Görürəm ki, bir çox vətəndaşımız 31 dekabr tarixindən başlayan qaz böhranını sabotaj kimi dəyərləndirməyə meyillidir. Yəni “Azəriqaz”da baş verən smart-kart problemi ilə bağlı belə bir fikir dolaşır ki, guya bu, qəsdən edilib – məqsəd smart tipli sayğacları sıradan çıxarıb, abonentləri yenidən köhnə, mexaniki sayğaclara qaytarmaqdır.
Axar.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.
“Düşünürəm ki, bu yanaşma doğru olmazdı və “Azəriqaz” üçün son dərəcə böyük risk olardı. Çünki kommunal sahədə “ağıllı idarəetmə sistemləri” və “ağıllı qaz şəbəkələri” ilə bağlı açıq siyasi qərarlar və iradə mövcuddur. Həm bir neçə il əvvəl, həm də ötən ilin avqustunda Prezident tərəfindən “Vahid Kommunal Xidmətlər” sisteminin yaradılması ilə bağlı fərman verilib. Məqsəd bütün kommunal xidmətlərin vətəndaşlar üçün vahid şəxsi kabinet üzərindən idarə olunmasıdır.
Bundan əlavə, 2024-cü ildə SOCAR ilə BƏƏ arasında süni intellekt də daxil olmaqla “ağıllı qaz şəbəkələri”nin idarəetmə sisteminin qurulmasını nəzərdə tutan iri həcmli layihələr elan olunub. Bu miqyasda rəqəmsal investisiyalar fonunda smart sistemləri bilərəkdən sıradan çıxarmaq və geriyə – mexaniki sayğaclara qayıtmaq nə məntiqli, nə də real görünür.
Əlbəttə, zaman-zaman sosial mediada belə fikirlər səslənir ki, “Azəriqaz” məcburən vətəndaşları smartdan mexanikiyə keçirir. Amma düşünmürəm ki, bu, kütləvi olsun, rəqəmsal transformasiyanın əksinə, kütləvi geriyədönüş olsun.
Ortada bu cür siyasi iradə və strateji hədəflər olduğu halda, “Azəriqaz”ın belə bir sabotajla məşğul olması inandırıcı deyil.
Bəs onda nə baş verib?
Daha əvvəl də qeyd etdiyim kimi, baş verənlərin adı məsuliyyətsizlik, sayğısız yanaşma və dövlət intizamının zəifliyidir.
Açıq desək, “Azəriqaz” rəhbərliyi ilin sonunda – qaz limitlərinin sıfırlandığı, tarif dəyişikliklərinin tətbiq olunduğu və müraciətlərin kütləviləşəcəyi əvvəlcədən bəlli olan həssas bir dövrdə Yeni il istirahətinə fokuslanmağı yox, 24/7 rejimində tam hazır olmağı nəzərə almalı idi.
Zəruri texniki tədbirlərin vaxtında görülməməsi, zamanında ödəniş sistemlərini zəruri stress-testdən keçirməmək, billing sistemləri və infrastrukturu İT auditdən keçirməmək isə minlərlə insanın bayram günü qazsız qalmasına və ciddi ictimai narazılığın yaranmasına səbəb oldu.
Bir daha vurğulamaq istəyirəm: problem qəsddə deyil. Problem gözlənilən bir vəziyyətə hazırlıqsızlıqda, zəif planlaşdırmada, idarəetmə məsuliyyətsizliyində və operativliyin olmamasındadır.
Ümid edirəm ki, qərar qəbul edən şəxslər “Azəriqaz”da baş verənlərin ciddiliyinin fərqindədir və bundan düzgün nəticələr çıxarılacaq”, - Gündüz bildirib.