Azərbaycan ədəbiyyatının, rejissorluğunun,
jurnalistikasının tanınmış simalarından biri - Ağalar İdrisoğlunun
doğum günüdür.
O, 1950-ci il martın 16-da Masallı rayonunun Digah kəndində
anadan olub. Digah kənd 8 illik və Nəriman Nərimanov adına Masallı
şəhər 2 nömrəli tam orta məktəbini bitirib. 1975-ci ildə Mirzə Ağa
Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki
Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino
aktyorluğu fakültəsini, 1986-cı ildə isə Moskvadakı A.L.Lunaçarski
adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr
Akademiyası) rejissorluq fakültəsini bitirib.
16 yaşından bədii yaradıcılıqla, jurnalistika ilə məşğul olur.
İlk miniatürləri və məqalələri 1966-67-cı illərdən "Azərbaycan
pioneri" və Masallıda çıxan "Çağırış" qəzetlərində çap olunub. 45
ildir ki, peşəkar teatr sənətində çalışır. Bu vaxta qədər aktyor
kimi 40-dan artıq rolda oynayıb və rejissor kimi 120-dən çox
bir-birindən maraqlı tamaşalara quruluş verib.
O, 25 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy
Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski
adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, Azərbaycan-Dağıstan
Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri,
direktoru vəzifələrində işləyib. Azərbaycan Teatr Xadimləri
İttifaqının katibi, idarə heyətinin üzvü və Sumqayıt Bölgə
Şöbəsinin sədri olub.
Nasir, dramaturq, publisist, jurnalist kimi "Ramiz İslamoğlu
sorağında", "Sərhədsiz dünyamız", "Ömrün akkordları", "Şahidin
şahidləri, şəhidləri", "Qaranlığı yaran işıq", "Bir alim ömrünün
salnaməsi" romanlarının, "Vicdan mühakiməsi", "Ulu Tanrı və ağ gəmi
əhvalatı", "Bura Vətəndir", "Kəfənini geymiş qoca", "Ömür yolları",
"Teatr sənətinin aşiqi" povestlərinin, "Həyatın astanasında",
"Qonaq", "İnan mənə", "Məhkəmədən əvvəl məhkəmə", "Şah İsmayıl",
"İmam Şamil", "Çarəsiz oyun", "Öz qanunları olan şəhər", "Hörümçək
toru", "Azadlığa gedən yol" və başqa pyeslərin, 20-dən artıq
teatrlaşdırılmış tamaşa üçün ssenarinin, 50-dən çox hekayənin,
esselərin, elegiyaların, pritçaların, novellaların, 750-dən çox
publisist yazıların, məqalələrin, oçerklərin, resenziyaların,
müsahibələrin müəllifidir.
Ağalar İdrisoğlunun "İnan mənə", "Ən xoşbəxt gün", "Məhkəmədən
əvvəl məhkəmə və ya kəfənini geymiş qoca", "Ramiz İslamoğlu
sorağında və ya əkmə qəm ağacı", "Dünya azərbaycanlıları"
(müştərək), "Qaranlığı yaran işıq" ( Maarif Teymurla birgə), "Bir
alim ömrünün salnaməsi", "Vicdan mühakiməsi", "Dözə bilmədi" (Sadıq
Murtuzayevlə birgə), "Könüllərdə yaşayan sənətkar" (müştərək)
kitabları çap olunub. 10-dan çox topluda hekayələri, pyesləri,
tərcümə etdiyi əsərlər çap olunub. Dünya xalqlarının 10 pyesini
dilimizə tərcümə edib. Onun özünün yazdığı və tərcümə etdiyi
pyeslər Ağdam, Mingəçevir, Füzuli, Gəncə Dövlət Dram Teatrlarında,
Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Dövlət Gənclər Teatrında,
keçmiş Sovetlər Birliyinin bir neçə Teatr-Studiyalarında tamaşaya
qoyulub.
Ağalar İdrisoğlunun "İnan mənə" pyesi 1985-cı ildə Ümumittifaq
gənc dramaturqlar müsabiqəsində 48 dramaturqun pyesləri arasında
3-cü dərəcəli mükafata layiq görülüb. "Şah İsmayıl" pyesi
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildə keçirdiyi
müsabiqədə 34 pyesin içərisində 2-ci dərəcəli mükafata layiq
görülüb. (Birinci dərəcəli mükafat isə heç bir pyesə verilməyib.
"İnan mənə" pyesi 1986-cı ildə SSRİ dramaturqlarının "Məhəbbət və
başqaları" adlı antologiyası kitabında çap olunub. Onun quruluş
verdiyi tamaşalardan Akif Həsənoğlunun "Yanmış evin nağılı" Osman
Mirzəyev adına mükafata və özünün yazdığı "Şah İsmayıl" tarixi
faciəsi "Qızıl Dərviş" mükafatına layiq görülüb.
1980-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisində oynadıqları, Feyruz Məmmədovun "Bir bayraq altında"
teatrlaşdırılmış tamaşasının quruluşçu rejissoru kimi Ağalar
İdrisoğlu Qızıl medala layiq görülüb. Eləcə də həmin vaxtlar onun
rəhbərlik etdiyi Sumqayıt Gənclər Xalq Teatrına, bu maraqlı
tamaşanı SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhnəsində
yüksək peşəkarlıqla ifa etdiklərinə görə kollektivə Qızıl medal
verilib. 2005-ci ildə Ağalar İdrisoğlu ilin ən vətənpərvər
rejissoru kimi Avropa Nəşr və Mətbu Evinin təsis etdiyi Qızıl
medala layiq görülüb.
2013-cü ildə ona yazıçı kimi Prezident mükafatı verilib. Elə
həmin ilin iyun ayının 25-də isə ədəbiyyat və incəsənət sahəsindəki
xidmətlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham
Əliyevin sərəncamı ilə Ağalar İdrisoğlu (Ağalar İdris oğlu
Mehdiyev) əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Ağalar İdrisoğlu quruluşçu rejissoru olduğu Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrında bir-birindən maraqlı tamaşalara quruluş
verir və uzun illər işlədiyi "Azad Azərbaycan" qəzetinin
səhifələrində tez-tez maraqlı hekayələri, məqalələri, esseləri,
elegiyaları, resenziyaları, portret yazıları ilə çıxış edir.
Ağalar İdrisoğlu doğulduğu Masallı rayonunun və yaşadığı
Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk
peşəkar teatr rejissoru və ilk əməkdar incəsənət xadimidir. 1991-ci
ildə məhz onun ideyası və təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram
Teatrı, Musiqili Dram Teatrı olub. Və həmin vaxt teatra əlavə 80
ştat verilib. Onun təşkilatçılığı və rəhbərliyi ilə Şabran
rayonunda "Şabran" Teatr-Studiyası yaradılıb. O, uzun illər
Azərbaycanı gənc dramaturq kimi Ümumittifaq seminarlarında yüksək
səviyyədə təmsil edib.
Biz də çoxminli oxucularımız, tamaşaçılarımız adından,
Respublikanın əməkdar incəsənət xadimi, dəyərli ziyalı, uzun illər
həyatını Azərbaycan dövlətinə, dövlətçiliyinə sərf edən, bu
mövzularda çoxlu maraqlı yazılar yazan, Qarabağ müharibəsinə həsr
etdiyi orijinal yazılarında ermənilərin işğalçılıq siyasətini dünya
mətbuatına çıxaran və xəbər saytları vasitəsi ilə dünya xalqlarına
çatdıran Ağalar İdrisoğlunu ad günü münasibəti ilə təbrik edib, ona
həyatda can sağlığı və yaradıcılıqda yeni-yeni uğurlar arzu edirik.
Onun bundan sonra da quruluş verəcəyi tamaşaları, bədii əsərlərini,
məqalələrini, publisist yazılarını səbirsizliklə gözləyirik