Qarabağ qazisi Şunasi
Babayev döyüşdə ayağından aldığı güllə yarasına görə bu günə kimi
şikəstdir. Əməliyyat üçün pul tapa bilmədiyindən banklara üz tutan
Qarabağ qazisinin ayaq sümüyü çürümədən xilas edilsə də, özü
bankdan götürdüyü kreditlərdən canını qurtara
bilmir.
Biz də Qazinin problemiylə maraqlanmaq üçün Sabunçu rayon
Pirşağı qəsəbəsində məcburi köçkünlərin yerləşdirildiyi Qızılqum
sanatoriyasına yollandıq.
Siz bankdansınız?
Qazinin yaşadığı binanın önündə futbol oynayan uşaqlara
yaxınlaşıb evini xəbər alırıq. İrəli gələn cavan oğlan soruşur:
- Siz bankdansınız?
- Yox. Jurnalistəm.
Futbol oynayan uşaqlardan biri də bizə yaxınlaşır:
- Şunasi Babayevin oğluyam. Adım Elçibəydir.
Bizi evə aparır. Binaya daxil oluruq və bu nimdaş, uçuq binada
bizi görən hər kəs narazı baxışlarla başlarını aşağı salır. Evə
daxil oluruq. Şunasi müəllim bizi qarşılayır. Bu iki balaca otaqda
beş nəfər ailə üzvüylə birgə yaşayır keçmiş döyüşçü. Nimdaş
divarlarda diqqətimizi ilk çəkən isə döyüş şəkilləri və bir də
işğal olunmuş rayonlarımızın adları yazılmış siyahı olur.
Oğlum Cümşüd leytenantdır
Sunasi Cümşüd oğlu 11 noyabr 1961-ci ildə Şuşada anadan olub.
Ü.Hacıbəyov adına Şuşa orta məktəbini, Voronej Texnologiya
Universitetini və Azərbaycan Bədən Tərbiyyəsi Universitetini
sərbəst güləş üzrə bitirib. İki oğul, bir qız övladı var. Böyük
oğlu Cümşüd Silahlı Qüvvələrimizin leytenantıdır. Yeni Müdafiə
nazirindən razılıq edir. Deyir ki, o gələndən Cümşüdgilə yaxşı
baxırlar.
1992-ci il martın 29-da Şuşanın işğalından təxminən 40 gün əvvəl
yaralandığını bildirir: "Mən həm Milli Qəhrəman Ramiz Qəmbərov
adına batalyon, həm də Şuşa polisi ilə bir döyüşə çıxırdım. Şuşa
polisində zabit idim. Bu cür fəallığıma görə Şuşa polis şöbəsinin
rəisi Vahid Bayramov məni Qaybalı postunun rəisi təyin etdi. Bir
neçə gün idi ki, Qaybalıdan qayıdıb gəlmişdim, şöbədə idik.
Qəfildən ermənilər şöbəni hər tərəfdən atəşə tutdular. Şöbəmiz
darmadağın oldu, mən isə ağır yaralandım. Oradan Şuşa xəstəxanası,
sonradan isə Bakıya göndərildim".
Ayağımda çürümə gedirdi
"Döyüşdə sol ayağımdan aldığım güllə yarası mənə böyük problem
yaratdı, - Şunasi bəy davam edir. - Ayağımda çürümə getməyə
başladı. Əməliyyat üçün Bakıdan Ukrayna respublikasına yollandım.
Bu da Daxili İşlər Nazirliyinin maliyyə yardımı nəticəsində
gerçəkləşdi. 13 saat əməliyyat masasında narkozda qalmışam.
Bədənimin sol tərəfindən ətləri kəsib ayağıma yapışdırıblar.
Ukraynadan gəldikdən sonra ayağımdakı problemlə bağlı Almaniyaya
getməli oldum. Almaniyada ayağım yaxşılaşdı və bu müalicələrin
davamlı olması üçün yenidən Almaniyaya getməliydim.
Şuşa İcra Hakimiyyəti köməklik etmədi
Maliyyə yardımı üçün Şuşa İcra Hakimiyyətinin başçısı Bayram
Səfərovun da qəbulunda oldum. Dedim ki, Bayram müəllim, ömrümdə
birinci dəfədir ki, qəbulunuza gəlmişəm. Mənə imkanınız daxilində
maliyyə yardımı edin ki, müalicəyə gedim. Amma heç bir kömək
göstərmədilər. Sabunçu İcra Hakimiyyətinə də müraciət etdim.
Dedilər ki, bura xeyriyyə mərkəzi deyil.
Müsahibizin bu sözü bizi daha dəhşətə gətirir, deyir ki, 22 dəfə
əməliyyat olunmuşam.
Bankdan kredit götürdüm
Bunlardan bir kömək olmadığını görüb bankdan kredit götürdüm. Və
əlavə olaraq müəyyən şəxslərdən də faizinə pul aldım. Ukrayna,
Almaniya və Türkiyədə müalicə olundum. Bu gün ayağım sağalsa da,
təəssüflər olsun ki, banklardakı kreditlərdən və aldığım faizli
borclardan canımı qurtara bilmirəm. Həyat yoldaşımın adına da
kredit götürmüşdüm və ödəyə bilmədiyimdən iş artıq məhkəməyə
göndərilib.
"Vətən market"
Binanın önündə diqqətimizi çəkən bir dükan görürük. Qarşısına
belə yazılıb: "Vətən market". Qaziylə söhbət zamanı məlum olur ki,
kreditdən canını qurtarmaq üçün dükan açıb. Və burda da öz
vətənpərvərliyinə sadiq qalaraq adını "Vətən market" qoyub. Amma bu
da qazini kredit borcundan xilas edə bilmir. Satıcıları onu
aldadaraq qaziyə maddi cəhətdən ziyan vururlar.
Bankdan gələn zəngdən ürəyim qırılır
Bunu da ürək ağrısıyla danışır keçmiş döyüşçü:
"Hər dəfə evə zəng gələndə aləm bir-birinə dəyir. Müharibədə
top, mərmi səsindən qorxmamışam, amma indi bankdan gələn telefon
zəngindən ürəyim qırılır. Maşın növbəsinə durub əlillər üçün bir
maşın vermişdilər. Onu da banka verdim".
Neçə dəfə intihar etmək istəmişəm
"Kredit borcum artıq 40 mini keçib. Qohumlarımın adına da
kreditim olduğuna görə hər dəfə onlarla da aramızda narazılıq
yaşanır. İş o yerə çatıb ki, artıq intihar etmək istəyirəm. "Bank
of Baku", "Əmrah bank", "Finka bank"a borcum yığılıb qalıb. Zaur
Həsənov özünü yandıranda bir anlıq onun yerində hiss etdim özümü.
Amma yenə övladlarım durur gözümün önündə. Dostlarım Qarabağ qazisi
Firudin Məmmədov və jurnalist Rey Kərimoğluna söz vermişəm ki, elə
hərəkət etməyəcəm. Deyiblər ki, sənə yardım etməyə
çalışacağıq".
Burdan hamıya müraciət edirəm
Sizin vasitənizlə ölkə Prezidentinə müraciət edirəm ki, mənim bu
bəladan qurtulmam üçün yardım etsinlər. Həmçinin sənətçilərimizə də
müraciət edirəm. Manaf Ağayevə və Ədalət Şükürova müraciət edirəm.
İmkan daxilində mənə maddi yardım etsinlər ki, bu dərddən
qurtulum...
***
Qazinin durumuyla bağlı Böyük Vətən Müharibəsi İctimai
Birliyiinin sədri Firudin Məmmədovla əlaqə saxladıq. Firudin
Məmmədov cavabında qazinin vəziyyətindən xəbərdar olduqlarını və
yardım üçün müəyyən yollar axtardıqlarını dedi.