Yuxarı

Mənim ərim var, sizinlə danışmağım günahdır...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qadın çoxdandı diqqətimi çəkirdi. Hər gün redaksiyaya birlikdə gəlmək üçün iş yoldaşımı gözləyəndə yaxınlıqdan keçdiyini görmüşdüm.

Burada dayandığım vaxtda nə qədər adamı müşahidə etmişdim. Sanki illərin tanışı idim hamısıyla. Müşahidələrimin nəticəsində adlarını bilmədiyim "tanışlarımın" xarakterini də müəyyənləşdirmişdim. Eləcə də bu xanımın. Geyimi, ətrafa diqqət kəsilərək yeriməsi onun qəribliyindən xəbər verirdi. İçimdən onu saxlayıb söhbət etmək keçirdi. Qəribçiliyin onun çöhrəsinə saldığı qəribə bir ifadə də vardı...

Salam qardaş

Onunla söhbət etmək, hansı rüzgarın onu bizim tərəflərə atdığını öyrənmək marağım hər gün artırdı. Amma necə? Tanımadığın insanı söhbətə tutmağın yolunu bilsəm də, risk etmək istəmirdim. Amma bir gün o özü yaxınlaşmaqla mənə bu fürsəti yaratdı. Salam verib, "qardaş", - dedi. Duruxdu, ardını gətirə bilmədi. İngiliscə danışdı. Danışığından "klinika" sözünü tutdum. Aydın idi, xanım klinikanın yerini soruşurdu. Demək olar ki, hər gün adı çəkilən klinikanın önündən keçirdi, görünür, fikir verməyib. Əlimi uzadaraq təxminən 50 addım aralıda olan klinikanı nişan verdim. Təşəkkür edib, aralanmaq istədi. Söhbətə çəkdim.

Burda yaşamaq istəyirik

- Pakistanlısız?

Gözlərinin kədərli təbəssümü "hə" dedi.

- Çoxdandı Bakıdasız? – bu, artıq uzadılan əlin biləyindən yapışmaq idi. Sualıma qısaca "yox" dedi. Hiss etdim ki, dilimizi bilmir. Alayarımçıq bildiyim ingiliscə köməyimə çatdı və çətinliklə də olsa, danışmağa başladıq.

- Pakistanın hansı şəhərindənsiz?

- Lohar...

Adı Nuzzatmış. Yoldaşının adı isə:

- Münəvvərdır. 2013-cü ilin dekabrından Bakıdayıq. Burda yaşamaq istəyirik. Qaçqınıq. Status verilməyib hələ... gözləyirik.

Pakistanın milli geyiminin üstündən o qədər də qalın olmayan gödəkçə geyib. Başına örpək bağlayıb. Burnunun sol tərəfinə sırğa taxıb.

- Bu sırğanı bura gələndən sonra taxıbsız? – marağımı gizlədə bilməyib, soruşuram.

- Yox, Pakistanda bunu həmişə taxırlar, - gülür. - Mənim ərim var, sizinlə danışmağım günahdır, – utancaqlığı səsindən hiss olunur.

- Mənim də yoldaşım var, ancaq sizinlə söhbət etməyim heç də xəyanət sayılmır, sadəcə, bu mənim işimdir.

- Nə iş, belə iş olar?

Vəsiqəmi göstərirəm.

- Pressa? - yenə də əsmər bənizini günahkar təbəssüm bürüyür.

Onda pis olar

- Bakını bəyənmisiz yəqin?

- Bakı yaxşı şəhərdi...

- Niyə siz Bakını seçdiz? Dünya böyükdü, iri şəhərləri, iş yerləri və sair...

- Sizin birinci ledi Mehriban xanım Pakistanda məktəb tikmişdi. Sizin ölkənin zəngin olmasını bilirdik, xeyirxah olacağınızı da güman etdik və gəldik. Pakistanla Azərbaycan dost ölkədir.

- Birdən bu dost ölkə dostunun istəyi ilə sizi geri qaytardı, onda necə olar?

- Onda pis olar, biz buranı seçib, bura gəlmişik.

- Gümanınızda yanılmadız ki?

- Sizin ölkə bizim ölkədən yaxşıdır, – cavabın ikibaşlı olması məni duyuq salır...

- Yəni bu üç aya yaxın vaxtda sizin ümüdlərinizin doğrulmayacağı qənatindəsiniz?

- Martı 26-sına qədər bizə vaxt verilib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı nümayəndəliyinə müraciət etmişik. Xahiş etmişik ki, bizim qaçqınlıq statusu almağımıza rəy bildirsinlər ki, bu statusu ala bilək. Ölkəmizin bizi geri istəməsinə "yox" desinlər...

Ərim fəhləlik etsə də, ordakından yaxşı yaşayacağıq deyir

- Yəqin, sizə müvəqqəti sığınacaq verilib?

- Montində kirayədə qalırıq. Sığınacaq verilməyib.

- Necə dolanırsız... – baş barmağımla şəhadət barmağımı bir-birinə sürtürəm, söhbətin puldan getdiyini başa düşür.

- Münəvvər fəhlə işləyir. "Kubik" atır, pul gətirir... Yorulur, amma ordan gəldiyimizə sevinirik...

- Darıxırsaız Pakistandan ötrü?

- Bir oğlumuz var, adı Riyazdır. Pakistandadır. Ondan sarı darıxıram. O artıq böyükdür, biz orda yaşaya bilmirik, çətindir. Sizdə isə hər şey yaxşıdır. Ərim fəhləlik etsə də, ordakından yaxşı yaşayacağıq deyir... O mühəndisdir. Həm də bir az hökumətnən yola getmirdi...

Şəklini çəkmək istəyirəm. Əllərini üzünə qapayır:

- Yox olmaz. Pakistanda belə şey olmaz, – deyir.

- Bəs, Pakistanda burdan fərqli olaraq çox şey olmadığına görə bura gəlmisiz də, - deyirəm. Təsdiqləyir:

- Utanıram, - deyir.

İş yoldaşımın gəlməyinə hələ var. Ona görə də söhbəti uzadıram. Axır ki, gileyini eşidə bilirəm:

- Sizin adamlar bəzən mənə deyir ki, nəyə gəlmisiz bura, qayıdın geri. Deyirəm ki, oralar yaxşı olsaydı, heç gələrdikmi? Yaşayardıq da orda. Sizdən də başqa ölkələrə gedənlər var. Onları da buralar qane etməyib. Amma mənim ərim "burda yaşaya bilərik" deyir. Azadlıq var burda, bir də işi ağır olsa da, dolanmaq olar.

Pakistanı sevdiyimə görə qala bilmədim orda

- Demək, Pakistana dönmək istəmirsiz, oranı bəyənmirsiz?

- Mən oxumuş adamam, həkim işləmişəm. Pakistanı sevdiyimə görə qala bilmədim orda. Ölkəmizin pis vəziyyətdə olması ürəyimcə deyil. Heç nəyi də dəyişə bilmərik. Pakistan yaxşı ölkədir. Orda hər şey yaxşı ola bilər. Olacaq yəqin, sizdəki kimi...

Gülümsəyirəm. Onun da üzünə təbəssüm qonur.

Nuzzat xanımla söhbətimiz beləcə yekunlaşır. Onun azad yaşamaq istəyi, bir övladının gələcəyi üçün mühacir həyatına üstünlük verməsi ürəkağrıdıcı söhbət idi... Amma o ürəyi ağrıya-ağrıya olsa da, bir gün ölkəsinin zəngin və azad olacağını arzulaya-arzulaya qəriblik ömrü yaşayır...

Tarix
2014.03.06 / 15:48
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla