulu ovcuna 20 qəpik qoyub keçmişəm. Elə vaxtlar da olub
ki, heç ona tərəf boylanmamışam da.
Yüzlərlə, minlərlə insan kimi yanından laqeyd keçmişəm. Bu adam
burda heç yox imiş kimi. Ətrafda sıralanan hündür mərtəbəli
binaların fonunda bu qadının oturuşu nağıllardakı oğlu tərəfindən
meşədə azdırılan bədbəxt qarını xatırladır. Ötəri müşahidələrimə
söykənib də oturduğu yerdən saatlarla tərpənmədiyini müşahidə
etmişəm. Sol ovcunun yarıaçıq "baxışları" yanından keçən laqeyd,
tələsik insanların əllərinə dikilir, gözləri isə ayaqlarının ucuna.
Bu gün də belə idi...
"Allah əvəzini versin"
"Utanır yəqin, – fikirləşdim,- tanış-zad görər deyə, həya edir".
Bu qadın gözlərimizin öyrəşdiyi sırtıq dilənçilərdən deyil.
İnsanlara dua edib əl açan, ardınca düşüb dil tökən, sədəqə
almayanda isə arxasınca deyinənlərdən çox fərqlidir. Fikir verirəm.
Aldığı sədəqəyə görə eyni sözü təkrarlayır: "Allah əvəzini
versin".
Soyuqdur, ayaqlarım üşüyür
Yaxınlaşmaq istəyirəm. Elə bu zaman qarşıdakı köşkdə
meyvə-tərəvəz satışı ilə məşğul olan satıcı oğlan mandarinin
qabıqlarını təmizləyir, yarısını öz ağzına qoyur, parasını da
qadına uzadır:
– Götür, vitamindi, at ağzına, ye! - deyir.
Qadın təşəkkür edir. Dişləri sağlamdır. Heç özü də o qədər
yaşlıya oxşamır. Yaxınlaşıram. Ovcuna qoyduğum 2 ədəd iyirmi
qəpikliyin cingiltisinə sakit səslə: "Allah əvəzini versin!"
sözləri dilinin ucundan "sürüşür".
- Soyuq deyil?- soruşuram.
Başını qaldırıb üzümə baxır. Möhkəm bağlanmış yaylığının
altından birçəyinin "pırtlamış" saçları görünür. Çox, həddən artıq
məzlum sifəti var. Elə məzlum səslə də cavab verir:
- Soyuqdur. Ayaqlarım üşüyür.
- Bax, burda karton qutular var, qoy ayaqlarının altına.
Soyuğun qarşısını alacaq. Çəkmələrin də islanmaz.
- İndi gedəcəyəm onsuz da...
- Hara gedəcəksən?
- Bura,- əlini arxaya, "Bakı" kinioteatrı tərəfə uzadır,-
"Bakı"nın yanındakı uzun doqquz mərtəbədə oluram.
- Adın nədir?
- Sona..
- Sona xala, mən üç aya yaxındır ki, səni burda görürəm.
Nə əcəb səni burdan qovmurlar?
- Polisi deyirsən? Mən polisə nə pislik edirəm ki? Çörək pulumu
yığıb gedirəm. Xeyli vaxtdır gəlirəm bura, günorta namazına qədər
oturub, gedirəm...
Özüm kürdəm, ərim talış
- Həyat yoldaşın var?
- Var idi. 1994-cü ildə ermənilərə əsir düşən ləzgi metroya qaz
buraxdı ha, bax onda zəhərləndi, öldü. Oradan sağ çıxdı, çıxmağına,
ancaq sonradan öldü.
- O vaxtdan dilənirsən?
- Yox. Ərim də, özüm də zavodda işləyirdik. "Dzerjiniski" adına
zavod var ha, orda. İndi yoxdur o zavod. Var e, day hökumətin
deyil.
- Haralısan?
- Suraxanıda böyümüşəm. Əslim Kəlbəcərdəndir. Kürdəm mən. Ərim
talış idi. Lerikdən. 1965-də bura gəlin köçmüşəm. Sonra da zavoddan
ev verdilər burda.
Suraxanı dilini bilirəm
- Kürd dilində bilirsən?
- Yox, hardan bilim ki, qonşular bizə kürd deyirdi. Atam
əsəbiləşərdi. Mən rus dilini, bir də Suraxanı dilini bilirəm. Orda
böyümüşəm axı..
- Suraxanı dili hansı dildi elə?
- Qarğa dili deyirlər, tat dili deyirlər. Talışların,
iranlıların dilinə oxşayır...
Qayınatası qoymur oğlum mənə baxsın
- Övladın var?
- Hə, bir oğlum var. Yaxşı baladır...
- Bəs, o yaxşı bala sənə niyə imkan verir ki,
dilənəsən?
- Qayınatası qoymur oğlum mənə baxsın...
- Niyə?
- Nə bilim... Oğlum pis uşaq deyil...
- İşi-gücü var?
- Hə. Əvvəl qayınatası apardı yanına. Tikintidə iş vermişdi ona.
Sonra uşaq orda dözmədi. Burda yaxında kompüterdə işləyir. Qazancı
azdı. Pensiya kartımı ona verirəm. Neynəsin, yazıq xəstədir...
"Gemoroy"u vardı
- Nə olub ki?
- Heç, "gemoroy"u vardı. Pul yığdım, "oparis" elətdirdim. Soyuq
olanda əziyyət çəkir. Sağaltdım, göndərdim ailəsinin yanına... Amma
yenə də qayınatası qoymur mənim yanıma gəlsin. Mənim ikiotaqlı evim
var. Qoymur bir yerdə qalaq, ona kirayə ev tutub. Heç kirə pulunu
verə bilmir yazıq uşaq...
- Yəqin pis qaynanasan da, gəlini
incitmisən...
- Gəlinlə heç bir il yaşamadım ki, bir yerdə... incidəm də.
Qudam mənə xəbər göndərir ki, evi keçirdim nəvəmin adına. Deyirəm,
elə ev onundur da. Oğlum ora qeydiyyatdadır axı. Deyir yox e,
vəsiyyət elə ki, sən öləndən sonra ev nəvənə qalacaq.
- Deyir elə də... Onsuz da qanunla ev onlara
qalacaq.
- Qorxuram. Birdən uşağa - oğluma nəsə olar, ya da qovub atarlar
küçəyə, evə buraxmazlar. İstəmirəm uşağım mənim kimi balasına
həsrət qalsın...
Ayaqqabılarından tanıyıram
- Sona xala, adamlar sənə kobud söz demir
ki?
- Niyə desinlər ki, mən ki, onların cibinə girmirəm, yerlərini
dar eləmirəm. Oturmuşam burda, pul verən də sağ olsun, verməyən də.
Özü də mənə pul verənlərin çoxu eyni adamdır...
- Nədən bilirsən? Sən ki, başını qaldırıb onların üzünə
baxmırsan.
- Ayaqqabılarından tanıyıram. Gözlərim öyrənib onların
başmaqlarına...
Oğlum məni aparsa sevinmərəm
- Sona xala, birdən oğlun gəldi, qolundan tutdu, apardı
özüylə, sevinərsən?
- Yox.
- Niyə?
- Onda onu qayınatası incidər, boşatdırar, uşağını görə bilməz.
Bilirsən, uşağına həsrət qalmaq nə deməkdir? Haradan biləsən, Allah
heç kəsi mənim günümə salmasın...
- Nə üçün sirrini mənə verirsən, ürəyini mənə açıb
danışırsan?
- Nə bilim, sən olmasan da başqası mənimlə maraqlansaydı,
danışardım yəqin. Sən adamla, adamın qohumu kimi danışırsan.
Məni metroya qoymurlar
- Bura soyuqdur, qar yağıb, şaxtadır, adamlar da tələsik keçib
gedir. Nə əcəb metroya girmirsən, həm isti, həm də adamlar
bol...
- Bəxtəvərlikdən danışırsan. Metroya bir yerə getmək üçün
qoymurlar məni. Elə bilirlər, dilənməyə girirəm. Ona görə də
metroya minəndə Xalqlara ("Xalqlar dostluğu" metrosunu nəzərdə
tutur. - F.B) gedirəm.
"Sapaşki" istəyirəm
- Nə istəyirsən? Nəyi arzulayırsan?
- İstəyirəm hər şey yaxşı olsun, nəvəmin toyu olsun, məni də
dəvət etsinlər. Birdə isti "sapaşki" istəyirəm. Bunu bir arvad aldı
mənə, aşağıdan metrodan. Gördü "basanuşka"dayam. 13 manat verdi,
alıb ayağıma geyindirdi. Heç bir ay deyil e, bax, qabığı qopub.
- Sona xala, ən çox yadında nə qalıb?
- Çox şey yadımda qalıb, yadımdan heç nə çıxmır. Oğlumu doğanda
sancı çəkməyim, onun anadan olan kimi ağlaması, ərimin mənə yasəmən
gülü göndərməsi həmişə yadımdadır.
- Ərin yuxuna girir?
- Yox, girmir. Mən onun qəbrinin üstündə yasəmən gülü
əkmişəm...
Sona xala ilə söhbətimizə diqqət kəsilənlər olur. Bəzi adamlar
arada onun ovcuna qəpik-quruş atıb sakitcə gedir. Hamını da eyni
sözlə yola salır: "Allah əvəzini versin".